Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

322 il əvvəl...

17 yanvar 1700-cü ildə Rusiya çarı I Pyotr ölkə əhalisinin Avropa geyiminə keçməsinə dair fərman verib. Məcburi qaydada həyata keçirilən fərman Rusiyanın avropalaşmasının başlanğıcı idi. I Pyotrun göstərişi ilə boyarların hamısı saqqalını kəsdirməli idi. Buna qarşı çıxanları ağır cəzalar gözləyirdi.

 

300 il əvvəl...

16 yanvar 1732-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Qafqaza nəzarət uğrunda növbəti müharibənin yekunu olaraq Kirmanşah sülh müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə əsasən, Azərbaycanın İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlı imperatorluğunun, Kirmanşah, Ərdəbil və Təbriz bölgələri isə Səfəvi dövlətinin nəzarətinə keçib.

 

221 il əvvəl...

18 yanvar 1801-ci ildə Gürcü knyazlığı (Kartli-Kaxeti) Rusiyaya birləşdirilib. Çar I Pavel bununla bağlı fərman imzalayıb. Rusiya imperiyasının Cənubi Qafqaza yürüşü başlanıb.

 

151 il əvvəl...

18 yanvar 1871-ci ildə Prussiya kansleri (baş naziri) Otto Bismarkın səyləri ilə alman torpaqlarının birləşdirilməsi başa çatıb. Prussiya ətrafında birləşən Almaniya imperiyasının yarandığı rəsmən elan edilib. Prussiya kralı I Vilhelm isə birləşmiş Almaniyanın imperatoru kimi taxta çıxıb. Otto Bismark imperiyanın kansleri olub.

 

102 il əvvəl...

11 yanvar 1920-ci ildə I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) Sülh Konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu. Paris Sülh Konfransının rəsmi qərarı yanvarın 15-də Azərbaycan nümayəndə heyətinə rəsmən təqdim edilib.

 

76 il əvvəl...

18 yanvar 1946-cı ildə Londonda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1-ci sessiyası işə başlayıb. BMT-nin ali qurumu üç il Londonda fəaliyyət göstərmişdi. 1949-cu ildə BMT-nin Baş Məclisi ABŞ-a, Nyu-Yorkdakı indiki binasına köçdü.

 

74 il əvvəl...

12 yanvar 1948-ci ildə ABŞ-ın Ali Məhkəməsi qaradərililərin ağdərililərlə eyni məktəbdə oxumasına icazə verən qərar çıxarıb. Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik rəsmən bu tarixdə ləğv edilsə də, reallıqda 60-cı illərədək davam edib.

 

60 il əvvəl...

15 yanvar 1962-ci ildə Qazaxıstan SSR ərazisində Sovet İttifaqının ən böyük nüvə sınağı meydanı – Semipalatinsk poliqonu istifadəyə verilib. Poliqonda ilk yeraltı partlayış həyata keçirilib. SSRİ-də nüvə silahlanmasına vüsət verilib.

 

35 il əvvəl...

13 yanvar 1987-ci ildə SSRİ Nazirlər Soveti xarici sərmayədarların iştirakı ilə birgə müəssisələr yaratmağa icazə verən qərar qəbul edib. Sovet dövləti qapalı sosialist iqtisadi sisteminin perspektivsizliyini etiraf etməyə məcbur olub.

 

30 il əvvəl...

14 yanvar 1992-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, müstəqil Azərbaycanın imzaladığı ilk diplomatik sənəd idi. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə olmuşdu.

 

15 yanvar 1992-ci ildə Avropa İttifaqı Yuqoslaviya Federasiyasının subyektləri olan Sloveniya və Xorvatiyanın müstəqilliyini tanıyıb. Yuqoslaviyanın parçalanması faktı rəsmiləşib.

Hazırladı: V.Orxan