Yurdumuz öz əsərləri ilə sevilib-seçilən, məşhur olan bir çox sənətkarlar yetişdirmişdir. Belə şəxsiyyətlər öz həyat yolları ilə də bizi bəzən duyğulandırır, bəzən heyrətə gətirir, bəzən isə yaşadıqları qarşısında göstərdikləri yaradıcılıq əzminə alqış və təqdir hissi oyadırlar. Öz bacarığı ilə seçilən Azadənin adı da bu simaların arasında idi. Həyat ona istedad, qabiliyyət, əvəzolunmaz əsərləri yaradan əllər vermiş olsa da, təəssüf ki, Azadə öz həyatının rəsmini çəkə bilmədi...
Azadə Azad qızı Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdu. O, erkən yaşlarından sənətə maraq göstərir və atasının – tanınmış rəssam, heykəltəraş Azad Əliyevin yolunu davam etdirməyə qərar verir. 1996-cı ildə orta məktəbi bitirib, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunun Teatr-dekorasiya fakültəsinə daxil olur. İstedadı ilə hamını heyrətə gətirən gənc qız 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Qrafika fakültəsinə daxil olur. Bakalavr diplomunun müdafiəsi üçün “Lənkəran qadınları” mövzusunu seçir. Bədii cəhətdən olduqca maraqlı olan və yüksək qiymətləndirilən silsilə əsərləri ərsəyə gətirir. Uğurlarının ardı-arası kəsilməyən, daim yaradıcılıq axtarışında olan gənc rəssam “Yatmış qadın”, “Qadın fiquru”, “Çiçək”, “Abşeronlu kişi”, “Dövlət iqamətgahı”, “Mənzərə”, “İçərişəhər”, “İstirahət edən qadın”, “Qadınlar çay qırağında”, “Sap əyirənlər”, “Qazların dostu”, “Təndir çörəyi”, “Axşama hazırlıq”, “Zənbil toxuyanlar” və s. kimi sərgilərdə nümayiş olunan və kolleksiyalara daxil olan əsərlərin, bədii obrazlı, milli ruhda yaratdığı gəlinciklərin müəllifi olur.
Bakalavr təhsilini müvəffəqiyyətlə başa vuran gənc rəssam qəlbinin səsini dinləyərək nail olduqları ilə kifayətlənmir. 2004-cü ildə ADRA-nın Sənətşünaslıq fakültəsinin magistr pilləsinə daxil olur. Yaradıcılıq arzuları ilə dolu olan gənc qız elə həmin ildə Azərbaycan Beynəlxalq Universitetinin Rəssamlıq fakültəsində müəllim vəzifəsində çalışmağa başlayır.
Əsərlərini fərdi və müxtəlif kollektiv sərgilərdə sənətsevərlərə təqdim edən Azadə gənc həmkarları arasında öz yaradıcılığı ilə tanınır və seçilirdi. Hələ 1996-cı ildə, texnikumda təhsil aldığı zaman Əlcəzairdə “Dünya gənclərinin əl işləri” adlı sərgidə milli geyimli gəlinciklər kompozisiyası ilə çıxış etmiş, 2000-ci ildə ADRA tərəfindən təşkil olunmuş “Gənc rəssamlar” adlı sərgidə iştirak edərək diplom və mükafatlara layiq görülmüşdü. 2003-cü ildə Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsinə üzv qəbul edilmiş, 2004-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında dekorasiya rəssamı kimi də özünü sınamışdı.
Onu tanıyan hər kəs, tələbə yoldaşları, müəllimləri necə mehriban, xeyirxah, qayğıkeş, gözəl qəlbli və istedadlı olmasından indi də ağızdolusu bəhs edir. Məhz bu xüsusiyyətlərinə görə böyük bir rəğbət qazanmışdı. Kiçik ömrünə olduqca əhatəli və hərtərəfli yaradıcılıq uğurları sığdırdı bu gənc qız. Ömür vəfa edib tale aman versəydi, uğurlu bir sənətşünas da olacaqdı.
Yaradıcılığı ilə həm sənətsevərləri valeh edib, həm də digər gənc rəssamların ilham mənbəyi olmağı bacaran Azadə nakam həyatı ilə də hər kəsi hüznə boğdu. Gənc yaşında ağır xəstəliyə tutuldu, amma xəstəlik qarşısında sınmadı. O, ömrünün ən gözəl çağında ikən, 24 yaşında həyatın yaşatdığı hüznə əyilmədən dünyadan köçdü.
Şairə Rəna Mirzəyeva onun nakam həyatından bəhs edən “Gedirəm” adlı şeir yazdı. Nəticədə Hikmət Mirməmmədlinin bəstələdiyi və Röyanın ifasında eşitdiyimiz “Gedirəm” adlı mahnı yaranmış oldu.
Azadə vəfatı ilə ardında sənətsevərləri buraxsa da, həyat eşqi ilə dolu olan əsərlərini sənət aləminə bəxş edərək getdi. Biz onu heç zaman unutmayacağıq...
Ziyarət CABAROVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi