Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm.

Prezident İlham Əliyev bu barədə 2021-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirib.

“Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu gün dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.

Qeyd edək ki, Azərbaycanda mühüm ictimai-siyasi, mədəni hadisələr, əlamətdar yubileylər və digər tarixi əhəmiyyətli ildönümləri ilə bağlı tematik illərin elan olunması ənənəsi 2007-ci ildən (“Gənclər İli”) başlanıb. O cümlədən iki il Azərbaycan ədəbiyyatının böyük dühalarının – İmaddədin Nəsiminin (2019) və Nizami Gəncəvinin (2021) şərəfinə elan olunub. Eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti İli” (2018), “Multikulturalizm İli” (2016), “İslam Həmrəyliyi İli” (2017), “Turizm İli” (2011), “İdman İli” (2012), “Sənaye İli” (2014), “Uşaq İli” (2009), “İnformasiya-Kommunikasiya Texnologiyaları İli” (2013) və s. tematik illər elan olunub.

Bu sırada ilk dəfə olaraq il Azərbaycanın mədəniyyət mərkəzi olan şəhərə həsr edilir.