Operanın növbəti nümayişi müəllifin 100 illiyinə həsr olunub
Dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, Xalq artisti, professor Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasının tamaşası nümayiş olunub. Tamaşa bəstəkarın 100 illiyinə həsr edilib.
“Xanəndənin taleyi” operasını C.Cahangirov 1978-ci ildə yazıb. Opera XX əsrin əvvəllərində şöhrətin zirvəsində ikən Avropaya mühacirət edən və həyatının sonuna kimi vətən həsrəti ilə yaşayıb dünyasını dəyişən xanəndə Mir Səidin faciəvi taleyindən bəhs edir.
Mir Səid rolunu Əməkdar artist İlkin Əhmədov ifa edib. Digər rollarda teatrın aparıcı solistləri – Əməkdar artistlər Afaq Abbasova (Xanım), Əliəhməd İbrahimov (Rəşid bəy), Səbinə Vahabzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Tural Ağasıyev (Aşur bəy), solistlər Fəhmin Əhmədli (Qasım), Mahir Tağızadə (Məmməd) və Rza Xosrovzadə (Əsədulla bəy) çıxış ediblər.
Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.