"Şuşanın simaları"
Mir Möhsün Nəvvab Qarabağın elmi-mədəni həyatında silinməz iz qoyub
Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyi münasibətilə ölkəmizdə “Şuşa İli” elan edilib. Qədim qala-şəhərimiz Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının inkişafında mühüm rol oynamış məşhur şəxsiyyətlərin yurdudur. Əlamətdar il Şuşanın tarixinə, mədəni həyatına, yetişdirdiyi tanınmış simaların ömür və sənət yoluna yenidən nəzər salmaq üçün fürsət olacaq.
Bu yazıda XIX əsrdə Azərbaycanın Qarabağ bölgəsinin və onun tacı hesab olunan Şuşa ədəbi-mədəni mühitinin yetirdiyi ensiklopedik bilik sahibi Mir Möhsün Nəvvab haqqında söz açacağıq. Dövrünün mütərəqqi fikirli ziyalısı sayılan Nəvvab zamanında musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı kimi tanınıb.
Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvab 1833-cü ildə Şuşada dünyaya göz açıb. İbtidai təhsilini şəhərdəki ruhani məktəbində alır. Burada ərəb və fars dillərini sonra rus dilini mükəmməl öyrənir. Abbas Sarıcallının mədrəsəsində təsilini davam etdirən Mir Möhsün astronomiya, kimya və riyaziyyata dair biliklər əldə edir. Daha sonra təhsilini sərbəst şəkildə davam etdirir.
Erkən çağlardan elmə və təhsilə dərin maraq göstərir, müxtəlif elm sahələrinə dair araşdırmalara başlayır. O, fikir və mülahizələrini onlarla əsərdə gələcək nəsillərə çatdırıb. M.Füzuli adına Əlyazmalar İnstitutunda Nəvvabın 50-yə qədər əlyazma kitabı qorunur. Bu kitabların əksəriyyəti avtoqraf nüsxələrdən ibarətdir. Onlardan ikisi 1906-cı ildə, biri isə 1907-ci ildə qələmə alınıb. O həm də yağlı boya ilə bir sıra rəsm və miniatürlər ərsəyə gətirib. Xüsusilə “Quşlar”, “Güllər”, “Teymurun portreti” adlı rəsmləri sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib.
Mir Möhsün Nəvvab eyni zamanda ölkəmizdə kitab çapının əsasını qoyub. Mənbələrdə qeyd edilir ki, onun mətbəəsində Mir Mehdi Xəzaninin “Şəriətül-İslam”, Nəcəf bəy Vəzirovun “Sonrakı peşmançılıq fayda verməz” əsərləri 1893-cü ildə, özünün “Kitabi-divani-farsi”, “Kitabi-kəşfül-həqayiq”, “Şeirlər”, “Mərsiyə və qəzəllər”, “Dibaçeyi-divani-farsi”, “Kitabi-türki, əşari-Nəvvab” və s. əsərləri 1896-1899-cu illərdə daşbasması üsulu ilə çap olunub. O, əsərlərinin litoqrafiya üsulu ilə çapını təmin etmək üçün lazım olan boyaları özünün tərtib etdiyi qaydalar əsasında hazırlayıb.
Nəvvab səma cisimlərinin öyrənilməsi sahəsində də fəaliyyət göstərib. Öz evinə iki teleskop qoyaraq kiçik bir rəsədxana və kimya laboratoriyası yaradıb. Günəş tutulmaları ilə bağlı cədvəllər tərtib edib.
Mədəni təşkilatçı kimi də tanınan şair XIX əsrin 80-ci illərində muğam ustadı Hacı Hüsü ilə birgə “Musiqiçilər məclisi”ni yaradır. Bu məclisdə musiqi sahəsinə dair önəmli məsələlərin müzakirəsi aparılıb. Müzakirələrdə Şuşanın tanınmış xanəndə və musiqiçilərindən Hacı Hüsü, İslam Abdullayev, Cəmil Əmirov, Seyid Şuşinski, Mirzə Sadıqcan yaxından iştirak ediblər. Bir müddət sonra o, “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) musiqi risaləsini yazmağı qərara alır. Həmin risalə 1913-cü ildə Bakıda işıq üzü görür.
Musiqişünas alim, akademik Zemfira Səfərova mövzu ilə bağlı araşdırmasında yazır ki, həmin risalədə müəllif ayrı-ayrı muğamların, bəzi dəsgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırıb. Muğamların şeir mətnləri ilə əlaqəsi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunub. M.M.Nəvvab ilk dəfə “dəsgah” terminindən istifadə edib. Qarabağda məlum olan altı dəsgahın – “Rast”, “Mahur”, “Şahnaz”, “Rahavi”, (yaxud “Rahab”), “Çahargah” və “Nəva”nın adını çəkib. Nəvvabın yazdığına görə, ifa olunan dəsgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Həmin əsərdə müəllif Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın adını verib.
Görkəmli sənətkar bir neçə muğamın mənşəyini və adının etimologiyasını da araşdırıb. Muğamların adlarını onların yaranmasında rolu olan şəxslərlə və yer adları ilə əlaqələndirib. “Rast” muğamını bahar mehi, “Rahavi”i yağış damcısı, “Çahargah”ı ildırım çaxması, “Dügah”ı çağlayan bulaqla, “Humayun”u quşların uçuşu, “Nəva”nı bədbəxt sevgililərin ah-naləsi, “Mahur”u suların şırıltısı, “Şahnaz”ı bülbüllərin cəh-cəhi, “Üşşaq”ı quşların havada süzməsi, “Üzzal”ı meteoritlərin hərəkəti ilə əlaqələndirib. “Rəqəmlərin izahı” kitabı müəllifi təkcə Azərbaycanda deyil, vətənin hüdudlarından kənarda da tanıdıb.
XIX əsrin 70-ci illərində Mir Möhsün Nəvvab həm də Qarabağ şairlərinin əsərlərini toplayaraq dəyərli bir kitab – təzkirə hazırlayıb. 100-dən artıq şairin həyat və yaradıcılığı haqqında məlumat və əsərlərinin yer aldığı “Təzkireyi-Nəvvab” 1913-cü ildə Bakıda kitab şəklində çap olunub. Toplu Qarabağ bölgəsində ədəbiyyatın inkişafı haqqında geniş təsəvvür yaratmaq baxımından böyük əhəmiyyətə malikdir.
Nəvvabın poetik irsi Azərbaycan və fars dillərində tərtib etdiyi divan və təzkirəsində toplanıb. Şairin 148 səhifədən ibarət farsca divanı 1897-ci ildə, 128 səhifədən ibarət azərbaycanca divanı isə 1898-ci ildə Şuşadakı şəxsi mətbəəsində çapdan çıxıb. Onun “Pəndnamə” (“Nəsihətnamə”) əsəri fars dilində 500, Azərbaycan dilində isə 499 nəsihətdən ibarətdir. Nəvvabın etik görüşləri “Kifayətül-ətfal”, “Nurül-ənvar” və “Pəndnamə” əsərlərində əksini tapıb.
O, Qarabağda açıqfikirli bir ziyalı kimi tanındığı üçün ətraf bölgələrdən görkəmli saz-söz ustaları onun ətrafına toplaşır. Xan qızı Natəvan tərəfindən Şuşada “Məclisi-üns” ədəbi məclisi yaradılır. Bu ədəbi məclis yaradılarkən unudulan şairlər isə Nəvvabın rəhbərliyində “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) məclisində bir araya gəlirlər. Nəvvab məclis üzvlərini asudə vaxtlarında dünya hadisələri və mədəni yeniliklərlə tanış etmək üçün Bakıda “Əkinçi”, Tiflisdə “Ziya” və “Kəşkül” qəzetlərinə, Hindistanda fars dilində nəşr olunan “Həblül-mətin” məcmuəsinə abunə olur.
1903-cü ildə Şuşada Nəvvabın təşəbbüsü ilə qiraətxana-kitabxana yaradılıb. Eyni zamanda o, şəhərdəki ruhani məktəb və mədrəsələrdən fərqli, yeni üsullu təhsil ocaqları (üsuli-cədid) açıb. Həmin məktəblərdə coğrafiya, tarix, ədəbiyyat və dilin tədrisi həyata keçirilib.
Qarabağın ictimai-mədəni həyatında mühüm rol oynayan Mir Möhsün Nəvvab 1918-ci ildə Şuşada vəfat edib.
Savalan Fərəcov