Akademik Rafael Hüseynov Viktoriya və Albert Muzeyinə məktub ünvanlayıb
“Nizami Gəncəvi Azərbaycan xalqı üçün, sadəcə, görkəmli şair deyil. Nizami Azərbaycan xalqının başlıca rəmzlərindən biridir, bu xalqın milli kimliyinin, istedadının, yaradıcı gücünün vacib göstəricilərindəndir. Ona görə də Azərbaycan xalqı üçün son dərəcə əziz və qiymətli olan belə bir əbədiyaşar və dünyada məşhur övladının başqa bir xalqın nümayəndəsi kimi qələmə verilməsi, gəncəli, azərbaycanlı olduğu halda onun iranlı kimi təqdim edilməsi Azərbaycan Respublikasında əhalinin ən müxtəlif təbəqələri arasında təəccüb və narazılıq oyatmışdır. Azərbaycan insanlarının Nizami Gəncəvi ilə əlaqədar baş vermiş bu təhrifə belə həssas münasibət göstərməsi təsadüfi deyil”, – deyə Rafael Hüseynov yazır.
Akademik qeyd edir ki, tarix boyu Azərbaycanın yalnız torpaqlarına və sərvətlərinə deyil, həm də böyük şəxsiyyətlərinə, mədəni irsinə, abidələrinə qarşı da təcavüz, qəsb siyasəti yürüdülüb. Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxın müddətdə işğal altında idi. 2020-ci ilin noyabrında Azərbaycan 44 günlük müharibədən sonra, nəhayət ki, bütün zəbt olunmuş torpaqlarını azad edib. Uzunmüddətli işğal səbəbindən indi öz ərazilərinin hər qarışına, hər bir milli sərvətinə son dərəcə həssas münasibət hər bir azərbaycanlı üçün ən ali duyğudur: “Gəncəli Nizami İran, fars şairi kimi təqdim ediləndə Azərbaycan xalqı bunu yalnız öz doğma şairinə qarşı deyil, həm də Vətənin ayrılmaz parçası olan Gəncəyə qarşı yolverilməz yanaşma, ölkənin ərazi bütövlüyünə sayğısız münasibət kimi qavrayır... Nizami Gəncəvi Azərbaycan şairidir, gəncəlidir, milliyyətcə Azərbaycan türküdür və bütün bunları hər kəsdən əvvəl özü “Xəmsə”sində açıq-aşkar bəyan edir. Lakin Nizami Orta əsrlərdə Mərkəzi Asiyada mövcud olmuş ədəbi ənənəyə uyğun olaraq əsərlərini o zamanın ortaq poeziya dili olan farscada yazmışdır. Üç dildə - ana dili olan Azərbaycan türkcəsində, farsca və ərəbcə yazmaq Orta əsr Azərbaycan ziyalısı üçün səciyyəvi olmuşdur”.
Məktubda bildirilir ki, bu gün də ABŞ-da ingiliscə yazan çoxlu ərəb və pakistanlı yazıçı və şairlər var, yaxud Almaniyada yaşayan, alman dilində gözəl poeziya və nəsr nümunələri doğuran onlarla türk ədibi fəaliyyətdədir. Hindistan vətəndaşı olan, ana dili kimi mənimsədiyi ingiliscədə gözəl bədii əsərlər yaradan hindli qələm sahiblərini, yaxud əlcəzairli fransızdilli ərəb yazıçı və şairləri yada salaq. Təbii ki, eyni hal Böyük Britaniyada da mövcuddur. Yaxud rus dilində yazıb-yaratmış, dünyada tanınmış qazax, qırğız yazıçı və şairlərini götürək. Yazdıqları dili əsas sayaraq hindliyə və urduya ingilis, ərəbə fransız, türkə alman, qırğıza, qazaxa rus deyilsə, doğrumu olar? Və ya elə əhalisi ingiliscə danışan Amerika Birləşmiş Ştatlarına baxaq. Bütün amerikalı yazıçı və şairlərə “ingilis ədibləri” demək ədalətli və düzgün olardımı?
Ümumbəşəri ideyaları tərənnüm etmiş Nizami Gəncəvi lap çoxdan bütün dünyanınkı olan şairlər cərgəsindədir. O, dünyanın bir çox dillərinə tərcümə edilib, oxunur, sevilir. Lakin Nizami Gəncəvi Azərbaycan xalqının övladıdır, ilk növbədə Azərbaycan şairidir və onu öz ölkəsindən, öz xalqından ayırmaq təşəbbüsləri yolverilməzdir. Çünki əvvəllər də bəzi fars və erməni millətçiləri tərəfindən belə cəhdlərin olması müşahidə edilmişdir.
Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərindəki Şirinin erməni və Ermənistan hökmdarı kimi təqdim edilməsi də tarixi həqiqətin təhrifidir: “Şirinin milliyətcə kim olması sualının cavabını isə, təbii ki, Şirinin özündən yaxşı heç kim verə bilməz. “Xosrov və Şirin” məsnəvisinin “Şirinin cavabı” adlı fəslində Şirin belə deyir: “Mən qara gözlü türkəm”. Bu qədər sadə”.
Akademik məktubun sonunda Viktoriya və Albert Muzeyinin rəhbərliyindən Nizami Gəncəvi ilə bağlı mübahisə və narahatlıq yaradan materialların saytdan götürülməsi, ekspozisiyada müvafiq düzəlişlər aparılması məsələsinə diqqət yetirməyi xahiş edir və bu mövzu ilə əlaqədar muzeyə istənilən qədər əlavə və geniş elmi material və mötəbər tarixi sübut və məxəzləri təqdim etməyə, davamlı əməkdaşlığa hazır olduğunu bildirir.