Azərbaycan

 

14 yanvar 1879 – Tiflisdə “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetinin ilk nömrəsi çapdan çıxıb. Bu, 1877-ci ildə bağlanan “Əkinçi”dən sonra Azərbaycan dilində ikinci qəzet idi. Redaktoru və naşiri Səid Ünsizadə olan həftəlik qəzet 1884-cü ilədək nəşr olundu.

14 yanvar 1923 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 – 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. Akademik Dram Teatrının baş rejissoru olub. “Antoni və Kleopatra” (V.Şekspir, 1965), “Şəhərin yay günləri” (Anar, 1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

14 yanvar 1952 – Məşhur şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 – 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. İstiqlal ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilmiş, 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət etmişdi.

14 yanvar 1982 – Şuşa şəhərində böyük şair Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin açılışı keçirilib. Mərasimlərdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev çıxış edib.

 

15 yanvar 1904 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (1904 – 30.11.1973) Naxçıvanda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə (“Qızmar günəş altında”, “Qaraca qız” (Piri baba), “Görüş) çəkilib. 

15 yanvar 1907 – Aktyor, dramaturq, Əməkdar artist Məcid Baba oğlu Şamxalov (1907-1977) anadan olub. Akademik Dram Teatrında çalışıb. “Qayınana” komediyasının müəllifidir.

15 yanvar 1914 – Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: “Düşmənimin düşməni”, “Cərrahlar” (roman) və s.

15 yanvar 1936 – Yazıçı-publisist, tərcüməçi Vaqif Məmmədyusif oğlu Musa (1936-1996) Quba rayonunun Rustov kəndində anadan olub. “Bəyim çayı boyunca”, “Səhər mehi” və s. romanların müəllifidir.

 

16 yanvar 1905 – Yazıçı Üm-əl-Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905-1994) anadan olub. Neft milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində yazıb: “Qafqaz günləri”, “Sonuncu ümidin çağırışı” və s.

16 yanvar 1944 – Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 – 20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı olub. Deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

 

17 yanvar 1922 – Tağıyev teatrında (indiki Akademik Musiqili Teatr) təmir-bərpadan sonra (bina 1918-ci il hadisələrində yandırılmışdı) Azərbaycan Dövlət Dram Teatrının ilk tamaşası – M.F.Axundzadənin “Hacı Qara” komediyası göstərilib. Təntənəli açılış gecəsində dövlət rəsmiləri (xalq maarif komissarı Dadaş Bünyadzadə) ilə bərabər teatrın binasının keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edib.

17 yanvar 1926 – Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. “Təbrizin baharı”, “Xatirələrimin nəğməsi”, “Dünyamızın sabahı” və s. kitabların müəllifidir.

17 yanvar 1929 – Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından Mirzə Muxtar Məmmədov (1841-1929) vəfat edib. Şuşada doğulub, 1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasının tamaşasına quruluş verib, müxtəlif truppalarda aktyorluq edib.

 

17 yanvar 1942 – Musiqişünas, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Səadət Ağaməmməd qızı Seyidova (1942-2020) Bakıda doğulub.

 

18 yanvar 1925 – Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 – 2.11.1991) anadan olub.

18 yanvar 1927 – Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 – 5.12.1997) anadan olub. Akademik Opera və Balet Teatrında çalışıb.

18 yanvar 1928 – Musiqişünas, sənətşünaslıq doktoru, Əməkdar elm xadimi Ağa Əhməd İsa oğlu İsazadə (1928-2007) anadan olub.

18 yanvar 1941 – Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor, ssenarist Eldar Tofiq oğlu Quliyev (1941 – 16.4.2021) Bakıda doğulub. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi” və s. filmlərə quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

18 yanvar 1983 – Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 27.8.1921 – 1983) vəfat edib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.

18 yanvar 2002 –  Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Cövdət İsmayıl oğlu Hacıyev (18.6.1917 – 2002) vəfat edib. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, Q.Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

 

Dünya

 

14 yanvar 1818 – Görkəmli fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Hersoginya Finlyandskaya”, “Ulduzların uşaqları” və s. romanların müəllifidir.

14 yanvar 1895 – Başqırd ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Babiç (1895-1919) anadan olub.

 

15 yanvar 1622 – Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin; 1622 – 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.

15 yanvar 1850 – Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu; 1850 – 15.6.1889) anadan olub.

15 yanvar 1902 – Türk şairi, dramaturq Nazim Hikmət (1902 – 3.6.1963) anadan olub. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət edib. Məzarı Moskvadadır. Şairin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəlləli iki oğlan” (“Azərbaycanfilm”), “Məhəbbətim, kədərim mənim” (“Mosfilm”) filmləri çəkilib.

 

16 yanvar 1749 – İtalyan şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.

 

17 yanvar 1863 – Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.

17 yanvar 1933 – İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti – Yolanda Christina Gigliotti; 1933-1987) Misirdə doğulub. Fransız və ərəb dillərində populyar mahnılar oxuyub.

 

18 yanvar 1689 – Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.

18 yanvar 1882 – İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.

Hazırladı: Vüqar Orxan