Azərbaycanın Yunanıstandakı və Albaniyadakı Səfirliyinin təşəbbüsü və Albaniya Milli Kitabxanası ilə birgə əməkdaşlıq çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə məruzəçilər qismində Azərbaycanın Yunanıstandakı və Albaniyadakı səfiri Anar Hüseynov, kitabxananın direktoru Miro Mişa və Azərbaycan-Albaniya Dostluq və Mədəniyyət Cəmiyyətinin rəhbəri Entela Muço çıxış ediblər.

Çıxışlarda şairin həyat və yaradıcılığı barədə geniş məlumat verilib, onun əsərlərində yer alan ayrı-ayrı məqamlar, hadisələr və nəsihətlərdən ibarət fikirlərdən sitat gətirilib. Həmçinin tədbir zamanı səfirliyin təşəbbüsü və E.Muçonun müəllifliyi ilə nəşr olunmuş “Nizami Gəncəvinin həyatı, fəaliyyəti və düşüncələri” adlı kitabın təqdimatı keçirilib.

Nizami Gəncəvi ilə bağlı sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.