Tofiq Bakıxanovun 90 illiyinə həsr olunan festival çərçivəsində elmi konfrans

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr edilən musiqi festivalı keçirildi. 1-8 dekabr tarixini əhatə edən festival çərçivəsində bəstəkarın zəngin yaradıcılığını müxtəlif yönlərdən təqdim edən konsert və tədbirlər gerçəkləşdi.

Dekabrın 7-də Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda keçirilən elmi konfrans da festivalın yaddaqalan tədbirlərindən oldu.

İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş festivaldan danışdı. Qeyd etdi ki, Tofiq müəllim milli tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimi bəxş etmiş nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan incəsənətinə əvəzsiz töhfələr verib: “Tofiq Bakıxanovun yaradıcılığı bənzərsizdir. O, professional bir sənətkar kimi musiqinin müxtəlif janrlarına müraciət edib, bir-birindən gözəl əsərlər yaradıb. İnsanların ruhunu oxşayan ecazkar əsərləri insanlar, xalqlar və ölkələr arasında dostluğu, qardaşlığı və sülhü təbliğ edib. Bəstəkar rus, gürcü, özbək, qazax şairlərinin əsərlərinə onlarca musiqi yazıb. Görkəmli sənətkarın bəstələri Azərbaycanla yanaşı, bir çox ölkələrdə də böyük maraqla dinlənilir”.

Firəngiz Əlizadə çıxışının sonunda Tofiq Bakıxanova yubileyi münasibətilə təbriklərini çatdırdı və Bəstəkarlar İttifaqının fəxri diplomunu sənətkara təqdim etdi.

ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Tofiq Bakıxanovun simfonik musiqisi” mövzusunda çıxışında diqqətə çatdırdı ki, bəstəkarın sənətkarlığı kamillik zirvəsindədir. O, bu gün musiqi ictimaiyyətində  bənzərsiz əsərləri ilə musiqi mədəniyyətimizin inkişafına xidmət edən bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, gözəl pedaqoq, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi və fəal ictimai xadim kimi tanınır.

Bildirildi ki, Azərbaycan musiqisində viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq Tofiq Bakıxanov müraciət edib. Eyni zamanda üç musiqili komediya, üç balet, bir sıra mahnı və romanslar bəstələyib. Bəstəkarın yaradıcılıq irsində 6 simfoniya, 5 simfonik muğam, 5 simfonik poema, simfonik süita, uvertüra və s. əsərlər də xüsusi yer tutur.

Konfransda daha sonra Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə İmanovanın “Tofiq Bakıxanovun balet yaradıcılığı”, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Telman Hacıyevin “Tofiq Bakıxanovun fleyta üçün yazılmış əsərlərinə bir nəzər” və Nərgiz Qulamovanın “Tofiq Bakıxanovun yaradıcılıq irsi” mövzusunda məruzələri dinlənildi.

Məruzələrdə bildirildi ki, 8 dekabr 1930-cu ildə Bakıda görkəmli tarzən-pedaqoq Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanov erkən çağlardan musiqiyə maraq göstərib. Skripka aləti üzrə təhsil alıb. Çalışqanlığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini çəkib. Onun xeyir-duası ilə böyük sənətə qədəm qoyub. Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Yaradıcılıq fəaliyyəti dövründə onun ənənələrini ləyaqətlə davam etdirib. Müxtəlif janrlı, rəngarəng məzmunlu əsərlərini ifaçılar repertuarlarına daxil edib. Onun əsərləri ölkəmizin hüdudlarından kənarda da (Fransa, Rusiya, Türkiyə, İran və s.) teatr və konsert salonlarının bəzəyi olub.

Sonda yubilyar bəstəkar çıxış edərək tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Tədbirdə Tofiq Bakıxanovun “Violin ilə orkestr üçün 1 saylı konsert”inin yeni çap olunmuş not nəşri (klavir) təqdim edildi. Eyni zamanda həmin əsərin müəllifin ifasında (fortepiano partiyası - Yelena Mustafayeva) AzTV-nin fondunda saxlanılan lent yazısı səsləndirildi.

Savalan FƏRƏCOV