Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) birgə layihəsi olan “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatı yaradılıb. Dekabrın 25-də Milli Xalça Muzeyində hərəkatın təqdimatı keçirildi.
Tədbirdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, AYSF İdarə heyətinin sədri Vasif Eyvazzadə, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov və könüllülər iştirak edirdilər.
Tədbirdə hərəkatın üzvləri ilə tanışlıq oldu, layihənin saytının (https://konullu.creative.az”) təqdimatı da gerçəkləşdi.
Nazirliyin şöbə müdiri Ramil Abbəkirov “Kreativ Azərbaycan” layihəsi haqqında məlumat verdikdən sonra “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının koordinatoru Vüsal Kərimovu könüllülərə təqdim etdi. Bildirdi ki, könüllülər bu sahədə də inkişafa öz töhfələrini verəcəklər.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və AYSF İdarə heyətinin sədri Vasif Eyvazzadə çıxış edərək bildirdi ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də dövlət siyasətinin həyata keçirilməsində könüllülərin böyük rolu olub. Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası mədəniyyət və yaradıcı sənayelərə dair mədəni-kütləvi yerli və beynəlxalq tədbirlər, aidiyyəti üzrə araşdırmalar, seminarlar və digər istiqamətlərdə könüllülərin rolunu artırmaq məqsədilə “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının yaradılmasına, həmçinin qurumun saytının hazırlanmasına dəstək olub: “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təsis edilməsində əsas məqsəd mədəniyyət sahəsinə könüllüləri cəlb edərək bu sahənin əhatə etdiyi bütün istiqamətlərin inkişafının bir parçası olmaqdır. Hərəkata qoşulmaq istəyən gənclər üçün sosial şəbəkələr üzərindən qeydiyyat üçün yaradılmış anket forması yayılıb. Qısa müddət ərzində 500-dən çox yaradıcı şəxs qeydiyyatdan keçib. Yaradılmış seçim komissiyası tərəfindən təyin olunmuş meyarlara əsasən qiymətləndirmə zamanı qeydiyyatdan keçənlərin arasından 30 istedadlı, yaradıcı şəxs kreativ Azərbaycan könüllüsü seçilib. Seçilən könüllülər paytaxt, eləcə də ölkəmizin müxtəlif regionlarını və həmçinin yaradıcılığın fərqli sahələrini əhatə edir”.
Qeyd edildi ki, hərəkat yaradıcılığın müxtəlif sahələri ilə məşğul olan insanları könüllülük fəaliyyətinə cəlb etmək, onların ölkənin mədəni həyatında iştirakına imkan yaratmaq, vahid bazasını formalaşdırmaq məqsədi daşıyır.
Vasif Eyvazzadə daha sonra könüllülərin hər birinin təhsili, çalışdığı sahə ilə bağlı məlumat alaraq onlarla qısa fikir mübadiləsi apardı.
Tədbirin sonunda könüllülərə vəsiqə və xüsusi geyimlər təqdim olundu.
Lalə