Azərbaycan
29 dekabr 1921 – Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 – 4.9.2003) Bakıda anadan olub. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir. “Azərbaycanın aşıq və şair qadınları” (iki cilddə) və s. kitabları tərtib edib.
29 dekabr 1924 – Əməkdar artist Sadıq Ömər oğlu Hüseynov (1924-2003) Kürdəmir rayonunun Atakişili kəndində doğulub. Akademik Dram Teatrında çalışıb. “Axırıncı aşırım”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib. Radioda uşaq verilişlərində Savalan baba obrazı ilə yadda qalıb.
29 dekabr 1929 – Tarix elmləri doktoru, akademik Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 – 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.
29 dekabr 1929 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 – 29.9.2011) Lənkəranda doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Milli Dram və Rus Dram teatrlarında tamaşaların bədii tərtibatını verib.
29 dekabr 1944 – Əməkdar incəsənət xadimi, yazıçı-publisist Sara Oğuz (Sara Mollaçı qızı Nəzirova; 1944 - 22.6.2014) Oğuz rayonunda anadan olub. Pyesləri tamaşaya qoyulub, sənədli filmlərin ssenari müəllifidir.
29 dekabr 1946 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 – 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. Şeirlərinə mahnılar bəstələnib, sənədli filmlərin ssenari müəllifidir.
29 dekabr 1951 – Əməkdar artist Elşad Allahverdi oğlu Zeynalov (1951-2007) Ağsu rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru, direktoru (2000-2007) olub.
30 dekabr 1926 – Xalq artisti, tanınmış xanəndə Əbülfət Əsəd oğlu Əliyev (1926 – 27.12.1990) Şuşada doğulub. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s.) əsas rolları ifa edib.
30 dekabr 1937 – Xalq artisti, müğənni Rauf Yusif oğlu Babayev (1937 – 27.3.2020) anadan olub. 1960-70-ci illərdə “Qaya” kvartetinin solistlərindən biri kimi məşhurlaşıb. 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəri olub.
31 dekabr 1903 – Əməkdar incəsənət xadimi, Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) Bakıda doğulub. “Lətif” (1930), “İsmət” (1934) və s. bədii filmlərə quruluş verib, sənədli filmlər çəkib.
31 dekabr 1907 – Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 – 5.11.1978) Bakının Ramana kəndində anadan olub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.
31 dekabr 1910 – Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov; 1910 – 29.3.1984) Ordubadda anadan olub. Əsərləri: “Babək”, “Odlar içində”, “Səngərdən gələn səslər” və s.
31 dekabr 1920 – Əməkdar mədəniyyət işçisi, şair Zeynal Əliabbas oğlu Cabbarzadə (1920 – 20.1.1977) Bakıda doğulub. Uşaq-gənclər üçün kitabların müəllifidir: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.
31 dekabr 1924 – Folklorşünas, filologiya elmləri doktoru Vaqif Əli oğlu Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub.
31 dekabr 1927 – Əməkdar artist, opera müğənnisi Firudin Mehdi oğlu Mehdiyev (1927 – 1.2.2006) anadan olub. 1957-ci ildən Opera və Balet Teatrında çalışıb. Filmlərdə (“Böyük dayaq”, “Gecə qatarında qətl” və s.) çəkilib.
31 dekabr 1927 – Xalq rəssamı Rasim Hənifə oğlu Babayev (1927 – 24.4.2007) Bakıda anadan olub. “Daşkəsən”, “Sumqayıt”, “Qobustan”, “Xınalıq” linoqravüra silsilələrinin, kitab qrafikası üzrə əsərlərin müəllifidir.
31 dekabr 1928 – Tanınmış rejissor Rauf Mirmahmud oğlu Kazımovski (1928 – 2.3.1976) Bakıda doğulub. Çoxsaylı radio və televiziya tamaşalarına, bədii televiziya filmlərinə (“Poçt qutusu”) quruluş verib.
31 dekabr 1928 – Tanınmış rəssam Rasim Həşim oğlu Xələfov (1928 – 23.4.2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun “Gənclik”, “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.
31 dekabr 1934 – Böyük yazıçı-dramaturq, şair, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899 – 1934) vəfat edib. Milli dramaturgiyanın inkişafında yeni mərhələnin təməlini qoyub, milli kinoda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz”) müəllifidir.
1 yanvar 1909 – Səs operatoru, aktyor Ağahüseyn Əşrəf oğlu Kərimov (1909-1991) anadan olub. 1940-cı illərdən “Azərbaycanfilm”də çalışıb.
1 yanvar 1930 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Tahir İsmayıl oğlu Hüseynov (1930-1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: “Gecikmiş heykəl”, “Yanıq Abdullanın yuxuları” və s.
1 yanvar 1937 – Görkəmli aktyor, Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1937 – 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
1 yanvar 1947 – Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1947 – 3.6.2006) Ağsu rayonunda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında (“Günahsız Abdulla”, “Topal Teymur”) yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001-2005) olub.
2 yanvar 1936 – Musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Zərifə Musa qızı Bakıxanova (1936-2014) anadan olub.
2 yanvar 1937 – Xalq rəssamı, heykəltəraş Arif Şamil oğlu Qazıyev (1937 – 3.9.2021) İrəvan şəhərində doğulub. Müxtəlif mövzularda əsərlər, görkəmli şəxsiyyətlərin heykəl və büstlərini (Hüseyn Cavidin büstü – şairin Naxçıvandakı ev-muzeyində) yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
2 yanvar 1944 – Əməkdar artist Qurban Məmiş oğlu Abbasov (1944-1998) anadan olub. Gəncə Dövlət Dram Teatrında çalışıb.
2 yanvar 1945 – Görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Mənsim oğlu Rzayev (1945 – 27.3.1986) Ağsuda anadan olub. Milli Dram Teatrında çalışıb. “Nəsimi”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə çəkilib, filmlərin dublyajında iştirak edib. “Bulaq” radio verilişinin aparıcısı olub.
Dünya
29 dekabr 1775 – İtalyan əsilli Rusiya memarı Karl Rossi (Carlo di Giovanni Rossi; 1775-1849) Neapolda anadan olub.
30 dekabr 1865 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1907) laureatı Redyard Kiplinq (Joseph Rudyard Kipling; 1865-18.1.1936) anadan olub.
31 dekabr 1869 – Fransız rəssamı və heykəltəraşı Anri Matiss (Henri Matisse; 1869-1954) anadan olub.
1 yanvar 1854 – İngilis tarixçisi, kulturoloq, antropoloq, folklorşünas Ceyms Corc Freyzer (James George Frazer; 1854-1941) anadan olub.
1 yanvar 1919 – Amerika yazıçısı Cerom Devid Selincer (Jerome David Salinger; 1919-2010) anadan olub.
2 yanvar 1943 – Türk musiqiçisi, bəstəkar Barış Manço (1943 – 1.2.1999) anadan olub.
2 yanvar 1912 – İtalyan rəssamı Renato Quttuzo (Renato Guttuso; 1912-1987) anadan olub. Əsərləri: “Çarmıx”, “Etnanın püskürməsi”, “Allah bizimlədir” və s.
Hazırladı: Vüqar Orxan