Yaşanan ilin başa çatması hər bir fəaliyyət sahəsi üçün həm də hesabat məqamıdır. İl ərzində teatr sahəsində baş verənlərə qısa nəzər yetirəcəyik. Əslində, söhbət teatrdan gedirsə, buna bütövlükdə il də demək olmaz. Çünki teatrlarda fəaliyyət pandemiya ilə bağlı karatın şəraitində müvafiq yumşadılma qərarından sonra – oktyabrın 1-dən başladı.
Təbii ki, bu müddət ərzində irimiqyaslı festivallar, yaddaqalan premyeralar olmadı. İl ərzində yadda qalanlar sırasında Zəfər Gününə, İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizin ildönümünə həsr olunmuş iki ölkə daxili teatr festivalını qeyd edə bilərik.
Mədəniyyət Nazirliyi və Teatro.az portalı Vətən müharibəsində Zəfərimizi səhnə əsərlərində yaşatmaq, eləcə də teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə “4.4” Qısa Tamaşalar Festivalı keçirdi.
Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı da baş tutdu. Bundan başqa, Mədəniyyət Nazirliyinin dəstəyi, ATXİ-nin təşəbbüsü və iştirakı ilə bir qrup teatr təmsilçisi postsovet ölkələri gənclərinin teatr forumunda iştirak etdilər.
“Nizami Gəncəvi İli” ilə bağlı ölkə teatrları bir sıra yaradıcılıq təşəbbüslərini realizə etməyə çalışdılar. Nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İskəndərə yeni namə” adlı tamaşanın premyerası reallaşdı.
Tanınmış teatr xadimlərinin yubiley və xatirə gecələri də ilin mədəniyyət mənzərəsində yer aldı.
Öz tamaşa planlarına yenidən nəzər salan, bərpa və yeni səhnə işlərini tamaşaçı müzakirəsinə çıxarmaq üçün çalışan teatrlar da oldu. Akademik Opera və Balet və Akademik Milli Dram teatrları daha çox bərpa olunan balet, opera və dram tamaşaları ilə teatrsevərlərin diqqətini cəlb etməyə çalışdılar.
Akademik Musiqili və Rus Dram teatrlarında premyeralar oldu. Dövlət Gənc Tamaşaçılar Teatrı da aktiv yaradıcılıq dövrü yaşadı və yeni tamaşaları ilə müxtəlif səhnələrdə (əsas zalları təmir olunur) tamaşaçılarını qarşıladı.
Pantomim və Yuğ teatrları isə daha çox köhnə tamaşalarına yenidən əl gəzdirməyə çalışdılar. Pandemiyadan öncə premyerası keçirilən nümunələri yenidən tamaşaçı ilə görüşdürdülər.
Dövlət Kukla Teatrı 90 illik yubiley mövsümündə premyera və sosial aksiyalarını davam etdirdi. Sumqayıt, Lənkəran, Gəncə, Ağdam, Şuşa, Mingəçevir teatrlarının premyera, ölkədaxili səfər, təcrübə mübadiləsi xəbərləri gəldi. Ümumi prosesdə Salyan, Qax, Qusar teatrları da yadda qaldılar.
90 yaş və böyük tamaşaçı sevgisi
Bildiyiniz kimi, bu il həm də milli kukla sənətimizin təşəkkül və inkişafında müstəsna yeri olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyidir. Elə ilin son yubiley tədbiri də bu teatrın səhnəsində oldu.
Dekabrın 26-da uşaqlı-böyüklü xeyli sayda tamaşaçı, teatrsevər teatrın tamaşa salonunda toplaşaraq həm səhnədəkiləri, həm də özlərini alqışladılar.
Mədəniyyət Nazirliyinin təmsilçiləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdiyi yubiley gecəsində ilk olaraq mədəniyyət naziri Anar Kərimovun kuklaçılara təbrik məktubu oxundu.
Zəngin yaradıcılıq yolu keçən sənət ocağının uğurlarına nəzər salınan məktubda deyilir: “Bu yubiley sizin kollektivin ötən illərdəki səmərəli fəaliyyətinin bəhrəsidir. Sizin uğurlu çıxışlarınız, ayrı-ayrı beynəlxalq və respublika miqyaslı festivallarda qazandığınız nailiyyətlər Kukla Teatrının adını milli teatrımızın aparıcı sənət kollektivləri sırasına çıxarmışdır. Repertuarınızdakı səhnə əsərləri hər zaman azyaşlı tamaşaçıların məhəbbətini qazanmışdır”.
Məktubun sonunda nazir teatrın kollektivinə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırdı.
Yubiley tədbirində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yola salmağa hazırlaşdığımız 2021-ci ilin maraqlı yubiley tədbirləri ilə yadda qaldığını bildirdi. Dedi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Ordusunun qazandığı Qələbə bütün xalqımızın, xüsusən yaradıcı insanların əzmini, inam və gücünü daha da artırıb.
Elnur Əliyev qeyd etdi ki, milli-mənəvi dəyərlərin təbliğatında, yetişən nəsillərin teatr sənətinə sevgi ruhunda formalaşmasında Kukla Teatrı təmsilçilərinin xüsusi rolu var: “Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, ümumiyyətlə, ölkəmizin teatr mühitində vacib bir fenomendir. Çünki uşaqların zövqünü formalaşdıran, onlarda bu sahəyə maraq yaradan Kukla Teatrıdır”.
Hazırda yaradıcı sənayenin aparıcı qolu olan teatr sənətinin, ümumilikdə incəsənətin televiziya və kompüter, telefon ekranları ilə rəqabətdə olduğunu deyən Elnur Əliyev bildirdi ki, bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir: “İnanırıq ki, Kukla Teatrı bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracaq, balaca tamaşaçılar üçün daim maraqlı məkan olacaq. Kukla Teatrının bütün kollektivinə möhkəm cansağlığı, yaradıcılıq sahəsində yeni nailiyyətlər arzulayıram”.
Sonra teatrın kollektivindən Əməkdar artist Rəhman Rəhmanov, aparıcı səhnə ustası Elmira Hüseynova, Ülviyyə Əliyeva və Sona Quliyevaya Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edildi.
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırdı. O, Kukla Teatrının məhsuldar fəaliyyəti, zəhmətkeş kollektivi, zəngin repertuarı, yaratmış olduğu səhnə ənənələrindən söz açdı. Sonra teatrın yaradıcı heyətinin bir qrupuna ATXİ-nin fəxri fərmanları təqdim olundu.
Yubiley gecəsində teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edildi. Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiyada nümayiş olundu. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrları rəhbərlərinin təbrikləri nümayiş etdirildi.
Salyan, Gəncə və Qax Dövlət Kukla teatrlarının rəhbərləri də səhnəyə çıxaraq həmkarlarını təbrik etdilər. Dövlət Gənc Tamaşaçılar Teatrının yubileyə töhfə olan səhnəciyi də böyük maraqla qarşılandı.
Qonaqlara və sadiq kuklasevərlərə təşəkkürünü bildirən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu qədim və mürəkkəb səhnə sənətinin yaşadılması və layiqincə təmsil olunması üçün əllərindən gələni edəcəklərini dedi.
Tədbirin sonunda səhnə arxasında yaradıcı heyətlə görüşən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev onları bir daha təbrik etdi, xoş arzularını çatdırdı.
Həmidə Nizamiqızı