Pandemiyanın yaratdığı müəyyən məhdudiyyətləri nəzərə alsaq, 2021-ci ilin kinomuz üçün məhsuldar keçdiyini deyə bilərik. C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “Salnaməfilm” studiyası və Bakı Media Mərkəzi yeni ekran əsərləri ilə kinosevərləri sevindirdilər. Bir sıra özəl studiyalar da prosesə öz töhfələrini verdilər.
“Azərbaycanfilm” il ərzində 3 tammetrajlı və 1 qısametrajlı bədii film, 1 bədii televiziya filmi (5 hissəli), bir serial, 9 sənədli film istehsal edib, o cümlədən 2 radio və televiziya layihəsi həyata keçirib.
İl ərzində Mədəniyyət Nazirliyinin sifarişi ilə Elçin Musaoğlunun “Məryəm”, (“Sinema Evi” şirkəti ilə birgə), Xalq artisti Vaqif Mustafayevin 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” (“Fəryad II”), Asif Rüstəmovun “Mərmər soyuğu” (“İctimai TV”, Bakı Media Mərkəzi və “Arizona Productions” ilə birgə) tammetrajlı bədii filmlərinin istehsalı başa çatdırılıb. Hər üç ekran əsəri növbəti il tamaşaçılara təqdim ediləcək.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq salnaməsi yaratmış Ordumuzun müxtəlif qoşun növlərinin müharibədəki şanlı döyüş yolunu, şücaətini və Zəfərimizi əks etdirən “Görünməyən qəhrəmanlar” (“İctimai TV” ilə birgə) adlı silsilə (5 ekran işi) filmlər istehsal edilərək tamaşaçılara təqdim olundu.
Bu il “Azərbaycanfilm”in çəkdiyi 5 hissəli “Köşk” bədii televiziya filmi ekranlara çıxdı. Bununla yanaşı, Mədəniyyət Nazirliyinin sifarişi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş, 12 bölümdən ibarət “Xosrov və Şirin” (“İctimai TV” ilə birgə) 12 bölümdən ibarət bədii teleserial istehsal olundu.
***
2021-ci ildə Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində seçilmiş 2 sənədli film layihəsindən “Fulya” (“Dada Yapım” ilə birgə, Türkiyə) filmi istehsal edildi. Filmin Türkiyə və Azərbaycanda premyeraları keçirildi. Müsabiqənin ikinci qalibi “Müharibənin uşaqları” sənədli filminin isə istehsalı yekunlaşmaq üzrədir. Daha sonra layihənin qalibi olan “Quyu” qısametrajlı bədii filmi istehsal edilib və hazırda xarici distribusiyası həyata keçirilir.
İlin əvvəlindən etibarən Azərbaycan kinosuna həsr edilmiş “Bizim kino” (“İctimai TV”-nin dəstəyi ilə) 24 hissəli kinojurnal tamaşaçılara təqdim olunub.
***
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən ölkəmizin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən Vətən fədailəri – Milli Qəhrəmanlarımız haqqında 40-dan çox sənədli film çəkilib. Bu il isə 10 filmin çəkilişi başa çatdırılıb. “Hər şey yaxşı olacaq”, “Torpağına baş əyərəm”, “Oğuz elinin qəhrəmanı”, “Oğlumun gündəliyi”, “Poladın iziylə”, “Artilleriyanın atası”, “Bizim komandir”, “Vətənin sipəri, mərdin təpəri”, “Yarıda qalan uçuş” sənədli filmləri də Azərbaycanın qəhrəmanlıq tarixinə işıq salır.
2021-ci ildə Bakı Media Mərkəzi ilə “Azərbaycanfilm”in birgə istehsal etdiyi “Biz” sənədli filmi (ideya müəllifi, rejissoru Orman Əliyev) Vətən müharibəsinin birinci ildönümü ərəfəsində iki dəfə “İctimai TV”-də nümayiş olundu və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Bu il həmçinin Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi (rejissor Cavidan Şərifov) böyük maraqla qarşılandı. “O, Xarqo idi” ekran əsəri dövlət başçısının sərəncamına əsasən ötən il 100 illiyi qeyd olunan Azərbaycan xalqının cəsur övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür yolundan bəhs edir. “Aşıq Ələsgər – 200” filmi saz-söz ustadının yubileyinə həsr olunub. “Salnaməfilm” həmçinin bu il görkəmli neftçi soydaşımız, Rusiyanın Tümen vilayətində neft kəşf edənlərdən biri Fərman Salmanova həsr olunan “Mən neft tapdım. Salmanov” adlı sənədli filmin istehsalına başlayıb.
***
Bu il Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimat mərasimi keçirildi. Komissiyanın yaradılmasında əsas məqsəd Azərbaycanı beynəlxalq kino istehsalçıları üçün geniş imkanları olan çəkiliş məkanı kimi təqdim etmək, beynəlxalq kino istehsalçıları ilə müştərək layihələr həyata keçirmək və ölkəmizə xaricdən maliyyə vəsaitinin cəlb edilməsini təmin etməkdir.
Mədəniyyət Nazirliyi tərəfindən Kino Agentliyinin yaradılması ilə bağlı işlərə də başlanılıb. Agentliyin yaradılmasında məqsədi kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.
***
Pandemiya şəraitində həm onlayn, həm də ənənəvi formatda kinofestival və müsabiqələr də keçirildi.
Sentyabrın 3-dən 7-dək keçirilən IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı bu il “Əlillik” mövzusuna həsr olunmuşdu. Festivalın müsabiqə proqramına 40 ölkədən 134 film daxil edilmişdi.
19-23 noyabr tarixində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı gerçəkləşdi. “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirildi.
Sentyabr ayında ölkəmiz Daşkənd Beynəlxalq Film Festivalında xüsusi proqramla təmsil olundu. Festival çərçivəsində “Azərbaycan kinosu günləri” keçirildi. 8-12 noyabr tarixində İstanbulda keçirilən “Dədə Qorqud” (“Korkut Ata”) Türk Dünyası Beynəlxalq Film Festivalında da Azərbaycan kinosu geniş şəkildə təmsil olundu.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc qəsr” mükafatına, azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görüldü.
Rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi isə Amerika Kino Akademiyasının “Oskar” mükafatına Azərbaycanın namizədi olaraq təqdim edilib.
Beləliklə, ilin kino mənzərəsinə diqqət edəndə ürəkaçan rəngləri görə bilirik. Bu il ilk dəfə Milli Kino Günü açıq havada 4 filmin premyerası ilə də yaddaşlara yazıldı...
L.Ələkbərova