2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi turizm sahəsinin daha da genişləndirilməsi, Azərbaycanın inkişaf etməkdə olan turizm ölkəsi kimi dünyaya tanıdılması üçün də böyük fürsətdir. Bunu diqqətə alaraq yaxın vaxtlarda turistlərə göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı ciddi işlər başlanacaq.
   
   Bu barədə Azərbaycan Turizm Assosiasiyasından qəzetimizə daxil olan məlumatda bildirilir. Məlumata əsasən, AZTA “Eurovision 2012”nin Azərbaycan turizmçilərinə verdiyi mühüm şansdan yararlanaraq bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsini təmin etmək məqsədilə bir sıra təkliflər hazırlayıb. Təkliflərə əsasən, qonaqların qəbulu ilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının birgə məşğul olması bu işdə pərakəndəliyin aradan qaldırılmasına kömək edə bilər. Bu qurumlar hotellər və turizm şirkətlərinin real vəziyyətindən xəbərdardır və müvafiq monitorinqlər keçirə, tövsiyələr verə bilərlər.
   Qeyd olunur ki, «Eurovision» müsabiqəsi kimi beynəlxalq səviyyəli tədbirlərdə ayrı-ayrı hotel və turizm şirkətlərinin pərakəndə halda qonaqların qəbulu və xidməti ilə məşğul olması məqsədəuyğun deyil. Çünki müsabiqə ilə bağlı ölkəmiz indiyədək tarixində görünməmiş sayda xarici qonaq, turist qəbul etməli olacaq. Ona görə də bu iş vahid bir mərkəzdən idarə olunmalıdır.
   AZTA-dan onu da bildiriblər ki, hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 110 hotel fəaliyyət göstərir. Bu hotellərin 4231 nömrə fondu var. Bundan 3873 nömrə Bakı şəhərindədir. Ümumilikdə yerlərin sayı 8936-dır. Lakin bu hələlik kağız üzərində olan rəqəmlərdir. Ona görə də bütün hotellərdə monitorinqlər keçirilməli, dəqiq nömrə fondu müəyyənləşməli, xidmət səviyyəsi, kadrların peşəkarlığı yoxlanmalı, lazım olan tövsiyə və tapşırıqlar verilməli və ehtiyacı olan hotellərə kadrların hazırlanmasında yardımlar göstərilməlidir.
   Keçirilən monitorinqlərin nəticələri ilə bağlı Müsabiqənin Təşkilat Komitəsi məlumatlandırılmalı və mənfi halların aradan qaldırılması yolları göstərilməlidir.
   Bundan əlavə, qonaqların qəbulu ilə məşğul olacaq bölmə tərəfindən Bakıda fəaliyyət göstərən nəqliyyat şirkətləri və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq şəraitində xidməti nəqliyyat vasitələrinin sayı, markası, növü, yerlərin, oturacaqların sayı, texniki vəziyyəti müəyyənləşdirilməlidir.
   Habelə ali məktəblərdə xarici dilləri mükəmməl bilən tələbələrdən seçim edilməli, onlar ekskursiya bələdçiləri kurslarına cəlb olunmalı, Bakı və Abşeron yarımadası haqqında ekskursiya mətnləri və marşrutları işlənib hazırlanmalıdır. Qonaqların qalacağı bütün hotellərdə Azərbaycanı, Bakı şəhərini təbliğ edən gözəl nəfisdə tərtib olunmuş çap məhsulları və suvenirlərin satışı təşkil olunmalıdır. «Bütün bunları etməklə, dünyaya sübut etməliyik ki, böyük potensiala malik Azərbaycanda turizm yüksək sürət və keyfiyyətlə inkişaf edir», - deyə AZTA-nın məlumatında bildirilir.

  Fəxriyyə