Kinoya gəlmək, bu qəliz, mürəkkəb sənətdə çalışmaq istedadla yanaşı böyük zəhmət tələb edir. Uzun illər sənətin müxtəlif sahələrində (aktyor, film direktoru, rejissor assistenti fəaliyyət göstərən, çalışqanlığına görə həmkarlarının, istedadına  görə tamaşaçının rəğbətini qazanan Tələt Rəhmanov da milli kinomuzun sevilən simalarındandır. 

Kino çoxlarının həyat şərtlərini nizama salan yaşam mənbəyidir. Tələt Rəhmanovu da bu sənətə həyat yolunun dolanbac cığırları, qarşılaşdığı müəyyən çətinliklər gətirib. Bacarıqlı kino işçisi kimi o, ömrünün sonuna kimi sevərək sarıldığı məsləyinə sadiq qalıb, “Azərbaycanfilm” kinostudiyasını ikinci evi bilib. 

Tələt Rəhmanovun adı çəkiləndə ilk növbədə baməzə, komik rollarını xatırlayır, bəzən heyrətdən, bəzən təəccübdən, bəzən də maraq və sevincdən böyümüş gözlərini, gurultulu səsini, özünəməxsus ifa tərzi ilə canlandırdığı xarakterik obrazları göz önünə gətiririk. Kiçikplanlı və epizod rolları çərçivəsində sənət bilgisini agah edən sənətkarın anadan olmasının 90-cı ildönümü (1931–1995) ərəfəsində həyat yoluna, sənət dünyasına qısa nəzər salırıq.

 

Qısa arayış

 

Tələt Əliağa oğlu Rəhmanov 1931-ci il dekabrın 12-də Bakıda, İçərişəhərdə dünyaya gəlib. Ailələrində üç övlad (iki oğlan, bir qız) böyüyüb. Kiçik yaşlarından ataları repressiya qurbanı olub, uşaqlar analarının himayəsində qalıb. Orta məktəbi bitirən Tələt Rəhmanov indiki Neft və Sənaye Universitetinə qəbul olunub. Lakin atası “xalq düşməni” adlandırıldığından ali təhsil ocağını tezliklə tərk etməli olub, bir müddət sonra  sənədlərini Teatr Texnikumuna verib. Daha sonra kinostudiyada çalışmağa başlayıb, 60-dan çox filmdə müxtəlif xarakterli irili-xırdalı rolda çəkilib. Ekran personajlarının çoxu epizod olsa da, özünəməxsus ifa manerasına, fərdi yaradıcılıq üslubuna görə rollarını xarakterik, dolğun yaratmağa müvəffəq olub. Filmlərdə çəkilməklə yanaşı tədricən film direktoru, rejissor assistenti kimi də çalışıb.

Onun müxtəlif janrlı ekran əsərlərində yaratdığı maraqlı kino obrazlarından Vəli (“Arşın mal alan”), milis işçisi (“Alma almaya bənzər”),  kənd sakini (“Əhməd haradadır?”), furqon sahibi (“Yenilməz batalyon”),  xidmətçi (“Uzaq sahillərdə”),  milis işçisi (“Sehrli xalat”), Əli (“Qayınana”), inzibatçı (“Əmək və qızılgül”), Nazlının dayısı (“Şirbalanın məhəbbəti”), ferma müdiri Bayandur  (“Kişi sözü”) və digər rolları kiçikplanlı olmasına baxmayaraq, filmin ideya məzmununu tamamlayan, hadisələrin axıcılığına rəvac verən personajlardır.

“Mozalan” satirik kinosüjetlərində də maraqlı obrazlar yaradan aktyor komik situasiyaları realist səpkidə çatdırıb, hadisələrin mahiyyətini özünəməxsus ştrixlərlə  obrazların təfsirində dolğun və inandırıcı yaradıb. Bir neçə bədii filmdə kino obrazlarını (“Yol əhvalatı”nda elçi gələn, “Şeytan göz qabağında” filmində bazar müdiri və s.) ustalıqla səsləndirib. “Nizami”, “Babək”, “Qatır Məmməd”, “Təxribat”, “Xüsusi vəziyyət”  və digər ekran əsərlərində film direktoru kimi çalışıb, filmlərin ərsəyə gəlməsində biliyini,  bacarığını əsirgəməyib.

 

Sənətkar haqqında düşüncələr

 

Tələt Rəhmanov istər “Mozalan” satirik kinojurnalına çəkildiyi süjetlərdə, istərsə də bədii filmlərdə oynadığı (əsasən komik) rollarına uyğun olaraq janrın tələbinə cavab verən bir sənətkar kimi səciyyəvi cəhətləri ilə müxtəlif dövrlərin ab-havasını yaradıb, nikbin əhval-ruhiyyəsini personajlara yansıdıb, baməzə rolların gülünc, gülüşdoğuran cəhətlərini incə, koloritli çalarlarla göstərib.  

Əməkdar incəsənət xadimi, kinorejissor Cahangir Mehdiyevin söylədikləri aktyor haqqındakı təsəvvürümüzü daha da genişləndirir: “Tələt Rəhmanov quruluş verdiyim “Kişi sözü”, “Girişmə, öldürər!”, “Gənc qadının kişisi” filmlərində çalışıb. Ona rol həvalə edəndə obrazın xarakterini olduqca emosional çatdırırdı və çox vaxt da bunu həddən ziyadə büruzə verirdi. Hər çəkiliş zamanı rola bir az səthi yanaş deyirdim. Sakit şəkildə rolu oynayanda isə ondan istədiyim mizanı ala bilirdim, ifası da yaxşı alınırdı. Çox pozitiv insan idi. Adi əhvalatı o qədər şirin, həvəslə  danışırdı ki, maraqla dinləməyə bilmirdin. Şəxsiyyəti ilə sənəti vəhdət təşkil edirdi.

“Gənc qadının kişisi” filminin müəyyən epizodlarının çəkilişi üçün İsveçrəyə iki dəfə (yay və qış fəslində) getməli olduq. Birinci dəfə bizimlə getdi, ikinci dəfə səfərə çıxanda  getmədi. Həmişə deyib-gülən, gəzməyi sevən adamın səfərdən imtina etməsinə təəccübləndim. Səbəbini soruşanda dedi ki, özümü pis hiss edirəm. Əməliyyat olunmuşdu deyə artıq uzaq səfərə çıxmağa ehtiyat edirdi”. 

Əməkdar mədəniyyət işçisi, bir çox filmdə ikinci rejissor, film direktoru kimi çalışmış Akif  Rüstəmov həmkarını böyük hörmətlə yad etdi: “Mən kinostudiyaya gələndə Tələt artıq orda işləyirdi. Yaraşıqlı, mehriban insan idi. Sonradan onunla bir çox filmdə, əsasən də kinorejissor Eldar Quliyevin filmlərində bir yerdə işlədik. O, filmlərin direktoru, mən isə ikinci rejissoru idim. Tofiq Tağızadə, Eldar Quliyevlə qardaş kimi idi. Kinorejissorlar onun xətrini çox istəyirdilər.

Tələt Rəhmanov filmlərə çəkilməyi çox sevirdi. Yadımdadır, hər dəfə Eldar müəllimlə işləyəndə çəkilmək istədiyini bildirirdi. Eldar müəllim də “Tələt bilirəm ki, filmdə çəkilməyi sevirsən. Amma səni çəkməyəcəm. Çox yaxşı film direktorusan. Elə öz işinin öhdəsindən gəlməyin yetər” deyirdi.

Ümumiyyətlə, Tələt ürəyəyatımlı insan idi. “Babək” filminin rus dilində səs yazılışını reallaşdırmaq üçün iki ay müddətində Tələtlə birlikdə Moskva şəhərinə ezam olunduq (Babək obrazını Rusiyanın Xalq artisti Vladimir Vasilyeviç Drujnikov səsləndirirdi). Tələt o qədər ünsiyyətcil insan idi ki, artıq ikinci günü onu tanıyır, “Mosfilm”in dəhlizlərində onunla salamlaşırdılar. İclaslarda o iştirak edirdi. Onunla razılaşır, film üçün nə lazım olurdusa (studiya, rekvizit, əlbəsə və s.) rahatlıqla verirdilər.

“Nizami” filmi “Azərbaycanfilm” və “Mosfilm” kinostudiyalarının birgə istehsalıdır. Filmin çəkilişləri üçün iki ay, rus dilində səsləndirilməsi üçünsə bir ay müddətində Moskvada olduq. Nizami obrazını (rus dilində) Rusiyanın Xalq artisti Vyaçeslav Tixonov səsləndirdi. Bakıya qayıtdıqdan sonra məlum oldu ki, səsyazmanın müəyyən hissəsində qüsur var. Tixonovla danışdıq, həmin hissəni yenidən yazmaq üçün Moskvaya getdik. Tixonov böyük məmnuniyyətlə studiyaya gəldi, özünə aid olan hissəni səsləndirdi. Həmin vaxtlarda hər bir aktyorun tituluna uyğun qonorar verilirdi. Tixonov səsləndirməni təkrar etdiyi üçün əlavə olunan məbləği ona təqdim etdik. O isə üzünü Tələtə tutub “Bu pul mənə lazım deyil. Xahiş edirəm, bu pula filmin heyətini qonaq edərsiniz” dedi və pulu götürmədi.

Müslümün də Tələtə böyük hörməti vardı. Tələt həmişə “Məni ikinci dəfə həyata Müslüm qaytarıb” deyirdi. Tələtin mədə xəstəliyi vardı. Moskvada olanda onun sancıları  çoxaldı. Onda Müslüm Tələti Moskvada ən yaxşı xəstəxanalardan birinə yerləşdirdi. Tələt həmin xəstəxanada əməliyyat olundu. O, həmişə Müslümdən minnətdarlıq hissi ilə danışırdı.   

Müslüm Maqomayevlə Eldar Quliyev dost idilər. Müslüm Bakıya gələndə onu çox  qonaq çağırırdılar. O isə hər çağırılan yerə getməzdi. Amma Eldar müəllimgilə mütləq gedərdi. Bir dəfə Tələt Müslümü evinə qonaq çağırdı. Həmin vaxtlarda beşmərtəbəli binalarda lift yox idi. Amma Müslüm Tələtin təklifini qəbul etdi. Eldar müəllim, Müslüm Maqomayev, Rusiyanın Xalq artisti İrina Alfyorova və mən Tələtgilə getdik. Çox gözəl süfrə açmışdılar. Həyat yoldaşı Mina xanım çox qabiliyyətli xanım idi. Dadlı xörəklər, mürəbbələr bişirmişdi. Arfyorovaya da həmin mürəbbələrdən hədiyyə etdi. Tələt ailəsini çox sevirdi. Mina xanımla çox mehriban münasibətləri vardı. Ümumiyyətlə, Tələt olan yerdə həmişə ruh yüksəkliyi, sevinc olurdu”.

“Azərbaycanfilm” Kinostudiyasında uzun illər icraçı prodüser kimi çalışan Arif Səfərovun xatirələrinə nəzər salaq: “Tələt müəllimlə yaxın dost idik. Çox zarafatcıl, mehriban insan idi. Ailəsini çox sevirdi, çox hörmət edirdi. Gülnarə adında bir qızı vardı. Kinostudiyada fotoqraf işləyən Natiq adlı bir oğlana ailə qurdu. Onların bu izdivacdan üç  övladl (iki oğlan, bir qız) dünyaya gəldi.  

“Qaynana” filminin çəkilişləri zamanı Nəsibə xanım Seyidzadədən xahiş etdi ki, Əli roluna oğlu Cahangir Novruzov çəkilsin. Seyidzadə razılaşmadı. Bu rol üçün hələ heç kimi nəzərdə tutmamışdı. Amma Tələt çox istəyirdi ki, bu rolu oynasın. O, doğurdan da qardaşoğlu roluna çox uyğun gəlirdi. Mən də Hüseyn müəllimə Tələtin bu rolu yaxşı oynaya biləcəyini söyləyirdim. Doğrudan da, o, Əli obrazını dolğun, inandırıcı oynadı. Ümumiyyətlə, Tələt olduğu hər yerdə xoş abu-hava yaradırdı”.

Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov yaxın dostunu kövrək hisslərlə xatırladı: “Azərbaycan kinosunu Tələt Rəhmanovsuz təsəvvür etmək mümkün deyil. Onunla dost, həm də həmkar idik. İstedadlı aktyor, bacarıqlı film təşkilatçısı idi. Aktyor kimi əksər hallarda epizodda çəkilirdi. Amma çəkildiyi epizod mütləq yığcam və anlaşıqlı olurdu. Film direktoru olanda da hər şey qaydasında olmalı idi.

Onunla bir sıra filmlərdə işləmişəm. Təşkilati məsələləri çətin olan filmlərdən biri də “Xüsusi vəziyyət” filmidir. Bu filmin operatoru idim, Tələt isə film direktoru idi. Filmlə bağlı Moskvada, Sankt-Peterburqda ezamiyyətdə olduq. Çox yaxşı yoldaşlığı da vardı. Həmişə də mənə “qədeş” deyirdi. Filmin natura çəkilişlərinin bir çoxu Daşkəsəndə aparılıb. İki aya yaxın Daşkəsəndə filiz kombinatında çəkilişlər etdik. Tələt bütün işləri anındaca həll edirdi, heç bir problem yaranmırdı.

Onunla bağlı xoş təəssüratlarım çoxdur. İkinci nəvəsi dünyaya gələndə adını Kənan qoydu. Doğum günündə məni də ailəvi qonaq çağırmışdı. Getdik. Çox gözəl süfrə açmışdılar. Həmin məclisdəki ünsiyyətini heç vaxt yadımdan çıxarmaram. Yoldaş kimi çox yaxşı yoldaş, məzəli, zarafatcıl insan idi. Heyf ki, ürəyi onu çox incidirdi. Elə ürəyindən də bu dünyadan köçdü. Allah ona rəhmət eləsin”.

Şəhla ƏMİRLİ
kinoşünas