44 günlük Vətən müharibəsində qəhrəmanlıqları ilə ölümsüzlüyə ucalan fədailərimizi tanıtmaqda davam edirik. Bu dəfə igid şəhidimiz Yadigar Mahir oğlu Vahabovdan söz açacağıq.
Yadigar 1996-cı ilin 16 avqustunda Ağsu rayonunun Xatman kəndində anadan olub. İlk təhsilini B.Nəsirov adına Dilman kənd tam orta məktəbində alıb. 2009-cu ildə Vahabovlar ailəsi Bakıya köçür. İki il sonra yol qəzası nəticəsində Yadigar atasını itirir. 15 yaşlı yeniyetmə fəhləlik etməyə başlayır, ailənin yükünü çiyinlərinə götürür. 2017-ci ildə hərbi xidmətə yollanan Yadigar Goranboy rayonunda N saylı hərbi hissədə qulluq edir. Ona verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə komandirlərinin hörmətini qazanır.
2020-ci ilin 27 sentyabrı... 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad olunma günü gəlib çatır. Yadigar 29 sentyabrda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsindən gələn çağırış üzrə döyüşə yollanır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda döyüşlərdə şücaət göstərir. Oktyabrın 31-də Qubadlı istiqamətində düşmən minaatanının mərmisinə tuş gəlir...
Anası Şölə Vahabova qeyd edir ki, oğlu çağırış gələn gün tərəddüd etmədən döyüşə yollanıb: “Çox mərd, dürüst, namuslu uşaq idi. Harada olduğunu soruşanda yerini demirdi. Hər şeyin qaydasında olduğunu bildirir, evlə maraqlanırdı. Mənə heç nə demirdi ki, ürəyimə nəyisə gətirərəm”.
Şölə xanım deyir ki, oğlu ilə sonuncu dəfə oktyabrın 30-da əlaqə saxlayıb: “Dedi ki, ola bilsin mənə 5 gün zəng çatmasın. Narahat olmayın. Söylədim ki, Yadigar, heç olmasa, mənimlə danışarsan. Yaxşı deyib telefonu söndürdü. Bir gün sonra nə qədər gözləsək də, Yadigardan zəng gəlmədi. Demək, həmin gün günorta saatlarında oğlum şəhid olub. Beş övladım vardı: 3 qız, 2 oğlan. Deyirdim, Yadigar, bircə sən subaysan, səni də evləndirim, gözüm arxada qalmasın. Deyirdi ki, vaxt gələndə öz kəndimizdə toy edəcəyəm. Oğlumun arzuları ürəyində getdi. Yadigar məni yox, Vətəni, torpağı seçdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlərinə səbir diləyirəm”.
“Vətən çağırıbsa, getməliyəm” deyən qəhrəman şəhiddən geriyə foto, videogörüntüləri, bir də hüznlü xatirələr yadigar qalıb.
Şəhid Yadigar Vahabov noyabrın 1-də doğulduğu Xatman kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.
NURƏDDİN