“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adı ilə şərəflənən  2021-ci il böyük söz sərrafının şəninə layiq bir çox maraqlı tədbir və təqdimatlar keçirildi.

Dekabrın 17-də Heydər Əliyev Sarayında söz ustadının “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa da “Nizami ili”nin əlamətdar layihələrindən biridir. Nizaminin ilk dəfə ədəbiyyata gətirdiyi qədim rəvayət aşıqların sözü, səsi, saz havası ilə təqdim olundu.

Səhnə işi Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə hazırlanıb.

Rəsmilər, elm və mədəniyyət xadimləri, yüzlərlə saz-söz həvəskarı Leyli və Məcnunun nisgilli taleyinə işıq salan tamaşanı izləməyə gəlmişdi.

Dastan-tamaşanın nümayişindən öncə Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək layihə barədə danışdı. Bildirdi ki, tamaşa Nizami Gəncəvinin eyniadlı poeması üzərində aşıqların ərsəyə gətirdiyi dastanın səhnələşdirilməsidir.

AAB-nın sədri diqqətə çatdırdı ki, dastan uzun zamandan bəri mövcud olsa da, onun aşıqların repertuarında yer alması XX əsrin 40-cı illərinə təsadüf edir: “O vaxt Nizami Gəncəvinin 800 illiyi ilə bağlı işlər gedirdi və “Leyli və Məcnun” dastanı da aşıqların repertuarında yer almağa başladı. Həmin dövrdə bu dastanı mənimsəyən Aşıq Şəmşir 60-cı illərdə oğlu Qəmbər Şəmşiroğluna nümunə ilə bağlı bilgilər verir. Ondan sonra dastan yazıya alınır”.

Məhərrəm Qasımlı diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra dastanın səhnələşdirilməsi qərarına gəldik: “Dastan-tamaşada ilk dəfə aktyorlar deyil, bütün rolları aşıqlar ifa edirlər. Musiqilər də aşıq havalarından ibarətdir. Burada aşıq sənətinin poetik çeşidlərindən ilk dəfə istifadə olunur. Bu mənada dastan-tamaşada ilklər çoxdur. Biz istəyirik ki, daha çox Azərbaycan milli-mənəvi ruhunu ifadə edən bir Məcnun və bir Leyli ortaya çıxmış olsun. Bu layihənin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

Aşıqlar Birliyi sədrinin çıxışından sonra “Leyli və Məcnun” dastan-tamaşası nümayiş olundu. Tamaşada Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhləvan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov çıxış etdilər.

Aşıqlar həvalə olunmuş obrazları yüksək səviyyədə canladırdılar. Onların şaqraq səslə ifaları tez-tez tamaşaçıların alqışları ilə mükafatlandırılırdı. 

Qeyd edək ki, dastan-tamaşanın ssenari müəllifləri AAB-nin sədri, professor Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

Savalan FƏRƏCOV