Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 27-də “Ekspo Dubay 2020” dünya sərgisinin Dubay Millenium amfiteatrında “Azərbaycan ritmləri və rəqsləri” adlı möhtəşəm konsert proqramı təqdim olunub.
Konsertdə “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu və Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Mirvari” rəqs qrupu rəngarəng proqramla çıxış ediblər. “Qavaldaş”, “Qarabağ”, “Mirzəyi”, “Nəlbəki”, “Sarı gəlin” və s. kompozisiyalar tamaşaçıların alqışları ilə qarşılanıb.
Musiqi və rəqslərimizin ecazkar çələngi ilə bərabər səhnədəki monitorda Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə sənəti, Şuşa və Cıdır düzünün görüntüləri də izləyicilərin böyük marağına səbəb olub.
Anşlaqla keçən konsertin sonunda UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan milli rəqsimiz – “Yallı” sədaları altında bütün auditoriya rəqs edib və konsert tamaşaçıların “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb.
Tədbirdə ölkəmizi mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Anşlaqla keçən konsertin sonunda UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan milli rəqsimiz – “Yallı” sədaları altında bütün auditoriya rəqs edib və konsert tamaşaçıların “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb.
Tədbirdə ölkəmizi mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Konsertdən sonra nümayəndə heyəti “Ekspo Dubay 2020” sərgisinin Azərbaycan pavilyonu ilə tanış olub. Rəqs kollektivimiz Azərbaycan pavilyonunda da kiçik konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, 190 ölkənin təmsil olunduğu sərgidə Azərbaycan pavilyonu ən çox ziyarət olunan pavilyonlar sırasındadır. Ölkəmiz sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonun səhnəsində konsertlər və müxtəlif mədəni proqramlar təşkil edilir, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Sərgidə ölkəmizin aparıcı muzeylərinin fondlarında qorunub saxlanılan eksponatlar (musiqi alətləri, xalçalar və s.) nümayiş olunur.
Məlumat üçün onu da qeyd edək ki, “Azərbaycan ritmləri və rəqsləri” konserti “Ekspo Dubay 2020”ın rəsmi saytı üzərindən canlı yayımlanıb və mətbuatda işıqlandırılıb.