Bakı Bələdiyyə Teatrının “Nizami Gəncəvi İli”nə töhfəsi
Bakı Bələdiyyə Teatrı “Nizami Gəncəvi İli” münasibətilə hazırladığı “Sonsuz Tanrı məhəbbəti” tamaşasını təqdim edib. Premyera dekabrın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilib.
Teatrdan bildirilib ki, ölkə başçısının sərəncamı ilə elan olunan “Nizami Gəncəvi İli” çərçivəsində Bakı Bələdiyyə Teatrı da dahi şairin irsinə müraciət edib. “Xəmsə” əsasında hazırlanan “Sonsuz Tanrı məhəbbəti” tamaşasının səhnələşdirəni və quruluş müəllifi görkəmli rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Əsgərov, musiqi hissə müdiri Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir.
Təqdimatdan öncə nizamişünas Təhminə Bədəlova və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış ediblər.
Sonra tamaşa nümayiş olunub. Tamaşaçı salonu Nizami dühasının işığına sığınıb.
Rolları Əməkdar artistlər Səmayə Sadıqova, Əhməd Salahov, Şaxzadə Babayeva, Rafiq İbrahimov, Hüsniyyə Mürvətova, aktyorlar Tural Əhməd, Tural Baxış, Zülfiyyə Məmmədova, İsmayıl Atakişiyev, Məmmədağa Əlicanzadə və başqaları canlandırıblar.