Fəthəli bəy Hali Gəncəvinin şeirlər toplusu çapdan çıxıb
Xalqımızın qəhrəman oğlu Gəncə xanı Cavad xanın qardaşı Fəthəli bəy Hali Gəncəvinin şeirləri çapdan çıxıb.
Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib.
Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.
Fəthəli bəyin əsərlərini institutun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba ön söz yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru Mustafa Mailoğludur.
Fəthəli bəy Cavad xanın ölümündən (1804) sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb. O, 1825-ci ildə Təbrizdə vəfat edib.