Seyfəddin Dağlının 100 illiyi qeyd olundu

 

Dekabrın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində görkəmli şair, nasir, dramaturq, ictimai xadim Seyfəddin Dağlının (1921-1983) 100 illik yubileyinə həsr olunmuş “Dağ vüqarlı sənətkar” adlı ədəbi-bədii, musiqili gecə keçirildi.

Tədbir “Könüllülər” Kitabxana İctimai Birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Cəfər Cabbarlının Ev-Muzeyinin təşkilatçılığı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və DTX Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşdı.

Gecə dramaturqun həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlandı. Videoçarxda yer alan fotolar Seyfəddin Dağlının həyat və yaradıcılıq yolunu sanki bir film olaraq təqdim edirdi. 

Daha sonra səhnəyə babasının adını daşıyan kiçik Seyfəddin çıxaraq şairin şeirini səsləndirdi.

Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy çıxış edərək Seyfəddin Dağlı ilə bağlı xatirələrini bölüşdü: “Seyfəddin Dağlı zahirən ciddi, daxilən mülayim, zarafatcıl, yumor hissi ilə silahlanmış və qəlbi Xızı dağlarının havasıtək təmiz, qaynar bulaqlarının suyu kimi şəffaf, gənc ikən qocaman təsiri bağışlayırdı. O, yazdığı əsərlərdə hər zaman bizimlədir”.

Əməkdar artist Azad Şükürov tələbəlik illərində Seyfəddin Dağlının əsərlərində rol aldığı tamaşalar və dramaturqla tanışlığı ilə bağlı xatirələri dilə gətirdi. Qeyd etdi ki, onun pyesləri əsasında səhnələşdirilən tamaşalar böyük bir aktyor ordusunun yetişib kamilləşməsinə təkan verib: “Ədibin qələmindən çıxan əsərlər bu gün də aktuallığını qoruyub saxlayır və sevilə-sevilə oxunur. Seyfəddin Dağlının pyesləri Azərbaycan teatrında dəfələrlə tamaşaya qoyulub”.

Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı çıxışında bildirdi ki, Seyfəddin Dağlının ən məhsuldar və maraqlı fəaliyyəti Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə bağlı olub. 1956-1959-cu illərdə o, əvvəlcə Azərbaycan Radiosunda baş redaktor, sonra isə Bakı Telestudiyasının direktoru kimi çalışıb. 1957-1959-cu illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini vəzifəsini şərəflə yerinə yetirib: “Seyfəddin Dağlı bu vəzifədə novatorluğu ilə tanındı, yeni bacarıqlı, savadlı kadrların yetişməsinə öz töhfəsini verdi. Özünün yaradıcılıq məktəbi yaratdı. Azərbaycan ədəbi dilinin inkişaf etdirilməsi isə onun əsas vəzifəsi oldu. Ədib neçə-neçə televiziya və radio verilişinə, gözəl tamaşalara efir ömrü verdi. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin” tamaşalarının adı çəkiləndə üzlərdə istər-istəməz bir təbəssüm yaranır”.

Gecədə həmçinin Xalq artisti Adil Bağırovun rəhbərliyində “Xatirə” xalq çalğı alətləri ansamblının müşayiəti ilə şairin sözlərinə yazılmış mahnılar səsləndi. Xalq artisti Gülyanaq Məmmədova Tofiq Quliyevin “Darıxma”, dillər əzbərinə çevrilən “Çay” mahnısını müğənni Vüsal Hacıyev səsləndirdi. Əməkdar artist Rəşad İlyasov, xanəndə Hüseyn Məlikovun ifaları da gecəyə rəng qatdı.

Toğrul Rza, Zülfiyyə Məmmədova Seyfəddin Dağlı qələmindən çıxan şeir və hekayələrdən nümunələr səsləndirdilər. Tədbir boyu “Adı sənin, dadı mənim”, “Sevdagül və Şarlotta” televiziya tamaşalarından parçalar, “Mozalan” kinojurnalından nömrələr nümayiş olundu.

Seyfəddin Əliağa oğlu Abbasov (Dağlı) 1921-ci il avqustun 27-də Xızıda dünyaya göz açıb. Uşaq ikən bədii yaradıcılığa böyük həvəs göstərir. Ailəsi ilə birlikdə Bakıya köçən Seyfəddin orta məktəbi bitirdikdən sonra  Nəriman Nərimanov adına Sənaye Texnikumunun Kimya fakültəsindən məzun olur.

Tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olan Seyfəddin Dağlı sonralar ədəbi ictimaiyyətin diqqətini cəlb edən bir-birindən maraqlı əsərlər qələmə alır. Ədib  “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” və s. pyesləri, “Bahar оğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və  digər kitabları ilə oxucuların rəğbətini qazanıb. O, 1959-1976-cı illərdə “Kirpi” jurnalının baş redaktoru işləyib.

Azərbaycan ədəbiyyat və mətbuatında iz qoyan Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

Lalə Azəri