O, heç vaxt oynamırdı, yaratdığı, səsləndirdiyi rolları daxilən yaşayırdı

 

Hər bir film sənət duyumu güclü, fərdi istedadı, bacarığı böyük olan sənətkarlar sayəsində məşhurlaşır,  sevilir, baxılır. Eləcə də aktyorlar oynadıqları ekran əsərləri ilə məşhurluq qazanırlar. Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayev də teatrla bərabər kinoda yaratdığı rolları ilə də tanındı, sevildi.

Uşaq yaşlarından sənət arzusunu qəlbində cücərdən, sevdiyi məsləyinə qovuşduqdan (Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini 1968-ci ildə bitirib) sonra isə məslək borcunu böyük məsuliyyət, coşqu ilə təqdim edən sənət vurğunu müxtəlif xarakterli personajlarını yaddaşlarda əbədiləşdirdi.

Aktyorun filmoqrafiyasında 60-dan çox ekran əsəri var. Onların içərisində bədii filmlərlə yanaşı “Mozalan” satirik kinosüjetlərinə çəkildiyi rollar, həmçinin dublyaj redaksiyasında səsləndirdiyi obrazlar var. Sənəti daim uca tutan istedad sahibi oynadığı rolları həyatı dərk etdiyi, öyrəndiyi, bildiyi kimi, bütün səciyyəvi cəhətləri, mənası, çoxlarımızın görə, duya bilmədiyi tərəfləri ilə cilaladı, anlatdı.

Ustad sənətkarımızı anadan olmasının 76-cı ildönümündə (2.1.1945 – 27.3.1986) sənət dostları və həmkarlarının xatirə işığında bir daha yad edək, daha yaxından tanıyaq.     

 

Xatirələrdə yaşanan ömür

 

Xalq artisti Xalidə Quliyeva: “Səməndər Rzayev həm istedadlı, həm də özünəməxsus  xarizması olan bir sənətkar idi. Cüssəli olsa da, daxili aləmi həlim, aurası xoş, ünsiyyətcil idi və insanlarla mədəni davranırdı. Onunla birlikdə  “Azərbaycanfilm” Kinostudiyasının dublyaj redaksiyasında çalışmışıq. Gözəl kollektivimiz vardı. Xalq artistləri Əminə Yusifqızı, Şahmar Ələkbərov və təbii ki, Səməndər Rzayevlə birlikdə çox filmlər səsləndirmişik. Səməndər mülayim insan idi.  Bəzən cavan aktyorlar mətni bir neçə dəfə təkrar etməli olurdular. Belə olanda Səməndər  heç vaxt etirazını bildirmir, əksinə, həmişə onlara kömək edirdi. Səsini heç vaxt oynatmırdı. Necə danışırdısa, dublyajı eləcə, sərbəst şəkildə edirdi. İmprovizəni çox sevirdi. Ümumiyyətlə, o, heç vaxt oynamırdı. Rollarını da, səsləndirməni də daxilən yaşayırdı...”.

Əməkdar artist Nəcibə Hüseynova:  “Hələ orta məktəbdə oxuyarkən tez-tez teatra gedirdim. Səməndər Rzayevi də tamaşalarda görmüşdüm. Aktyor olaraq xarici görünüşü, oyun tərzi ilə seçilirdi. Həmin vaxtlar dəb olmasa da, onun saçları uzun idi. Elə buna görə də hafizəmdə həkk olub qalmışdı. Sonra mən İncəsənət İnstitutuna daxil oldum. İkinci kursdan səhnə danışığı müəllimimiz Əliabbas Qədirov oldu. Bir dəfə mənə “Telestudiyada tamaşamız olacaq. Tamaşada oynamaq üçün cavan qızlar lazımdır, gəl səni də aparım. Bilirəm ki, sən bacaracaqsan” dedi.

Mən telestudiyaya gedəndə orda çox gözəl aktyor ansamblı gördüm. Səməndər Rzayev də orda idi.  Onunla ilk dəfə həmin tamaşada tərəf-müqabil oldum. Ahəngdar, qulağıoxşayan səsi vardı. Səsi çox xoşuma gəlirdi. İllər ötdü, kinostudiyada işə düzəldim. Orda məni dublyaja cəlb etdilər. Biz yenə də həmkar kimi çiyin-çiyinə çalışdıq.

Hər kəsi kənardan müşahidə edirdim. Orda  bizə heç kim heç nəyi öyrətmirdi. Dublyaja hərənin bir cürə yanaşması vardı. Amma Səməndərdə xüsusi, qeyri-adi bir özəllik gördüm. Filmləri hissə-hissə fırladırdılar ki, aktyorlar özlərinə aid olan epizodları görsün. Səməndərdən başqa hər kəs özünə aid olan hissəni yazır, sinxron etmək üçün müxtəlif qeydlər aparırdı. Mən düşündüm ki, axı o, niyə belə edir… Bu mənə maraqlı gəldi. Axıra qədər onu müşahidə etdim. O, hərdənbir ekrana nəzər salır, eyni zamanda da yanındakı adamla söhbət edirdi. Hərdən yenə ekrana baxır, yenidən söhbətini davam etdirirdi. Çarx bir neçə dəfə fırlandıqdan sonra səsləndi ki, daha bəsdi, gəlin yazaq.  Rejissor və assistent soruşanda ki, “Səməndər müəllim, hazırsınız...”, deyirdi “hə ey, ver gəlsin, başlayaq”. O, hər bir epizodu elə sərrast, mükəmməl edirdi ki, təəccüblənməyə bilmirdik. Biz ona valeh olurduq.

Onun çox dərin səs duyumu vardı. Dinləyəndə artıq bilirdi ki, harada pauza olacaq, harada danışacaq və ya improvizə edəcək. Həqiqətən də, qeyri-adi istedada malik bir aktyor idi. Hamımız xətrini çox istəyirdik. Xəstələndiyini eşidəndə çox pis olduq. Sağ qalsaydı, daha çox işlər görə bilərdi...”.

Əməkdar incəsənət xadimi Elxan Cəfərov: “Səməndər Rzayev mənim üçün uşaqlığımdan tanıdığım, çox yaxın əhatəmdə olan insanlardan biri idi. Mən 6 yaşımdan  dublyajda iştirak edirdim, filmlərdə uşaq rollarını səsləndirirdim. Həmçinin “Azərbaycanfilm”də istehsal olunan filmlərdə uşaq rollarına çəkilirdim. Buna görə də mənə həmişə “geroy” (qəhrəman) deyirdi. Onun mənə daim məxsusi münasibəti olub. O, biz uşaqlar, balacalar üçün böyük, nəhəng bir əmi idi. Çox doğma bir insan idi.

Səməndər Rzayevlə ilk tanışlığım dublyaj studiyasından başladı. Həmin vaxtlarda mikrofona boyum çatmadığından ayağımın altına stul qoyurdular. Ətrafımda olan böyüklərin ciddi iş gördüklərini anlayırdım və bu mənə olduqca maraqlı gəlirdi. Mənim də bu insanların içərisində ciddi bir işlə məşğul olduğumu bilir, bununla da qürur hissi keçirdirdim.

Yadımdadır ki, səsyazma pultunun arxasında kürsünün qarşısına mətn qoyulurdu. Ora parça da çəkilmişdi. Aktyorlar rol səsləndirəndə həmin parçanın üzərinə müxtəlif qeydlərini edir, imzalarını atırdılar. Səsləndirmədə bəzən 3-5 dəqiqə pauza olurdu. O zaman Səməndər müəllim həmin parçanın üzərində əlindəki qələmlə müxtəlif şəkillər çəkirdi. Onun belə gözəl əl qabiliyyətinin olması mənə qəribə gəlirdi. Şəkillərin yaranma anına maraqla baxırdım. Səməndər müəllim görəndə ki, onu maraqla izləyirəm, daha maraqlı personajlar çəkirdi.

“Bağ mövsümü” filminə çəkilənə qədər 3-4 il olardı ki, “Azərbaycanfilm”ə getmirdim. Uzun müddətdən sonra yenə çəkiliş meydançasında Səməndər Rzayevlə görüşdük. Yenə də məni kinostudiyada görəndə uca səslə “ooo,  geroy, sən yenə burdasan… Gör bir nə vaxtdandır görüşmürük” deyə səsləndi. O, mənim yadımda çox əziz insan kimi qalıb. Gözəl qəlbi vardı. Həm xoşxasiyyət insan, həm də böyük sənətkar idi. Allah ona rəhmət eləsin...”.

Kinoaktyor Məhəmməd Səfər Verdizadə: “Azərbaycan aktyor sənəti tarixində az aktyor var ki, onlar anadangəlmə aktyordular. Onlardan biri də Səməndər Rzayevdir. Onun oynadığı rolları hər dəfə izləyəndə düşünürəm ki, o, oynamayıb, rollarının hamısını yaşayıb. Çəkisi artıq, ayağında problem olmasına baxmayaraq, fiziki və daxili aktyor plastikasına malik olan aktyor idi.

Onunla birlikdə “Babək” filminə çəkiləndə Naxçıvanda, Culfa rayonunun Əbrəqunus kəndində bir ay bir yerdə qaldıq. İnternat məktəbinin həyətindəki evdə yaşayırdıq. Hər gün görüşürdük. Səməndər həm böyük aktyor, həm də sadəlövh bir uşaq idi. Naxçıvan əhli bilirdi ki, biz filmə çəkilirik. Rasim Balayevi, Şahmar Ələkbərovu, Səməndər Rzayevi yaxşı tanıyırdılar. Hər gün kimsə gəlib mütləq bizi qonaq aparırdı. Hamısı da “06” markalı “Jiquli” maşınında gəlirdi. Səməndər isə iricüssəli olduğundan həmin maşınlara yerləşmirdi. Bir gün mənə dedi ki, belə yox, “Volqa” markalı maşın gələndə məni çağırarsan...”. Bir gün bizi qonaq aparmaq üçün arxamızca “Volqa” maşını göndərmişdilər. Səməndər ümumi binada yaşayırdı, mən isə Rasim Balayevlə internatın həyətində birotaqlı evdə. Gedib Səməndərə dedim ki, arxamızca “Volqa” gəlir. O, maşın gələn kimi sevinərək hamıdan əvvəl gedib maşında oturdu. Bizi Batabata qonaqlığa apardılar. Mən onda gördüm ki, Səməndər daxilən həm də sadə bir uşaqdır.

Səməndərlə birlikdə İncəsənət İnstitutunda müəllim də işləmişik. Onunla institutun dəhlizində görüşəndə hal-əhval tutdum və soruşdum ki, səndən nə əcəb burdasan. Dedi ki, mən burda saatsaz işləyirəm. Dedim nə saatsaz, dedi saathesabı dərs deyirəm. Həmin vaxtdan Səməndərin sözü ilə dostlarımız arasında saathesabı işləyən görəndə saatsaz deyirik. Onda çox zarafatcıl ifadələr vardı. Biz hələ də onun bəzi baməzə ifadələrindən istifadə edirik.

Səməndərin yaradıcılığı bir məktəb idi. Dublyajda da mahir sənətkar idi. Onun Azərbaycan Radiosunda hər bazar günü səslənən “Bulaq” verilişindəki çıxışını dinləyirdim. İstəyirdim ki, onun kimi danışım. Ancaq sonra başa düşdüm ki, onun kimi danışmaq mümkün deyil. Çünki bu öyrədilməyən bir məktəbdir və anadangəlmə xüsusiyyətdir ki, ancaq ona məxsusdur. O, sözləri sanki canlandırırdı, dirildirdi. Mənasız sözü belə öz xüsusi ahəngi, mənalı ifadəsiylə işlədirdi, mənasını cilalayırdı. 

“Babək” filmində bir səhnə var ki, hamı Babəkin görüşünə atla gəlir, onu salamlayır. Həmin səhnədə Səməndər də (İbn Bəis) atla gəlib Babəklə görüşməli idi. Çəkilişdə filmin rejissoru Eldar Quliyev nə qədər çalışdısa, onu ata mindirə bilmədi. Çünki Səməndər həm atı sürə bilmirdi, həm də ayağı zədəli idi. Eldar müəllim deyəndə ki, ata minməlisən, başqa cürə mümkün deyil. Səməndər dedi ki, çəkim çoxdur, ayağım da zədəlidir. Yıxılsam ikinci ayağım da zədələnəcək. Eldar müəllim dedi ki, bəs necə gələcəksən? Dedi narahat olmayın, elə gələcəm ki, razı qalacaqsınız. O, çəkiliş meydançasında olan insanların arxasına keçdi. Biz düşündük ki, yəqin ata birtəhər minmək üçün nəsə fikirləşib. Babəklə qonaqların görüşdüyü kadrlar çəkiləndə gördük Səməndər atı darta-darta gətirdi, çox sərbəst şəkildə özünə aid olan nitqi söylədi, çəkildi. Eldar müəllim də razı qaldı. Biz həmin vaxt Səməndərin yaradıcılıq taktikasının zənginliyini, sənətinin bilicisi olmasının bir daha şahidi olduq...”.

Şəhla Əmirli
kinoşünas