Azərbaycan Dövlət Film Fondunda tanınmış kinooperator, rejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rasim İsmayılovun (1936–2004) şəxsi arxiv fondu yaradılıb.
Fonda sənətkarın 600-dən çox fotoşəkli, əlyazmaları, eskizləri, ssenariləri və s. arxiv sənədləri daxil olub.
Rasim İsmayılov “Gün keçdi”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. O, eyni zamanda, “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi”, “İşgüzar səfər”, “Sizi dünyalar qədər sevirdim”, “Tələ” və s. bədii filmlərin quruluşçu rejissorudur.
Əməkdar incəsənət xadimi Rasim İsmayılovun şəxsi arxiv fondunun yaradılması sənətkarın anadan olmasının 85 illiyinə ithaf olunub.