Ötən ilin son həftəsinin yaddaqalan tədbirlərindən biri də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində (28 dekabr) baş tutdu. Muzeydə tanınmış teatrşünas, AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti Vidadi Qafarovun 60 illiyi qeyd edildi.
Tədbirdə yubilyarın müəllimləri, sənət yoldaşları, tələbələri iştirak edirdilər.
Muzeyin direktoru Sevinc Mikayılovanın açılış sözü ilə başlayan tədbirdə V.Qafarovun səmərəli fəaliyyətinə nəzər salındı, onun alim, pedaqoq və həmkar kimi üstün cəhətlərindən danışıldı. İştirakçılar yubilyar haqqında videoçarxa da tamaşa etdilər.
Yubilyarın kurs rəhbəri olmuş professor, teatrşünas Məryəm Əlizadə maraqlı və səmimi detallarla zəngin çıxışında daha çox onun şəxsi keyfiyyətləri – təvazökarlığı, mehribanlığı, zəhmətsevərliyi üzərində dayanaraq Vidadi Qafarovun son illər milli teatrımızın ən məhsuldar tədqiqatçısı olduğunu da əlavə etdi.
Mədəniyyət Nazirliyinin əməkdaşı Emin Əliyev çıxış edərək yubilyara nazirliyin təbrikini çatdırdı.
AMEA-nın əməkdaşları – teatrşünasın alim həmkarları Tehran Əlişanoğlu, Rəcəb Məmmədov, Nərminə Ağayeva və Məlahət Ağayeva da çıxış edərək Vidadi Qafarovun tədqiqatçı, elm adamı kimi xüsusiyyətlərindən, əzmkarlığından danışdılar.
ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə də çıxış edərək Vidadi Qafarova təbriklərini çatdırdı, onun yüksək insani keyfiyyətlərini sadalamaqdan zövq aldığını bildirdi. Kafedranın müəllimi Elçin Cəfərov isə “işıqlı insan” adlandırdığı Vidadi Qafarovun daim öyrənmək və öyrətmək kimi tükənməz istəyindən söz açdı.
Sonda Vidadi Qafarov səhnəyə çıxaraq tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.
Həmidə