Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Mərkəzinin birgə layihəsi olan “Mədəni yenilənmə”nin növbəti mərhələsinə dekabrın 17-də yekun vuruldu. Layihənin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir.

Layihə çərçivəsində Azərbaycanın Xalq artisti, bəstəkar, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, Müasir Musiqi Assosiasiyasının (Rusiya) aparıcı eksperti, sənətşünaslıq doktoru, musiqişünas Rauf Fərhadov və Türkiyədə yaşayan pianoçu və pedaqoq Samir Mirzəyevlə görüşlər keçirildi.

Dekabrın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində professor Fərəc Qarayevin iştirakı ilə onun yaradıcılığına və XXI əsrdə Moskva bəstəkarlarının musiqisinə həsr edilmiş seminar-diskussiyalar təşkil olunmuşdu. Həmin gün eyni zamanda YARAT-ın səhnəsində “SoNoR” ansamblı haqqında kitabın təqdimatı olmuşdu. “SoNoR: iki minilliyin arasında” adlanan kitab çağdaş musiqi mədəniyyətimizdə öz yeri olan ansamblın tarixinə nəzər salır.

Kitabda musiqişünasların ansambl haqqında vaxtilə yazdıqları məqalələr də yer alıb. 1995-2005-ci illərdə fəaliyyət göstərmiş “SoNoR” müasir musiqi ansamblının fəaliyyətindən bəhs edən toplu ansambl ilə çalışmış müxtəlif ifaçı və bəstəkarlar, musiqişünasların xatirələri, müxtəlif məqalə və tarixi-faktoloji materialları əhatə edir. Toplu haqqında Xalq artisti Fərəc Qarayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə, Xalq artisti, bəstəkar, “Bakusitk Caz” qrupunun rəhbəri, Xalq artisti Salman Qəmbərov, BMA-nın baş müəllimi Aliyə Məmmədova, Əməkdar artist, opera müğənnisi, “SoNoR” ansamblının aparıcı solistlərindən olmuş Fəridə Məmmədova, toplunun tərtibçi-müəllifi Samir Mirzəyev, Dövlət Yuğ Teatrının aktyoru, Xalq artisti Vidadi Həsənov, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, ön sözün müəllifi, Mədəniyyət Nazirliyinin əməkdaşı, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva çıxış edərək fikirlərini bölüşüblər.

Tədbirə onlayn formatda qoşulan ansamblın bədii rəhbəri olmuş bəstəkar Elmir Mirzəyev və “SoNoR” ansamblının direktoru kimi çalışmış musiqişünas Afət Məmmədova, eləcə də ukraynalı bəstəkar və dirijor, ansambl ilə mütəmadi əməkdaşlıq etmiş Vladimir Runçak da nəşrlə bağlı danışıblar.

Təqdimat mərasiminin sonunda “SoNoR” ansamblının ifasında Berlin Müasir Musiqi Festivalında (2001) ifa edilmiş Fərəc Qarayevin “Cancion de cuna” əsərinin videoyazısı nümayiş etdirilib.

Layihə çərçivəsində dekabrın 16-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində  musiqişünas Rauf  Fərhadovun iştirakı ilə “Postmodernizmdən total sintezə doğru” mövzusunda mühazirə-diskussiya təşkil olunub. Musiqişünas XX-XXI əsrlərin ümumi mədəniyyətində mühüm dönüşlər yaratmış başlıca təmayüllər kimi totalizm və postmodernizmin başlıca prinsiplərini qeyd edib, müxtəlif dövrlərin musiqi nümunələrini – Orando Lassonun “Əks-səda” madriqalı, Bernd Alois Simmermanın “Kral Ubünün süfrə ziyafəti üçün musiqi”, Alfred Şnitkenin “Şüşə harmonika” cizgi filminə bəstələdiyi musiqini, Fausto Romitelli, Mixael Bayl, Marko Nikodiyeviç, Liza Lim və digər müəlliflərin əsərlərini illüstrə qismində səsləndirib. Müasir musiqi və düşüncə üçün əsl informasiya bazası olan mühazirə maraqlı diskussiyalarla davam edib. 

***

Dekabrın 16-da “Mədəni yenilənmə” layihəsinin iştirakçıları ilə Mədəniyyət Nazirliyində də görüşlər keçirilib.

Nazir Anar Kərimovla görüş zamanı Azərbaycan mədəniyyətinin ölkədaxili və beynəlxalq səviyyədə daha səmərəli, davamlı və dolğun şəkildə tanıdılması, bu istiqamətdə tədbir və layihələrin həyata keçirilməsi, eləcə də Azərbaycan mədəni irsinin xarici mediada təbliğ edilməsi məsələləri ətraflı müzakirə edilib. Anar Kərimov nazirliyin bu istiqamətlərdə aparılacaq işlərə dəstək verməyə hər zaman hazır olduğunu vurğulayıb.

Samir Mirzəyev bu yaxınlarda nəşr olunmuş və 1995-2005-ci illərdə fəaliyyət göstərmiş ansambldan bəhs edən “SoNoR: İki minilliyin arasında” kitabını nazirə hədiyyə edib.

Nazirin birinci müavini Elnur Əliyev də layihə iştirakçıları ilə görüşüb. Elnur Əliyev qonaqlara nazirliyin mədəniyyət anlayışına ümumi baxışı və bu baxışdan irəli gələn yeni strategiyası, milli mədəniyyətimizin inkişafı və təbliği istiqamətində rəhbər tutduğu prinsiplər barədə məlumat verib. Zəngin və böyük tarixi köklərə malik Azərbaycan mədəniyyəti və incəsənətinin mütəmadi təbliğində xaricdə yaşayan həmvətənlərimizin xüsusi rol oynadığı vurğulanıb.

***

Dekabrın 17-də YARAT-ın səhnəsində Antalya Dövlət Konservatoriyasının dosenti Samir Mirzəyevin “Sinesteziya fenomeni və Skryabin” mövzusunda mühazirəsi maraqla qarşılanıb.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında 16 dekabrda “Nurlanmış gecə” kamera konserti, 17 dekabrda “Nostalji” simfonik konserti də təşkil edilib.

Proqramda Xalq artisti Fərəc Qarayevin üç tələbəsinin də əsərləri  təqdim edilib. Bəstəkarın “Elitist (Moz)art” əsəri, Əli Əlizadənin “Serenada dolore”, Elmir Mirzəyevin “Zamandan qaçış”, Aliyə Məmmədovanın “Xəyal” simfoniyasına dirijorluğu Əməkdar artist Fuad İbrahimov edib. Konsertdə səslənən musiqinin təzadlı ardıcıllığı diqqətsiz qalmayıb.

Əməkdar artist Fəridə Məmmədovanın (soprano) solist kimi çıxışı isə hər zamankı kimi alqışa layiq olub. Bu konsert “Mədəni yenilənmə” layihəsinin növbəti silsilə tədbirinin yekunu idi. Professor Zümrüd Dadaşzadə layihə ilə bağlı fikirlərini bölüşərək dedi: “Uğurlu görüş, diskussiya və konsertlərə görə Fərəc müəllimi təbrik edirəm. Bu gün o özünə görə yox, tələbələrinə görə sevinirdi. “Nə yaxşı onların əsərləri səsləndi”, - dedi mənə. Fərəc Qarayevlə görüşlər unudulmaz idi. Ondan öyrənmək və yenə də öyrənmək olar. Bəzən onunla razılaşmadığım anlar da olub. Amma əsas sənətdir”.

***

Sonda bir məsələni qeyd etmək istərdik. “Mədəni yenilənmə” layihəsinin əksər görüş, konsert və təqdimatlarında iştirak zamanı, təəssüf ki, gənclərimizi görə bilmədik. Fərəc Qarayev və Rauf Fərhadov kimi mütəxəssisləri tez-tez görmək mümkün deyil. Belə insanlarla görüşmək, necə deyərlər, hələm-hələm ələ düşmür. Bəs, görəsən, niyə bu görüşlərə gənclər deyil, sənətdə artıq öz sözünü demiş sənətkarlar qatılmışdı?! Halbuki gənc nəsil musiqişünas və bəstəkarlar bu seminarlardan daha çox faydalana bilərdi...

L.AZƏRİ