“Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsi çərçivəsində şəhid övladlarının çəkdiyi rəsmrlər Türkiyədə nümayiş olunacaq.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin “Bədii qiraət”, “Təsviri incəsənət studiyası” və “Uşaq xalq rəqsləri” dərnəklərinin üzvləri dekabrın 15-dən 19-dək Türkiyənin Antalya şəhərində Demre Bələdiyyəsi tərəfindən keçirilən tədbirdə iştirak edəcək.
Səfər çərçivəsində “Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır” adlı rəqs festivalı, dərnək üzvlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriləcək, “Şəhidlərin ruhu ölməzdir” adlı videoçarx nümayiş olunacaq.
Məktəblər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təcrübə mübadiləsi aparılacaq. Həmçinin Antalya şəhərinin tarixi yerlərinə ekskursiyalar təşkil olunacaq.