Yəqin bu bənzətmədən ən çox elə doğma Lerikinin xoşu gələrdi, şəhid. Əgər o sıldırım qayaların, o vüqarlı dağların, o sal daşların bağrını yaran qar kimi soyuq şəlalələrin dili olsaydı, səni məndən də, ondan da, hamımızdan da yaxşı vəsf edərdi, ay Tərzan. Arxasını vüqarlı dağlara söykəyib Vətənini azadə və bütöv, səmasını dupduru və aydın, uşaqlarını amanda və bəxtəvər görmək istəyən və bu yolda canından sipər quran igid...
Yayda qızmar asfaltdan qaçıb sığındığım səfalı Lerikdə sakinlər bir bilsən səni necə vəsf etdilər. Elə bil özlərini keçilməz dağların arxasına, sıx meşələrin dərinliklərinə “həbs” etmiş bu adamlar, xüsusən yanağında qışın sazağının, yayın qızmarının allığını saxlamış həmkəndlilərin, adınla öz qədimliyinə və əzəmətinə yenidən varmış Bibihoni kəndi sakinləri səni təsvir üçün söz yarışına girirlər.
Taleyin işinə bax, uca-uca dağların, yaşıl-yaşıl meşələrin, lap elə qatır dırnaq salan qayaların arxasından günəş kimi çıxıb anam dediyin Vətənin harayına ta ölkənin o başına, sanki, yel qanadında yetdin. Yetdin ki, biz nə vüqarına, nə əzəmətinə, nə də böyüklüyünə, az da olsa, çata bilməyək, şəhid Tərzan Qəhrəman oğlu Həşimov.
Onu yaxından tanımaq şansına sağlığında nail olmayanlar əbədiyyətindən sonra min, milyon oldular. 44 günlük Vətən savaşında, sözün əsl mənasında, tarix yazan Xüsusi Təyinatlı Qüvvələrin seçilmişlərinin yer aldığı taborda vuruşurdu Tərzan. Bəli, bu əfsanəvi taborun 13 dost döyüşçüsündən, 13 ölümsüz şəhidindən biri idi o...
1989-cu ilin 13 aprelində Bibihoni kəndində dünyaya göz açan Tərzanın hərb sənətinə marağı yetkinlik yaşına çatandan sonra daha da artır. Təbii ki, ailə mühitində Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdirilməyin də bu istiqamətə yönəlməyində öz payı vardı. Həqiqi hərbi xidmətə gələrkən bu istəyinin təsadüfi olmadığını, adi maraqdan həyat qayəsinə çevrildiyini anlayan gənc artıq gələcək yolunu müəyyən edir. O, xidmətini başa vurub kəndlərinə qayıdır, bir müddət təsərrüfatla məşğul olur. Ancaq içindəki səs, beyninə hakim düşüncə onu təslim edir və ömrünü hərbə bağlayır.
Tərzan Həşimov 2010-cu ildə gizir rütbəsi alır və Gəncədəki N saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətə başlayır. İlk vaxtdan qüsursuz xidməti, çevikliyi, dərin zəkası və qorxmazlığı ilə komandanlığın diqqətini cəlb etməyi bacarır. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna daxil edilir. Yüksək vətənpərvərlik, insansevərlik dəyərləri onun fəaliyyətində əsas şərt sayılırdı. Kəşfiyyatçı kimi qorxmazlığı, çevikliyi, müşahidələrin düzgün analizi həmişə ona yaxşı nəticələr qazandırırdı. Döyüş yoldaşlarının dediyinə görə, elə əməliyyat olmayıb ki, qarşıdan əliboş qayıtsın.
Təbii ki, bütün bu keyfiyyətləri və ən əsası da Vətəninə sarsılmaz tellərlə bağlılığı onu xidmət göstərdiyi sahədə də ucaldır...
2016-cı ilin Aprel döyüşləri Ordumuzun güc və qüdrətinin nümayiş məqamı kimi onun da döyüş yolundan qırmızı xətt ilə keçir. Bu döyüşlərdə yaralansa da, neytral ərazidə şəhid olan hərbçi yoldaşını çıxarmaqla öz şücaətini göstərən Tərzanın bir arzusu var idi – Qarabağı işğaldan azad etmək. Özü kimi basılmaz igidləri, sarsılmaz qəhrəmanları gördükcə məhz bu zəfərə, bu tarixi ana daha çox tələsirdi.
Vətənini canından əziz bilən igid kəşfiyyatçı Aprel döyüşlərinin ardınca “Qüsursuz xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 95 və 100 illiyi ilə bağlı medallarla təltif olunur.
Gözlədiyi gün yetişəndə – 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda bütün silahdaşları kimi o da haqq savaşımızda ən qısa zamanda zəfərə yetmək üçün can atırdı. Cəbrayıl və Füzuli rayonlarının azadlığı uğrunda gedən ölüm-dirim mücadiləsində onun öz imzası var. Müharibəyə rabitəçi gizir rütbəsində qatılan Tərzan talış dili ilə yanaşı erməni dilini də mükəmməl bildiyindən bir neçə dəfə düşmənlə açıq rabitəyə girməyə, onlardan texnikaları, döyüş birləşmələri haqqında məlumatlar almağa müvəffəq olur. Məhz bu üstünlüyünə görə də silahdaşları ilə birlikdə qeyri-bərabər qüvvələrlə döyüşlərdən dəfələrlə qalib ayrılır.
Füzuli rayonunun azad olunması üçün aparılan əməliyyatların, İkinci Qarabağ müharibəsinin ən ağır döyüşlərinin getdiyi istiqamətlərdən birində, özü də qeyri-bərabər döyüşdə, təxminən 500 nəfərlik düşmənə qarşı vuruşda o da şəhadəti dadır. Oktyabrın 19-u qəhrəmanın son döyüşü olur...
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
İndi bir zamanlar qayğısız uşaqlıq illərini keçirdiyi kəndlərinin ən hündür yerindəki məzarlıqda özünə əbədi məkan quran şəhidimizin ata-anasının – qaməti oğul dərdindən bükülsə də, qürurdan göz yaşlarını gizlində axıdan atası Qəhrəman kişinin, oğlunun məzar daşını titrək əlləri ilə sığallamaqdan usanmayan anası Gülçöhrə xanımın yeganə təsəllisi övladlarının milyonların qəlbində silinməz iz qoymasıdır...
Həmidə NİZAMİQIZI