Uğurlu yaradıcılıq fəaliyyəti ilə mədəniyyət xəzinəmizə töhfələr verən sənətkarlardan biri də Əməkdar incəsənət xadimi Sadıq Şərifzadə olub. Görkəmli sənətkar təsviri sənətin süjetli tablo, portret və mənzərə janrlarında bir-birindən maraqlı əsərlər yaradıb.

Sadıq Hüseyn oğlu Şərifzadə 5 dekabr 1912-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya göz açıb. Bir müddətdən sonra ailəsi Bakı şəhərinə köçür. Sadıq erkən çağlardan təsviri sənətə maraq göstərir. Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirir. Sonra Kiyev Dövlət Rəssamlıq İnstitutuna qəbul olunur. Burada görkəmli sənət ustaları Volokdni, Traximenko və Qriqoryevdən sənətin sirlərini öyrənir. Sonra öz xahişi ilə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna dəyişilir. Bir il burada oxuyur, institutun 5-ci kursunda ikən Bakıya dönür. On ildən artıq fasiləsiz yaradıcılıq fəaliyyəti göstərir.

Dəzgah rəngkarlığının süjetli tablo, portret və mənzərə janrlarında sənət əsərləri yaradan Sadıq Şərifzadə əsasən tarixi və ədəbi mövzulara üstünlük verir. Müəllifin süjetli tablo janrında “Üzüm yığımı”, “Aşıqların deyişməsi”, “Sevinc”, “Abşeron bağlarında”, “Bahar bayramı. Novruz”, “Analıq” və s. əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanır. Rəssamın yaradıcılığında zəhmətkeş qadın, ana obrazı aparıcı yer tutur. Bu mənada onun yüksək peşəkarlıqla yaratdığı “Sevinc”, “Analıq” əsərlərini qeyd etmək olar.

Sənətkarın süjetli tablolarında milli adət-ənənə və etnoqrafik dəyərlərimiz öz əksini tapıb. “Bahar bayramı. Novruz” əsəri böyük coşqu və atəşfəşanlıqla keçirdiyimiz Novruz bayramının təsvirinə həsr edilib.

Sadıq Şərifzadə eyni zamanda diqqətçəkən portretlər qalereyası da yaradıb. Buna misal olaraq onun “Babəkin portreti”, “Nəiminin portreti”, “Sabir Balaxanıda” , “İmadəddin Nəsiminin portreti” və başqalarını göstərmək olar.

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev araşdırmasında yazır ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə Sadıq Şərifzadə elmi və ədəbi materiallar əsasında İmadəddin Nəsiminin portretini çəkir. Əsər muzeyin elmi şurasında bəyənilir. Qrafik variantı dərsliklərdə və mətbuatda dərc olunur. Ancaq şairin yeni obrazının yaradılması üçün 1969-cu ildə açıq müsabiqə elan olunur. Bir il davam edən sənət yarışmasının I turu baş tutmur. Rəssamlara tövsiyə olunur ki, ruhdan düşməsinlər. Bu istiqamətdə axtarışları davam etdirsinlər. Sonda münsiflər heyəti SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin əsərini qalib elan edir.

Sadıq Şərifzadənin çəkdiyi portret də müsabiqənin uğurlu əsərlərindən hesab olunur...

Araşdırmalarda qeyd edilir ki, rəssam ayrı-ayrı vaxtlarda Nəsiminin portretini beş dəfə çəkib. Bu da rəssamın görkəmli sənətkarın bənzərsiz yaradıcılığına vurğunluğu ilə izah edilir. Müəllif həmçinin böyük şair Məhəmməd Füzulinin surətini də kətana köçürüb. Dahi şairin yorğun duruşu, zaman və dövrdən narazı çöhrəsi seyrçini düşündürür. Rəssamın maraq doğuran əsərlərindən biri də “Molla Nəsrəddinin portreti”dir. O, böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin obrazını realist tərzdə və bədii-estetik ölçüyə uyğun şəkildə yaradıb.

Təbiət gözəllikləri S.Şərifzadənin ilham mənbəyi olub. Buna görə də görkəmli fırça ustası maraqlı mənzərə əsərləri yaradıb. Onun “Çayda barja”, “Dağ mənzərəsi. Şuşa”, “Şuşada küçə”, “Göygöl” və etüdləri tamaşaçını özünə cəlb edir.

S.Şərifzadə teatr rəssamı kimi də fəaliyyət göstərib. Abdulla Şaiqin “Fitnə”, Lope de Veqanın “Sevilya ulduzu”, İslam Səfərlinin “Göz həkimi”, Mehdi Hüseynin “Cavanşir”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Şıxəli Qurbanovun “Əcəb işə düşdük”, Mirzə İbrahimovun “Kəndçi qızı” və başqa əsərlərin tamaşalarına uğurlu səhnə tərtibatı verib. Sənətkar 1952–1960-cı illərdə “Kirpi” jurnalında da çalışıb, dərginin məqsəd və məramına uyğun bir çox satirik rəsmlər çəkib.

Yaradıcılıq uğurları yüksək qiymətləndirilən sənətkar 1959-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Sadıq Şərifzadə 2 yanvar 1986-cı ildə, 74 yaşında Bakıda vəfat edib.

S.FƏRƏCOV