Noyabrın 30-da Özbəkistanın paytaxtı Daşkənddə IV Gənclər Teatr Forumu işə başlayıb. Forum keçmiş sovet məkanı ölkələrini – hazırda MDB üzvü olan ölkələri, sovet məkanını otuz il əvvəl tərk edən və iyirmi ilə yaxındır Avropa Birliyində yer alan Baltikyanı ölkələr, həmçinin MDB-dən də faktiki olaraq çıxan, amma yenə postsovet sənət məkanına yaxın olan Gürcüstan və Ukraynanı əhatə edir.
Dekabrın 7-dək davam edəcək forumun məqsədi bu ölkələrin gənc teatr xadimləri – rejissorlar, dramaturqlar, teatr rəssamları, teatr tənqidçiləri və s. arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqdır.
Forumda Azərbaycandan da geniş nümayəndə heyəti iştirak edir. Forumun maarifləndirici proqramında ölkəmizi təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, ustad dərsləri və təqdimatlar təşkil olunacaq.
Akademik Milli Dram Teatrı Daşkənddəki IV Gənclər Teatr Forumunda repertuarından iki – “Manqurt” (Çingiz Aytmatov; rejissoru İzamə Babayeva) və “Bir, iki – bizimki!” (Kamal Abdulla; quruluşçu rejissoru Əlif Cahangirli) tamaşalarını da təqdim edəcək.