Paytaxtımız bayrama necə hazırlaşır?
2022-ci ilə sayılı günlər qalır. İki ildir bəşəriyyət koronavirus pandemiyasının əsarətindən qurtula bilmir. Bununla belə, pandemiya şərtləri daxilində insanlar Yeni ili yaddaqalan qeyd etməyə çalışırlar. Yeni il bayramının gəlişinə ən çox sevinənlər isə uşaqlardır...
Bəs Bakı Yeni ili necə qarşılayacaq? Paytaxtımızda bayram hazırlıqları ilə yerində tanış olmaq üçün fotoqrafımızla bir neçə məkana baş çəkdik.
İlk olaraq Sahil bağına üz tuturuq. Yeni ilin gəlişi ilə bağlı ənənəvi olaraq parkda böyük yolka qoyulub. Digər illərə nisbətən yolkanın həndəvərində əcnəbi turistlər az gözə dəyir. Paytaxt sakinləri havanın ötən günlərlə müqayisədə bir qədər sazaqlı olmasına baxmayaraq bağda istirahət edirlər.
Fəvvarələr meydanına doğru hərəkət edirik. Burada dekabrın 13-dən ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirilir. Tədbir Nərgiz Fondunun təşəbbüsü ilə artıq səkkizinci dəfə təşkil olunur. Bu il meydanda 71 kiçik taxta köşk və 2 restoran quraşdırılıb. Yarmarkaya üz tutan qonaqlar həm tanınmış brendlərin, həm də həvəskarların Yeni il hədiyyələrini, suvenirlərini, əl işlərini və eksklüziv müəllif zinət əşyalarını ala bilərlər. Burada da istəyənlər üçün müxtəlif isti yemək və içkilər təklif edilir. Bundan başqa, Bakı sakinləri və qonaqlar Yeni il bayramı ab-havasına qərq ola, rəngarəng işıqlarla bəzədilmiş meydanda pandemiya qaydalarına əməl etməklə Şaxta baba və Qar qızla şəkil çəkdirə bilərlər.
Bu il də yarmarkada toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.
Nərgiz Fondunun layihə direktoru Aydan Nəsibova qeyd edir ki, 2020-ci ildə həm bahar, həm qış xeyriyyə yarmarkalarının keçirilməsi xüsusi karantin rejimi səbəbilə təxirə salındı: “Bütün çətinliklərə və maneələrə baxmayaraq, fondumuz qeydiyyata aldığı ailələrə köməyini davam etdirdi. Bu müddət ərzində 50-dən çox uşaq xeyriyyəçilərin və şəxsən fond rəhbərliyinin maliyyə dəstəyi ilə müalicə və əməliyyata göndərildi”.
Müsahibim söyləyir ki, xeyriyyə yarmarkasında şəhid övladları da diqqətdən kənarda qalmayıb. Təkcə ötən həftə ərzində 17 şəhid övladı yarmarkanın qonağı olub. Restoranların birində onlar üçün xüsusi proqram hazırlanıb, Yeni il hədiyyələri təqdim edilib. “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası 2022-ci il yanvarın 15-dək davam edəcək.
Daha sonra yolumuzu Bakının qədim məkanından – İçərişəhər ərazisindən salırıq. Burada da Yeni il ab-havası duyulur. Qız qalasının qarşısında yolka quraşdırılıb. Uşaqlar yolkanın ətrafında əylənir, şəkil çəkdirirlər.
Sonuncu üz tutduğumuz məkan isə həmişə Yeni ilin böyük coşqu ilə qeyd olunduğu Dənizkənarı bulvar ərazisi oldu. Yeni ilin gəlişi ilə bağlı bulvar boyunca müxtəlif rəngarəng kompozisiyalar quraşdırılıb.
Bu il 90 yaşını qeyd edən uşaqların sevimli məkanı Azərbaycan Dövlət Kukla Teatrının yanındakı yeraltı keçidin önündə, bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən maraqlı tunel quraşdırılıb. Bulvarın müxtəlif yerlərində də yolkalar qurulub. Bayram günlərində bulvarda Yeni ilin bütün atributlarına rast gəlmək mümkün olacaq. Qonaqlar rəngarəng bəzədilmiş retro maşınlarla bulvarın müəyyən yerlərinə hərəkət edə biləcəklər.
Yanvarın 2-də bulvar ərazisində bayram konserti təşkil olunacaq. Ümumilikdə Bakı bulvarında Yeni il kompozisiyaları yanvarın 3-dək davam edəcək.
Onu da qeyd edək ki, Yeni ilin gəlişi ilə bağlı bəzi metro stansiyalarının çıxışlarında yarmarka çadırları qurulub. Dekabrın sonuna kimi fəaliyyət göstərəcək yarmarka çadırlarında müxtəlif növ bəzək əşyaları, oyuncaqlar və Yeni il atributlarını özündə əks etdirən suvenirlər satışa çıxarılıb.
Gəzdiyimiz məkanlarda insanların hər birinin, xüsusilə uşaqların üzündə sevinc, təbəssüm vardı. Valideynlər uşaqların Yeni ildə maraqla əylənmələri üçün yaradılan şəraitə görə minnətdarlıq edirdilər.
...Əvvəlki illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında xalq olaraq ən böyük arzumuz torpaqlarımızın işğaldan azad olunması, hər növbəti ildə yağı tapdağında olan yurd yerlərimizdə şənliklər keçirmək idi. Şükürlər olsun ki, bu diləyimiz də reallaşdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş elədi. Ona görə də hər bayramda, el şənliyində bizə şanlı Zəfər ərməğan edən şəhidlərimizin əziz xatirəsini unutmamalı, qazilərimizə minnətdar olmalıyıq. Yeni iliniz mübarək!
Nurəddin Məmmədli