Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kinorejissor, tanınmış yazıçı və dramaturq, ictimai xadim Həsən Seyidbəylinin (1920-1980) anadan olmasının 101-ci ildönümü (22 dekabr) münasibətilə fotosərgi təşkil olunub.

Dövlət Film Fondundan bildirilib ki, sərginin açılışından sonra Həsən Seyidbəylinin 100 illik yubileyinə ithaf olunmuş “Bizim Həsən müəllim” sənədli filmi nümayiş etdirilib. Ekran əsəri ötən il “Azərbaycanfilm” Kinostudiyasında (rejissor Yavər Rzayev) istehsal olunub.

Sərgidə yer alan nadir fotosənədlər görkəmli sənətkarın şəxsi arxiv fonduna məxsusdur və ilk dəfə nümayiş etdirilir.

Həsən Seyidbəyli “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları” və s. bədii filmlərin quruluşçu rejissoru, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir.