Tanınmış rəngkar Tələt Şıxəliyevin sənət dünyası haqqında

 

Böyük sənətə gəlişi SSRİ məkanında həmyaşıdı Tahir Salahovun adı ilə bağlı olan “Sərt üslub”un yaranmasına təsadüf edən Tələt Şıxəliyev (1928-1987) çoxlarından fərqli olaraq zamanına görə çox geniş yayılmış bu cərəyanın əsiri olmadı. Başqa sözlə desək, əgər bir çoxları gənc həmyerlilərinin nümayiş etdirdiyi yeni estetikanı özləri üçün ideal hesab etdikləri halda, Kiyevdə ali təhsilini başa vurub Bakıya qayıdan Tələt özünəməxsus ifadə üslubunun axtarışına üstünlük verdi. Bu, gənc müəllifin bir rəngin bədii imkanlarını üzə çıxartmaq səylərində özünü göstəməkdə idi...

Bunun ilk təzahürünü rəssamın kubizm cərəyanı esetikasının üstünlük təşkil etdiyi mavi koloritli işlərdə görmək olardı. Rəssamın 1960-1970-ci illərdə ərsəyə gətirdiyi “Kaktusla natürmort” (1964), “Qəzet ilə natürmort” (1966), “Cərrahiyyə əməliyyatından əvvəl” (1967), “Onkoloqlar” (1967), “Qız güzgü ilə” (1968), “Qız qalası” (1971), “Akademik Yusif Məmmədəliyevin portreti” (1973), “Dünyanın təlatümü” (1977), ”Qocaman müəllimə M.Bayraməlibəyovanın portreti”, “Qadın ələk ilə”, “Əməkdar artist K.Babiçevanın portreti” (hamısı 1970-ci illər) və s. tablolarında onun göy rəngə fərqli prizmadan bədii münasibətini görmək mümkündür. Bütünlükdə görünənləri şərti olaraq rəssamın yaradıcılığının kubizm cərəyanı ilə əlaqəli “mavi dövrü” də adlandırmaq olardı. Gözlərə dinclik bəxş edən bu rəngin ruhu duyğulandırıcı estetikaya bələməsindən uğurla istifadə edən müəllif müxtəlif janrlı bu əsərlərin mənəvi-psixoloji yükünün cəlbedici və təsirli olmasını əldə edə bilmişdi.

Lakin elə həmin illərdə onun bu mərhələnin işığında fərqli tapıntılara kökləndiyini də görmək mümkün idi. Qızılı-sarı koloritə üstünlük verildiyi “Mütaliə” (1975), “Analıq” (1976) və “Tap görüm” (1976) kimi tablolarda rəng coşğunluğu və yaxı oynaqlığının kətan səthinin həm də nisbi “aysberq”ə çevrildiyinə şahidlik etmək mümkün idi. Əslində, ərsəyə gətirilənlər sonradan rəssamın “tanınma nişanı”na çevriləcək yeni yaradıcılıq mərhələsinin ilk işartıları da hesab oluna bilərdi. Bununla belə, Tələt Şıxəliyevin yaradıcılığında kəskin dönüş kimi dəyərləndiriləcək görünənlər həm də “qızılı-sarı mərhələ”nin Xalq şairi Rəsul Rzanın 1960-1962-ci illərdə ərsəyə gətirilmiş məşhur “Rənglər” şeirlər silsiləsinə rəssam cavabı idi. İsti rənglə ifadə olunanların şeirlərlə birbaşa əlaqəsi olmasa da, onun əvvəlki soyuq mavi koloritin ardınca “isti”liyə meyillənməsi həm də rəngaltı mənanın hifz olunduğu “qızılı-sarı”nı şair düşüncələri ilə səsləşdirmək istəyinin görüntüsü sayıla bilərdi.

Etiraf edək ki, sətiraltı məna yükü sovet ideoloqları tərəfindən duyulan “Rənglər”in dolayısı təpkilərlə üz-üzə qalması qarşılığında “kətandan “boylanan” rəssam yaşantılarına ağız büzənlər də az deyildi. Buna baxmayaraq müəllif qızılı-sarı çalara etibar etməkdə israrlı idi. Çünki kimlərəsə monoxrom görünən, ancaq sovet-Azərbaycan rəssamlığı üçün yeni olan bu rəng qoşalaşmasında tamaşaçını özünə cəlb edə biləcək qeyri-adi bədii-mənəvi güc vardı. Rəssamın qənaətincə, şairin uzaq-yaxın keçmişdə yaşananlara “bədii güzgü” tutan “Ömürlük dustağın qısa yuxusu”, “Torpağın səxavəti”, “Van Qoqun “Günəbaxanlar”ı”, “Məhəbbətin barmağa dolaşmış damğası”, “Muzeydə mürgüləyən taxt” və “Cinayətin yaşıdı”, eləcə də “Dolu dənli sünbül dənizi”, “Şikəst bir övlad anasının bənizi”, “Payını güclülər yemiş aclar”, “Simlərin fəryadı”, “Debüssinin “Kürən saçlar”ı və “Sallaqxana qapısından girən qafil öküzlər”i misralarında rənglərə çevrilməli məna-məzmun yükü kifayət qədər idi. Bu və silsilədə yer almış digər çoxsaylı və çoxqatlı şair düşüncələrindəki düşündürücü fikirlər ruhən “Abşeron məktəbi” rəssamlarına yaxın olan Tələt Şıxəliyev üçün təkanverici qaynaq oldu. Beləcə kifayət qədər tanınan şairin “söz boxçası”na yaradıcı nüfuz edən rəssam sonralar onun zamansızlığa qovuşan özünəməxsus estetikalı bədii irsinin yaradıcısı kimi tanındı.

Görkəmli fırça ustasının son yarım qərinəlik yaradıcılıq dövrünü əhatə edən bu tablolar əslində Azərbaycan rəngkarlığında zaman-zaman xatırlanacaq bir bədii hadisə oldu. Bu yöndəki uğurlarını 1976-cı ildə Bakıda, dörd il sonra isə Moskvada baş tutan ilk fərdi sərgisində nümayiş etdirən və əsl sənət xiridarlarının təqdirini qazanan müəllifin bundan sonrakı fəaliyyətində qızılı-sarı çalarlar aparıcı ifadə vasitəsinə çevrildi. Oynaq yaxılarla gerçəkləşən bu rənglərin müxəlif məna-məzmun daşıyıcısı kimi təqdimatı, əlbəttə ki, ilk növbədə Tələt Şıxəliyevin dünya təcrübəsi ilə milli bədii qaynaqlarımızı ustalıqla qoşalaşdırmasının və çox vaxt müxtəlif məzmunlu görüntüləri cəlbedici-duyğulandırıcı mənəvi qaynağa çevirə bilməsinin nəticəsi idi. Onun son dövr yaradıcılığını əhatə edən “Ailə”, “Həkimin qəbulunda”, “Oyun”, “Qızım Şeyda”, “Uşaq və pişik”, “Gənc rəssam”, “Xatirələr”, “Ulağa minmiş oğlan”, “Qızım yatır”, “Xalq sənətkarı”, “Kitab oxuyan qız”, “Görüş”, “Tikan çıxaran” və s. tablolarında bədii təxəyyül təəssüratı yaradan və çox vaxt adiliyi duyulan süjetlərin rəssam şərhində məlum həqiqətlərə özünəməxsus yanaşma görünməkdədir. Elə bunun nəticəsidir ki, məişət qayğıları ilə baş-başa qalmış qadının, Novruz oyunlarından həzz alan yeniyetmənin, xatirələrin qanadında yaşanmış günlərə qayıdan ağbirçək ananın, arzularına yuxusunda yetişən uşağın, şıltaqlığının tikanlı “nəticə”sini aradan qaldıran dəcəl oğlanın rəng səthindən “boylanan” bədii görüntülər tamaşaçı tərəfindən səmimiliyə və inandırıcılığa bələnmiş gerçəklik kimi qəbul olunmaqdadır. Çox vaxt əsas məna-məzmun daşıyıcısı olan qızılı-sarı çaların qovşağını kompozisiyanın dominantına çevirən rəssam onu digər rənglərlə əlaqələndirməklə kətan səthinin daşıdığı məna-məzmun yükünə düşündürücülük bəxş etmişdir...

Yekun olaraq demək lazımdır ki, Tələt Şıxəliyevin həm “mavi”, həm də “qızılı-sarı” dövr yaradıcılığı formaların ekspressiyası və rəng tutumunun ifadəliliyinə görə həmkarları arasında seçilmişdir. Əvvəlcə soyuq, bir qədər sonra isə isti rənglərin sayagəlməz çalarlarını üzə çıxaran rəssamın, onları insanı duyğulandıracaq ovqat yaratmağa yönəldə bilməsi həsədaparıcıdır, desək, yanılmarıq. Həmin tablolarda hifz olunan ənənəvi psixoloji gərginliyi mavi-göy, eləcə də sarımtıl-boz və qızılı-qəhvəyi rəng çalarları ilə şərh edən rəssam bu koloritdə hifz olunan intizarı və gərginliyi yaddaqalan biçimdə əyaniləşdirə bilmişdir.

Azərbaycan rəngkarlığında özünəməxsus koloriti və yaxı manerası ilə seçilən, ən başlıcası isə ideoloji tələblərə qarşı durmağı bacaran Tələt Şıxəliyevin yaratdığı tablolarda isə məişət səhnələrinə belə yüksək poetik münasibət onun əsərlərinin ovqat daşıyıcılığını şərtləndirmişdir. Qeyd etmək lazımdır ki, rəngkarlıqda sarı rəngi yüksək məqama qaldıran Rembrandtdan və onun ən təzadlı məna-məzmun daşıyıcılığını sözlə (“Rənglər” silsiləsi) ifadə edən Rəsul Rzadan sonra Tələt Şıxəliyev bu rəngi yeni, bir qədər də fərqli və təsirli məzmunla təqdim edə bilmişdir.

Müxtəlif janrlı əsərləri 1962-ci ildən sərgi salonlarında yer alan rəssamın 1987-ci ilə qədər davam edən yaradıcılığının sorağı zamanın axarında dünyanın bir çox ölkələrindən gəlmişdir. Bu gün onun əsərlərinin Bakı muzeyləri ilə yanaşı, həm də nüfuzlu Dövlət Tretyakov Qalereyasından və Şərq Xalqları İncəsənəti Muzeyindən (Moskva), eləcə də ABŞ və Avropa ölkələrinin, Asiya və Yaxın Şərqin məşhur kolleksiyalarından gəlməsi də bunun təsdiqidir...

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor