“Uşaqlar vokal sənətinə ciddi yanaşırlarsa, 17 yaşdan sonra oxumağa başlamalıdırlar”
Artıq yeni bir nəsil böyüyüb. Yaşlı nəslin nümayəndələri ürəklərində Vətən, torpaq nisgil daşıyırdılar. Mən özüm də otuz ilə yaxın bu ağrı ilə yaşamışam. Şükürlər olsun ki, bizim bu ağrılarımıza son qoyuldu, doğma Qarabağımız yağı tapdağından azad olundu.
Bu sözləri dekabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən mətbuat konfransında akademiyanın Solo oxuma və opera hazırlığı kafedrasının müdiri, professor, Xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımova deyib.
“Bu otuz ildə mən bacım – Xalq artisti Fidan Qasımova ilə dünyanı dolaşdıq. Heç yerdə Qarabağın təbiəti kimi gözəlliyə malik ikinci bir yer görmədik. Biz öz vətənimizi sevməsəydik Qarabağa qayıtmazdıq. Otuz il ərzində qaçqın, didərgin taleli bir milyondan çox həmvətənimiz çox çətin günlər yaşadı. Amma heç vaxt ümidlərini itirmədilər. Onlar ölkə başçısına da, Ordumuza da güvənirdilər. Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz doğma yurdumuzu bizə qaytardı. Qarabağı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qəhrəman oğulları azad etdi. Bakı Musiqi Akademiyasının tələbələri də cəbhəyə könüllü getmək üçün yazılmışdılar. Onların müharibədən sonra bizə danışdığı hadisələri göz yaşlarsız dinləmək olmurdu. Müharibə itkisiz olmur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, – deyə Xuraman Qasımova bildirib.
Şuşada “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirildiyini söyləyən Xuraman Qasımova qeyd edib ki, bizə Üzeyir bəyi, Vaqifi, Natəvanı, Xan Şuşinskini, Bülbülü və digər böyük dühaları bəxş etmiş qədim şəhər Azərbaycanın mədəniyyət paytaxtı kimi bu gün yeni dirçəliş, inkişaf yoluna qədəm qoyub.
Ölkə başçısını 60 illik yubileyi münasibətilə təbrik edən sənətkar deyib: “Hər bir azərbaycanlı fəxr edə bilər ki, onun Prezidentinin adı dünyanın qalib sərkərdələri siyahısındadır. Bu gün İlham Əliyev yubileyini qəhrəman dövlət başçısı kimi qeyd edir. Heydər Əliyevin mədəniyyət siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir”.
Jurnalistlərin suallarını cavablandıran X.Qasımova bildirib ki, gərək müğənni olmaq istəyən uşaqların istedadını valideynləri düzgün dəyərləndirsin, onlara düzgün istiqamət versinlər. Uşaqlar vokal sənətinə ciddi yanaşırlarsa, 17 yaşından sonra oxumağa başlamalıdırlar. Çünki azyaşlı uşaqların istedadını qiymətləndirmək çətin olur.
Xarici dilləri bilməyin vacib olduğunu deyən X.Qasımova qeyd edib ki, əvvəllər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsərləri xarici dildə oxumaq ənənəsi vardı. Təəssüf ki, indi tələbələr italyan, alman, ingilis dillərini yaxşı bilmir. Opera sənətinin dünyada daha yaxşı təbliği üçün xarici dilləri mənimsəmək olduqca vacibdir.