Məqalələr toplusunun təqdimatı keçirilib

 

Dekabrın 14-də Abdulla Şaiqin Mənzil-Muzeyində görkəmli şair, yazıçı, maarifçi (1881-1959) Abdulla Şaiqin 140 illiyinə həsr edilmiş “Arazdan Turana” adlı virtual konfransın materiallarından ibarət toplunun təqdimat mərasimi keçirilib.

Videokonfrans bu il martın 18-də Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşmişdi. 

“Arazdan Turana” toplusunda konfransda səslənən çıxışlar və elmi məruzələr, ədibin şeirləri və Abdulla Şaiqin Mənzil-Muzeyinin əsas fondunda qorunan fotoşəkillər yer alıb. Nəşrin layihə rəhbəri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Kitab Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Abdulla Şaiqin Mənzil-Muzeyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Nəfəs” və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” ictimai birliklərinin dəstəyi ilə nəşr edilib.

Təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə  Paşayeva, millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin sektor müdiri Altun Mikayıllı, digər qonaqlar iştirak ediblər.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə tədbiri açaraq bildirib ki, bu il Abdulla Şaiqin anadan olmasının 140 illiyi çərçivəsində bir sıra tədbirlər keçirilib. Abdulla Şaiqin və onun oğlu, akademik Kamal Talıbzadənin ruhu bu gün şaddır. Çünki qədirbilən ziyalılar bu gün Şaiq ocağının qonağıdır.

Akademik İsa Həbibbəyli öz çıxışında deyib: “Bu ocağın Azərbaycan gəncliyinin yetişməsində böyük rolu var. Abdulla Şaiqin əsərləri uşaq ədəbiyyatının qızıl fonduna daxildir. Təqdim olunan kitabda təkcə Abdulla Şaiqə deyil, onun bütün maarifpərvər silahdaşlarına qiymət verilir. Abdulla Şaiq maarifçi, azərbaycançı, türkçüdür. Əfsuslar olsun ki, hələ ədibin həyat və yaradıcılığını tam əhatə edən kitab yoxdur. Biz bu istiqamətdə iş aparmalıyıq”.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Abdulla Şaiqin əsərlərində turançılıq bir mədəniyyət birliyidir. “Arazdan Turana” adı da təsadüfi seçilməyib: “Bu ad fədakar maarifçi, Turan sevdalı ədibin vizyonunu göstərir. Abdulla Şaiq maarifçiliyi, uşaq ədəbiyyatının formalaşmasında rolu daha çox araşdırılıb. Amma digər məsələlər kölgədə qalıb. Məsələn, qardaşı Yusif Ziya arzuolunan səviyyədə tanınmır. Abdulla Şaiqin ictimai fəaliyyətində Əhməd Cavadla “Türk Ocaqları”nın Azərbaycan bölməsini yaratması xüsusi yer tutur. Sovet dövründə o, maarif cəbhəsində vuruşmağı münasib bildi. Ədib yaradıcılığının hər bir dövründə xalqına xidmətin yolunu tapdı. Nə yaxşı ki, ziyalılarımızdan bəziləri kimi Abdulla Şaiq də repressiyadan qurtuldu və xalqa xidmətə davam etdi. Çox şadıq ki, bu gün də hamımız üçün doğma olan “Türk Ocaqları” həm qardaş Türkiyədə, həm də Azərbaycanımızda fəaliyyət göstərir”.

“Azərbaycan Türk Ocağı” İctimai Birliyinin başqanı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Abdulla Şaiqin “Türk Ocaqları”nda fəaliyyətindən danışıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Abdulla Şaiqin Azərbaycan maarifçiliyinin inkişafında, yeni nəslin tərbiyəsində xidmətlərindən söz açıb. Qeyd edib ki, bu il Nizami Gəncəvi irsindən uşaqlar üçün işlənmiş elektron kitabın hazırlanmasında Abdulla Şaiqin də Nizamidən etdiyi tərcümələrə müraciət etmişik. Abdulla Şaiqin bu sahədə fəaliyyətini yüksək dəyərləndirən G.Əfəndiyeva onun dünya ədəbiyyatından etdiyi tərcümələr barədə də danışıb.

ADPU-nun professorları – pedaqoji elmlər doktoru Fərrux Rüstəmov və filologiya üzə fəlsəfə doktoru Təranə Rəhimli, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Hacıyeva və digər çıxış edənlər yeni nəşrlə bağlı fikirlərini bölüşüb, Abdulla Şaiqin çox geniş yaradıcı və ictimai, pedaqoji fəaliyyətindən söhbət açıblar.

Sonda muzeyin direktoru Ülkər Talıbzadə ədibin 140 illiyinə həsr olunmuş “Arazdan Turana” məqalələr toplusunun nəşrinə görə Qənirə Paşayevaya, zəhməti keçən hər kəsə oxucular və muzeyin kollektivi adından təşəkkür edib.