“Kontrabas” müasir alman yazıçısı, dramaturq və ssenaristi Patrik Züskindin ən məşhur əsərlərindəndir. Özünü dramaturgiyada sınayan müəllifə şöhrət gətirən və sonrakı uğurlu əsərlərinə yol açan bu nümunə dünyanın bir sıra teatrlarında fərqli quruluşlarda  səhnə həllini tapıb.

Dövlət musiqi orkestrinin 35 yaşlı kontrabasçısının öz həyatından, uşaqlığından, gizli sevgisindən, qayğılarından, ağrılarından, miskin arzularından danışdığı bu əsər, həyatına əl gəzdirməyə gücü çatmayıb bütün ağırlığını kontrabasın üstünə “yıxan” bir musiqiçinin yox, ümumən insanın, insanlığın monoloqudur da deyə bilərik.

Özünü çox tənha və bədbəxt hiss edən, gizlinlərinin içində çapalayan və həyat faciəsini təkbaşına yaşamağa məhkum olan musiqiçinin monodramı Azərbaycan səhnəsindən də keçib. Əməkdar artist Şövqi Hüseynov özünəməxsus oyun üslubunda “Kontrabas”ı  səhnədən səhnəyə, festivaldan festivala daşıyıb, mükafatlar qazanıb.

20 ildən artıqdır Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan bu əsərin səhnə quruluşuna müstəqil “Şah Mat” teatrında baxdım. Dekabrın 11-də teatrda “Kontrabas” pyesi əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası oldu.

Teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi bu “Kontrabas”ın ifaçısı gənc aktyor Fərid Vəliyev idi. Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Şükür Babayevdir.

Kubizm (kiçik kublar) yanaşması ilə qurulan tamaşada əsas mövzu kontrabasçı və onun peşəsinə sevgisidir. Tamaşaçı rejissorun müşayiəti ilə digər kiçik kubları da bir araya gətirərək xəyali kontrabas və onun ifaçısının şəklini “çəkir”. Gənc aktyor mövzunun ağırlığına, ideyanın çoxqatlığına təslim olmadan mizandan irəli gələn fiziki və mənəvi yükünü eyni zamanda tamaşaçıya ötürməyə çalışır. Biz təzadlar içində qıvrılan musiqiçinin gah böyük əziyyətlə birləşdirdiyi kontrabasına sevgisinə, bağlılığına tamaşa edir, gah da onu yerə çırpıb parçalamaq istəyinə təəssüflənirik.

Rejissorun laqeyd, eqoist, küskün, bir az da hökmran cəmiyyətə bənzətdiyi orkestr ilə onun üzvü olmaq üçün hansısa alətdə çalmağa məhkum insanın asılılığını göstərməyə çalışdığı tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı.

HƏMİDƏ