Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərgi açılacaq. Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi ilə birgə əməkdaşlığı nəticəsində hazırlanan sərgi 1890-cı ildə Bakıya səfər etmiş fransalı fotoqraf Pol Nadarun fotoobyektivindən o dövrün Bakısına baxışdır.

Fransa Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının arxivində saxlanılan orijinal neqativlər əsasında çap olunan 70-dək yüksəkkeyfiyyətli fotodan ibarət sərgi üç tematik hissəyə bölünüb: “Dahilərin portretləri”, “Bakı”, “Türküstana səyahət”. Sərgi 18 dekabr 2021-ci il – 15 fevral 2022-ci il tarixlərində ziyarət üçün açıq olacaq.