2909 şəhid, 6 nəfər itkin, minlərlə qazi. Bu, ilk baxışda bir statistika təsiri bağışlayır. Ancaq yox, bunların hərəsi bir insan taleyi, yarıda kəsilən ömür yolu, nisgil qaynağı, itirilən fiziki sağlamlıq deməkdir. Ümummilli mənada isə qüruru hüznündən, fəxri acısından ötə...
Ərazi bütövlüyümüzün bərpa olunduğu, milli-tarixi yaddaşımıza əbədi şanlı Zəfər möhürü vurulan 44 günlük II Qarabağ müharibəsi ilk növbədə Vətən oğullarının rəşadətini, fədakarlığını külli-aləmə nümayiş etdirdi. Haqqında söz açacağım şəhid əsgər Vasif Zahid oğlu Nəzərli də onlardan biri. Ömrünün gül açdığı çağda, 20 yaşında şəhadətə yürüyən Vətən fədailərimizdən.
Vasif Nəzərli 2000-ci il martın 4-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Qanlı 20 Yanvarın tələbə şəhidi Habil Əzizovun adını daşıyan Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb. Məktəb illərində çalışqanlığı, zəhmətsevərliyi və tərbiyəsi ilə kollektivin rəğbətini qazanıb. 2017-ci ildə orta təhsilini başa vurub ödənişli əsaslarla ali məktəbə qəbul olunur. Ancaq ailəsinin maddi çətinlikləri üzündən təhsil ala bilmir.
Vasif 2018-ci ildə hərbi xidmətə yollanır. Naxçıvan MR-in çətin relyef şəraiti olan bölgələrində hərbi xidmət keçir. Əsgərlik dövründə də Vasif öz davranışı və məsuliyyəti ilə əsgər yoldaşları və komandirlərinin hörmətini qazanır. Hərbi xidmətini başa vurduqdan sonra Daxili Qoşunlarda işləmək qərarına gələn Vasif bütün fiziki göstəriciləri lazımınca yerinə yetirsə də, boyunun tələb olunan meyardan 1 sm az olması onun bu arzusunun qarşısında əngələ çevrilir. 2020-ci ildə Gəncə şəhərindəki 1 saylı peşə məktəbinin elektrovoz maşinisti ixtisasına qəbul olunur.
Həmin ilin iyul ayında mənfur düşmən dövlət sərhədinin Tovuz rayonu istiqamətində genişmiqyaslı hərbi təxribat törədir. 12 hərbçimiz şəhid olur. Azərbaycan ilk dəfə bir ali rütbəli hərbçisini itirir – general-mayor Polad Həşimov şəhadətə yüksəlir. Generalımızın itkisindən sarsılan yüzlərlə gənc kimi Vasif də ailəsinə xəbər vermədən könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət edir. Lakin cəbhədə atəşkəs elan edilir və Vasif yağıdan qisas almaq üçün təxminən iki ay gözləməli olur...
Vətən müharibəsinin üçüncü günü, sentyabrın 29-u. Vasifin səbirsizliklə gözlədiyi məqam yetişir, ona haqq savaşımızda iştirak etmək üçün çağırış vərəqi gəlir. Vasif də əsir Vətən torpağının azadlığı üçün qanlı döyüşlərə atılır. Mahir pulemyotçu döyüşçü yoldaşları ilə Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının bir sıra kəndlərinin, həmçinin Laçın-Şuşa yolunun işğaldan azad olunmasında igidlik göstərir, neçə-neçə düşmən hərbçisini məhv edir.
Artıq əsas hədəf, ali məram qala-şəhərimiz, mədəniyyət beşiyi Şuşanın düşməndən təmizlənməsi idi. Qəhrəman Ordumuz dünyanın hərb tarixinə yazılacaq Şuşa əməliyyatına başlayır. Şuşa uğrunda döyüşmək, bu müqəddəs torpağa ayaq basmaq cəsur Vasif Nəzərliyə də qismət olur...
Budur, Ali Baş Komandan efir-ekrandan hər an yeni qalibiyyət xəbərləri gözləyən xalqımıza böyük müjdəni verir: “Əziz Şuşa, sən azadsan!”. Milyonlarla soydaşımız sevinc göz yaşları axıdır. Vasif də həmin gün Şuşanın qurtuluşu ilə bağlı əkiz qardaşı Asifə zəng edir, anasına sevincinin həddi-hüdudu olmadığını bildirir.
Mümkünsüzü mümkün edən şanlı Ordumuzsa Şuşanın ətrafını düşmənin tör-töküntülərindən təmizləyir, yeni yaşayış məntəqələrimizin azadlığı üçün əməliyyatları davam etdirir. Vasif Nəzərli noyabrın 9-na keçən gecə – işğalçı Ermənistanın kapitulyasiya aktına imza atmasına bir gün qalmış – Şuşa-Laçın yolunda xain düşmənin gülləsinə tuş gələrək şəhid olur.
Noyabrın 13-də Vurğun qəsəbəsinin sakinləri Ana yurda vurğun cəsur övladını ən qiymətli libasda, üçrəngli bayrağa bükülü, həm də Vətən oğullarının çiynində qarşılayır. 28 il dağlarının dumanı intizarda qalan gözləri də dumana bürüyən Şuşanın səmasını aydınladanlar sırasına adını yazdıran Vasif Nəzərli böyük izdihamla doğulduğu qəsəbədə torpağa tapşırılır.
Vasiflərin qərar tutduğu zirvənin daha bir adı var – ölümsüzlük! Bir şairin yazdığı kimi:
Ömrü iyirminci baharda durdu,
Ömrünə heç xəzan gəlməyəcəkdir.
Vasif şəhidlik zirvəsindədir,
Əbədiyaşardır, ölməyəcəkdir...
Anası Elmira Nəzərova Vasifin adı gələndə həmişə fəxr hissi keçirdiyini deyir: “O, heç bir hərəkəti ilə bizi utandırmayıb. Bacısı, əkiz qardaşı ilə elə davranırdı ki, deyərdin bəlkə ailənin böyük övladıdır. Vasif Vətənimizə çox bağlı idi. İndi əsgər yoldaşları bizə gəlir, onun döyüş yolundan, cəsurluğundan ağızdolusu danışırlar. Mən də oğlumla qürur duyuram”.
Bacısı Elnurə müəllimə bildirir ki, müharibə başlayanda Vasif Bakıda onların evində olub: “Yaydan könüllü yazılmışdı deyə çox narahat idim. Müharibənin ilk günlərində bir sıra kəndlərimiz azad ediləndə o qədər sevinmişdi ki. Son bir neçə ildə onu elə sevincli görməmişdim. Deyirdi məni niyə aparmırlar, Müdafiə Nazirliyinə zəng vuracağam. Sentyabrın 29-da getdi rayona, oradan da müharibəyə. Qardaşım sonuncu dəfə qızımın ad günündə, 29 oktyabrda zəng vurub təbrik etmişdi. Ailədə heç kimə döyüşdüyünü deməmişdi. Bizə Şəmkirdə hərbi hissədə olduğunu bildirirdi. Sonra şəhid xəbərini aldıq... Bütün şəhidlərimizin ruhu şad olsun”.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vasif Nəzərli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Hazırda Vurğun qəsəbəsində ailəsinin yaşadığı küçəyə Vasifin adı verilib. Şəhid qəhrəmanın adı həm də təhsil aldığı məktəbin və Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin bir sinif otağında yaşadılır.
Vəsfə layiq döyüş yolu keçən, yeni nəsillər üçün gerçək örnək olan Vasif Nəzərlilərin xatirəsi həmişə uca tutulacaq.
Fariz Yunisli