Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Əməkdar incəsənət xadimi, bəstəkar və pedaqoq Nailə Mirməmmədlinin (1961-2021) 60 illik yubileyinə həsr olunmuş “Qəlbin nəğməsi” adlı xatirə gecəsi keçirilib.

Tədbirdə Xəzər rayon ictimaiyyətinin nümayəndələri, Nailə Mirməmmədlinin ailə üzvləri, yaxın dostları iştirak ediblər.

Əvvəlcə Nailə Mirməmmədli haqqında videoçarx nümayiş olunub.

Tədbirin aparıcısı Könül Muxtarova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Nailə Mirməmmədli musiqi sənətimizdə  özünəməxsus iz qoymuş sənətkarlardandır. Bəstəkar populyar mahnıların müəllifi olmaqla yanaşı, xalq mahnılarını xor üçün işləyib, filmlərə musiqi yazıb.

Xatirə gecəsində Xalq artistləri Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, “Səs Azərbaycan” layihəsinin qalibi Vlada Axundova, müğənnilər Leyla Ramazanlı və Niyam Salaminin ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Kimyaçı-alim, dosent, bəstəkarın “Qayıt ömrümə” mahnısının sözlərinin müəllifi Gültəkin Ələmdarqızı Nailə Mirməmmədli haqqında xatirələrini tamaşaçılarla bölüşüb.

Çıxışlarda vurğulanıb ki, qəlbinin musiqisi ilə könülləri riqqətə gətirən bəstəkarın xatirəsi ürəklərdə yaşayacaq.