Şəhid qəhrəmanın fotolarından ibarət sərgi

 

Dekabrın 10-da Xətai Sənət Mərkəzində Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin vaxtilə çəkdiyi fotolardan ibarət “25 an – 25 yaş” adlı sərgi keçirildi.

Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgi dekabrın 13-dək davam edib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

AFB İdarə heyətinin sədri Mirnaib Həsənoğlu sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgi “Biz sizə borcluyuq” kampaniyası çərçivəsində keçirilir: “Elnur bu şəkilləri vaxtilə çəkərək öz “Facebook” sosial şəbəkə səhifəsində yerləşdirib. Biz həmin şəkilləri sosial şəbəkədən toplayaraq “25 an-25 yaş” adı ilə sərgisini təşkil etmişik”.

M.Həsənoğlu söylədi ki, Elnur Vətən müharibəsi başlayana qədər səs rejissoru kimi fəaliyyət göstərib. O, “Barama”, “Atılmışlar” serialları, “Son iclas” sənədli-bədii filmi, çoxsaylı maraq doğuran reklamların səs rejissoru olub. “Picmus production”un əməkdaşı olan Elnur “Bozbash pictures”lə də çalışıb. “Simurq” serialı Elnurun şəhadətindən sonra onun əziz xatirəsinə ithaf olunub. “Bütün bunlarla yanaşı, Elnurun bir foto dünyası olub. O, gördüklərini çəkərək sosial şəbəkələrdə paylaşıb. Vətən müharibəsi başlanmazdan qabaq Elnurun artıq peşəkar fotoqrafiyaya keçmək planları var idi. Lakin onun bu arzusu həyata keçmədi. Allah Elnura və bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə AFB-nin rəhbəri bildirdi.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Elnurun valideynlərinə xatirə banneri hədiyyə etdi.

Daha sonra şəhidin valideynləri Əli Həsənov və Süsən Həsənova çıxış edərək Elnurun xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdilər.

Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Elnur Allahverdizadə 1995-ci il mayın 15-də Sumqayıt şəhərində anadan olub. İlk təhsilini Sumqayıt şəhəri 41 saylı tam orta məktəbdə alıb. 2016-ci ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib, hərbi xidmətə gedib. Vətən müharibəsi başlayandan iki gün sonra döyüşə yollanıb. Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Noyabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində düşmənin açdığı top atəşi nəticəsində şəhid olub.

Noyabrın 8-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

NURƏDDİN