Xalq artisti Səfurə İbrahimovanın fotolarda görünən sənət yolu
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı Səfurə İbrahimovanın xatirəsinə həsr olunmuş fotosərgi barədə xəbər vermişdik. Görkəmli teatr və kino aktrisasının həyat və sənət yolunu əks etdirən fotoların nümayiş olunduğu sərgi ilə biz də tanış olduq.
Bu fotolar bir aktrisanın sənət yolunun nümayişindən əlavə, həm də bir qadın taleyinin cizgilərini əks etdirir. Ekspozisiyada 40-dan çox fotoşəkil yer alıb.
Səfurə İbrahimovanı Azərbaycan filmlərinin ən sevilən nümunələrində görüb sevmişik. “Sevil”də Dilbər, “Arşın mal alan”da Telli, “Qayınana”da Sədaqət və digər obrazları ilə tamaşaçı rəğbəti qazanan aktrisanın sevgisindən, şəfqətindən qəlbimizə bir sevgi, bir şəfqət nuru saçılıb. Səfurə İbrahimovanın kinoda yaratdığı obrazları fotosərgidə izləyəndə həyatı da bir film kimi canlanır gözümüz önündə. Fotolara tamaşa etdikcə gözəlliyi, xanımlığı, peşəkarlığı ilə yaddaşımıza əbədi həkk olan aktrisanın həm də acı taleyindən duyğulanmamaq, mütəəssir olmamaq mümkünsüzdür.
Sənət tarixinə nəzər yetirəndə görürük ki, bir çox aktyor və aktrisaların bu sahəyə gəlişi təsadüfi olub, adi bir təsadüf kimisə bir gündəcə sənət ulduzuna çevirib. Bu ulduzlar arasında qəfildən parladığı kimi, bir göz qırpımında sönənlər də olub, bəziləri isə sənətdə öz sözünü axıradək deməyi bacarıb.
1960-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Dram Teatrının hazırladığı İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət olunub. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci ildən bu teatrın truppasına daxil edilib. Bununla da aktrisa öz istedadı ilə sənət kəhkəşanına aparan yolda büdrəmir, yalnız üzü zirvəyə doğru gedir...
Məlumdur ki, sovet rejimi xalqımızın bir sıra köklü adət-ənənələrinə, həmçinin Novruz bayramının keçirilməsinə mane olub. Tanınmış filoloq alim, dövlət və ictimai xadim Şıxəli Qurbanovun səyləri ilə 1967-ci ildə Novruz bayramı elliklə qeyd edilərkən ilk Bahar qız obrazını Səfurə İbrahimova yaradıb.
Yenə fotolara qayıdırıq... “Bizim küçə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Sevil”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “Qayınana” və s. bədii filmlərdən kadrlar və teatr səhnəsində yaratdığı obrazlar. Film yaradıcılığı bir qədər fərqli və təzadlıdır. Görəsən, bu qadın sənətdə öz sözünü tam deyə bildimi, arzuladığı rolları oynadımı, demədiyi nələr qaldı? Aktrisanın sənətdən küsüb getməsi bu sərgidə nümayiş olunan fotoların bir qədər az olmasında özünü göstərir. Sanki yarıda kəsilmiş ömrə bənzəyir bu fotosərgi. Kimdir günahkar, onun özümü, yoxsa sənət mühiti?...
Hər halda düşünürəm ki, aktrisanın müəmmalarla dolu tale yolu macərasız keçməyib. Onun sənət imkanları bəlkə də vaxtilə bəzi həmkarlarını xoflandırıb, qısqandırıb.
Sənət zirvəsinə aparan yol həm də cismani gözəllikdən başlayır və heç şübhəsiz, Səfurə xanımda da bu istisna deyildi. Onunla bağlı xatirələrini danışan sənət dostları da dəfələrlə eyni fikri vurğulayıblar. Aktrisanın birdən-birə sənətə gəlişi və uğurlu çıxışları birmənalı qarşılanmırdı. Bəlkə də elə bu səbəbdən həyat ondan ötrü bir kino idi. Baş rolunu da özü oynayırdı. Və ağlına belə gətirmirdi ki, bütün kinoların axırında eyni sözlər yazılır – “Filmin sonu”.
Səfurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. 20-dən artıq filmdə maraqlı obrazlar yaradan aktrisa səhnədə də rəngarəng rollarla yaddaşlara köçüb.
21 dekabr 2020-ci ildə dünyadan köçdü. O, sanki bu dünyanın insanı deyildi, sirli-sehrli nağıllar aləmindən gəlmişdi və həmin o aləmə də geri döndü. Ömrünün çox hissəsini tənhalıqda keçirən unudulmaz aktrisa onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Lalə AZƏRİ