Ermənistanın azərbaycanlılara məxsus irsi mənimsəməsi ilə bağlı hesabat hazırlanıb

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində otuz il düşmən tərəfindən 22 muzey dağıdılaraq talan edilib. Onlardan ən böyüyü Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi olub.

Bu barədə məlumatlar Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı “Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat”da əksini tapıb.

Hesabatda qeyd olunur ki, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində nadir ağac və bitki növlərinə aid nümunələr,  mineral və daş nümunələri olan stendlər (Kəlbəcər bu baxımdan zəngin yataqlara malikdir), qədim sikkələrdən ibarət bənzərsiz kolleksiya və qədim qəbir daşlarından ibarət zəngin kolleksiya qorunub. Muzeydə ümumilikdə 13 min eksponat saxlanılıb.

Laçın rayonunda yerləşən Tarix və Diyarşünaslıq Muzeyi yerlə yeksan edilib və 5 min tarixi eksponat Ermənistana aparılıb. Muzeyin eksponatlarından olan gümüş əl çantası Londonda “Sotheby`s” auksionunda 80 min ABŞ dollarına satılıb.

Ağdam şəhərində 4 muzey olub. Onlardan ən unikalı Ağdam Çörək Muzeyi idi. Bu, Sovet İttifaqında yeganə, dünyada isə ikinci belə muzey olub. Muzeydə qədim əldəyirmanı, rəndə, qablar və digər məişət vasitələri ilə yanaşı, eramızdan əvvəl VII əsrə aid kömürləşmiş buğda dənələri qorunub. Bütün şəhərlə birlikdə bu muzey də dağıdılıb və talan edilib.

3 mindən çox eksponatın saxlanıldığı Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi və 6 mindən çox eksponatı olmuş Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi də işğal olunmuş ərazilərdə talan edilən muzeylər sırasındadır. Füzuli və Cəbrayıl rayonlarındakı tarix-diyarşünaslıq muzeyləri də erməni vandalizminin qurbanı olub.

Hesabatda qeyd olunur ki, Şuşa şəhərində 8 muzey dağıdılaraq yerlə yeksan edilib. Mədəniyyət abidələrinin dağıdılması və talan edilməsi ilə yanaşı, onların eksponatları müxtəlif ölkələrdə satışa çıxarılıb. Şuşa şəhəri işğal olunandan sonra şairə Xurşudbanu Natəvan, məşhur xanəndə Bülbül və dahi bəstəkar Üzeyir Hacıbəylinin bürünc büstlərinin metal kimi Gürcüstanda satılması planlaşdırılıb və Azərbaycan hökuməti buna mane olaraq büstləri geri alıb. Şuşa şəhərinin azad edilməsindən sonra bu abidələr doğma şəhərə qaytarılıb. Diqqətə çatdırılır ki, Qarabağda azərbaycanlılara məxsus mədəniyyət abidələrinin talan edilməsi və mənimsənilməsi işğalın son günlərinədək davam edib. 2020-ci il noyabrın 1-də Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçaların 2021-ci il fevralın 15-də Yerevandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda sərgisi açılıb. Ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, onlardan 71-i həmin sərgidə nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın 350 yaşı var.