Siyəzən şəhərində orta təhsil alarkən məktəbimizdə və mədəniyyət sarayında fəaliyyət göstərən dram dərnəklərinin tamaşalarına həvəslə baxar, teatra sevgimizdən bəzən özümüz də səhnəciklərdə rol alardıq. Eyni zamanda vaxtaşırı Bakıdan gələn dövlət teatr kollektivlərini, peşəkar aktyorları görməyi toy-bayram hesab edərdik. Tələbəlik dövründə də paytaxtda, institutu qurtarandan sonra isə rayonda tez-tez teatra can atar, imkan olduqda isə xüsusi olaraq Bakıya elmi-mədəni tədbirlərə, konsert və tamaşalara gedərdik.

Yadıma gəldiyi qədər, keçən əsrin 60-80-ci illərində yaşlı və orta nəslə mənsub bir sıra görkəmli sənətkarlarla bərabər, Səməndər Rzayev, Fuad Poladov, Mikayıl Mirzə, Hamlet Xanızadə, Həsən Əbluc, Əliabbas Qədirov kimi gənc aktyorların oynadıqları tamaşalarda çox vaxt anşlaq olurdu. Əliabbas Qədirovun klassik və müasir pyeslərdəki rolları sevilə-sevilə baxılırdı.

Müqtədir sənətkarı – teatr və kino xadimi Əliabbas müəllimi ilk dəfə yaxından “İşarəni dənizdən gözləyin” (1986) filminin çəkilişlərində görmüşəm. Mərhum Ceyhun Mirzəyevin quruluş verdiyi bu filmdə o, inqilabçı bolşevik Həmid Sultanovun rolunu canlandırırdı. Mən isə incəsənəti, kinonu sevən biri olaraq həvəsimin ardınca gedib mətbuatda verilmiş elana əsasən, kütləvi səhnələrə yazılmışdım. Epizodlar “Filarmoniya bağı”nda və İçərişəhərdə lentə alınırdı...

İkinci dəfə görkəmli sənətkarı yaxından bir də 1990-cı il Azərbaycan SSR Ali Sovetinə deputat seçkilərində görmüşəm. Əliabbas Qədirov şair Ağasəfa ilə birlikdə rayonumuzdan Siyəzən namizədliyini vermiş qudası, mərhum Xalq şairi Cabir Novruzun vəkili idi. Mən isə Zarat kənd məktəbinin direktoru, mərhum Məryəm Həsənovanın vəkillərindən biri idim...

Üçüncü dəfə Əliabbas müəllimlə 1992-ci ildə Siyəzəndə böyük şair və dramaturq  Hüseyn Cavidin anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbirində görüşmüşdük. Yubiley tədbirini Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, görkəmli ədəbiyyatşünas-tənqidçi, akademiyanın müxbir üzvü mərhum Yaşar Qarayev və institutun əməkdaşı, Hüseyn Cavidin yaradıcılığından dissertasiya müdafiə edən bu sətirlərin müəllifi təşkil etmişdi. Lakin mən həm də siyəzənli – ev sahibi olaraq qonaqları qarşılamalı olduğuma görə bir gün əvvəl artıq doğma şəhərimizə gəlmişdim. Yaşar Qarayevin, respublikamızın bir sıra başqa elm və sənət xadimlərinin, filologiya elmləri doktoru, tanınmış şair Qasım Qasımzadənin, Xalq artisti Əliabbas Qədirovun iştirak etdiyi ədəbi-elmi axşamdan sonra ziyafət məclisində aktyorla üzbəüz oturmuş, səmimi şəkildə hal-əhval tutub, keçmiş xatirələri də yada salmışdıq. Sonralar da, sənətkarın vəfatına qədər Akademik Milli Dram Teatrına gedəndə fürsət düşən kimi onunla ayaqüstü olsa da, salamlaşıb kəlmə kəsərdik...

Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olmuşdu. Əslən Xızı rayonunun Yuxarı Əngəlan kəndindəndir. Bakıda 105 saylı məktəbi bitirmiş, aktyorluq sənətinə 8-ci sinifdən başlayaraq maraq göstərmişdi. Dəmiryolçular klubunda Xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olan Əliabbas romantik, monumental tamaşalarda oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənmişdi. Aktyor olmağı da elə burada qərara almışdı.

1965-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsinə qəbul edilmişdi. Sənət müəllimi SSRİ Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi isə Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olmuşdu. Tələbəlik illərində institutun Tədris teatrının ştatlı aktyoru kimi Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” əsərlərinin tamaşalarında maraqlı rollar oynamışdı. Buna görə də Əliabbas Qədirov son kursda oxuyanda M.Məmmədov onu Akademik Dram Teatrında quruluş verdiyi H.Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət etmişdi.

Əliabbas müəllim Akademik Dram Teatrının gənc aktyoru kimi böyük səhnədə ilk addımından (aprel 1970-ci il) teatr ictimaiyyətinin nəzər-diqqətini özünə çəkə bilmişdi. Sənətkarın bu teatrın səhnəsində yaratdığı Xosrov (“Küləklər”, S.Rəhman), Vəli (“Xırs quldurbasan”, M.F.Axundzadə), Givi (“Darıxma, ana!”, N.Dumbadze), İlyas (“Aydın”, C.Cabbarlı), Qazan xan (“Torpağa sancılan qılınc”, N.Xəzri), Şirzad (“Şeyx Xiyabani”, İ.Əfəndiyev), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Qraf Qloster (“Kral Lir”, V.Şekspir) və başqa obrazlar tamaşaçılar tərəfindən böyük maraq və rəğbtətlə qarşılanmışdı. 

Səhnə ustası həmçinin televiziya tamaşalarında da yaddaqalan obrazlar yaratmışdır. Oynadığı tamaşaların bir qismi Azərbaycan Televiziyasının “qızıl fond”una daxil. S.S.Axundovun “Laçın yuvası” (Cahangir), M.Muradın “Təkan” (Dilqəm), İ.Əfəndiyevin “Atayevlər ailəsi” (Cahangir), M.F.Axundzadənin “Hacı Qara” (Heydər bəy), Ə.Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), M.Bayciyevin “Duel” (İsgəndər) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı bir daha parlaq şəkildə öz təcəssümünü tapmışdır.

Görkəmli sənətkar kino aktyoru kimi də məşhur idi və bu sahədə böyük uğurlar qazanmışdı. Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” ikiseriyalı bədii filmindəki baş qəhrəman Nazim roluna görə 1978-ci ildə Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülmüşdü. Aktyor bundan əlavə, “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl uçurum” (Cəlil), “Qocalar” (Fəriz), “Babək” (Fəzl) kimi kinolentlərinə çəkilmişdir.

Əliabbas Qədirovun yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfi dərinliyinə uyğun idi. Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor olaraq oynadığı rolları janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı.

O, eyni zamanda gözəl qiraət ustası idi. Onun səsində Füzuli, Vaqif, Nəsimi, Sabir və başqa şairlərimizin poetik nümunələri, habelə Qurani-Kərimdən ayələr lentə alınmışdır.

Dəyərli səhnə və ekran ustası yaradıcılıq uğurlarına görə 1982-ci ildə “Əməkdar artist”, 1989-cu ildə “Xalq artisti” fəxri adlarına, 2006-cı ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.

Əliabbas Qədirov 2001-ci ildə uzun illər çalışdığı, yaratdığı bir-birindən maraqlı obrazlarla silinməz iz qoyduğu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru təyin edilmişdi. O, həmçinin Mədəniyyət və İncəsənət Universitetində yeni aktyor nəslinin yetişdirilməsinə töhfə vermişdi.

Xalq artisti Əliabbas Qədirov 8 mart 2006-cı ildə, 60 yaşında vəfat etmişdir. Müqtədir sənətkar, teatr və kino xadiminin adı mədəniyyət tariximizə əbədi yazılmışdır. Ruhu şad olsun.

Rasim NƏBİOĞLU
Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi