“Sədərək” firması şəhid Nəcməddin Sarkayevin xatirəsini əbədiləşdirib

 

Nəcməddin Sarkayev 1999-cu ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdu. 2017-ci ildə doğma kənddə şəhid N.Davudov adına 1 saylı tam orta məktəbi bitirmişdi. Həqiqi hərbi xidməti Tərtər rayonunda keçmişdi. 2019-cu ildə əsgərlikdən qayıtdıqdan sonra “Sədərək” Ticarət Mərkəzinin mühafizə olunması işini həyata keçirən “Sabit Mühafizə Xidməti” MMC-də işə qəbul olunmuşdu. Qısa müddətdə səmimiyyəti, mehribanlığı və işgüzarlığına görə kollektivin hörmətini qazanmışdı.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda o da vətənpərvər gənc kimi  könüllü olaraq cəbhəyə yola düşdü. Müharibənin od-alovundan keçdi. Döyüşlərin birində yaralandı. Müalicəsi bitər-bitməz yenidən cəbhəyə, döyüş yoldaşlarının yanına yollandı. Noyabrın 6-da Suqovuşan istiqamətində döyüşdə qəhrəmancasına həlak oldu. Doğulduğu Balakən rayonuna şəhid kimi qayıtdı...

İndi isə o, vaxtilə bir yerdə çalışdığı kollektivdəki dostlarının yanına qayıdıb. Məğrur görkəmdə, tunc geyimdə...

Dekabrın 8-də “Sədərək” Ticarət Mərkəzində Vətən müharibəsi şəhidi Nəcməddin Əli oğlu Sarkayevin büstünün açılış mərasimi keçirilib. Tədbirdə “Sədərək” firmasının rəhbərliyi, rəsmilər, millət vəkilləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Büst “Sədərək” firmasının inzibati işçiləri, ticarət mərkəzində çalışan sahibkarlar, sahibkarları özündə birləşdirən “Sədərək” Xeyriyyə Cəmiyyətinin üzvləri və Nəcməddin Sarkayevin vaxtilə əməkdaşı olduğu “Sabit Mühafizə Xidməti” MMC-nin rəhbər heyəti tərəfindən ianə olunan vəsait hesabına hazırlanaraq ucaldılıb.

Qeyd edək ki, “Sədərək” firmasının 50 nəfər əməkdaşı Vətən müharibəsində könüllü şəkildə iştirak edib, onlardan 4 nəfər şəhid olub. Firma Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizə yardım, müharibədən sonra şəhid ailələrinə, qazilərə maddi-mənəvi dəstək göstərib və bu diqqət və qayğı davam edir. Ticarət mərkəzinin ərazisində “Şəhid bağı” salınıb. Firmanın direktor müavini, “Sədərək” Xeyriyyə Cəmiyyətinin sədri Ənvər Qədimov təşəbbüs irəli sürüb  ki, bağda Vətən müharibəsinin hər şəhidinin adına bir ağac əkilsin. “Sədərək” Xeyriyyə Cəmiyyətinin sədri, həmçinin bağın ərazisinin daha da genişləndirilməsi təşəbbüsünü irəli sürərək lazım olan hər cür dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.

Mərasimdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov bildirib ki, Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir. Bildirib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, Azərbaycan Ordusunun şücaəti sayəsində əldə olunan bu Qələbə eyni zamanda ölkəmizdəki birlik və həmrəyliyin təcəssümüdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Vurğulayıb ki, şəhid Nəcməddin Sarkayevin vaxtilə çalışdığı “Sabit Mühafizə Xidməti” MMC-nin inzibati binasının həyətində büstünün ucaldılması, xatirəsinin əbədiləşdirilməsi gənclərimiz üçün örnək olan ömür yolunun, vətənpərvərlik nümunəsinin təbliğidir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, bu gün biz şəhid Nəcməddin Sarkayev kimi igidlərin sayəsində Vətən müharibəsi haqqında qürurla danışırıq. Dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəmanlar yetirən xalqdır.

Millət vəkili Fazil Mustafa bildirib ki, minlərlə Azərbaycan övladı Vətən uğrunda canından keçib: “Şəhidlərimiz hansı bölgədən, hansı rayondan və kənddən olmağından asılı olmayaraq hamımızın əzizi, dəyərlisi oldular. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

Mərasimdə daha sonra ticarət mərkəzində çalışan sahibkarlardan Murad Əliyev, Rahib Məmmədov və başqaları çıxış ediblər.

Şəhid Nəcməddin Sarkayevin anası Tinay Sarkayeva çıxış edərək göstərilən diqqət və qayğıya görə firmanın rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra büstün üzərindən ağ örtük götürülüb. Abidə önünə əklillər qoyulub, tər gül-çiçək dəstələri düzülüb.

Ticarət mərkəzinin yaxınlığında salınan “Şəhid bağı”nın girişində Vətən müharibəsi şəhidlərinin portretləri vurulmuş “Biz sizlərlə qürur duyuruq!” fotostendinin təqdimatı olub. “Şəhid bağı”nda ağaclar əkilib. Sonda “Şah” hoteldə ehsan süfrəsi açılıb.

Qeyd edək ki, şəhid Nəcməddin Sarkayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.