Mürəkkəb həyat materiallarını sənətə gətirmək, qeyri-normal hadisələri baməzə şəkildə (məntiqli formada) gülüş hədəfinə çevirmək, səhnədə təhlil etmək yaradıcılıq təxəyyülündən əlavə intuisiya, istedad, böyük zəhmət və bacarıq tələb edir. Əməkdar artist, tanınmış aktrisa Nəcibə Behbudova da uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsindən çoxsaylı tamaşaçısına ictimai həyatın qaynağından yararlandığı hadisələri məntiqli formada, özünəməxsus ştrixlərlə çatdırdı, güldürdükcə düşündürdü...
Ətraf mühitə rəng qatan, işıqlandıran incəsənət aləmini ucu-bucağı görünməyən ümmana bənzətmək olar. Hər bir istedad sahibi öz gəlişi ilə sənət dəryasını bir qədər zənginləşdirir. Nəcibə Behbudova da teatral rolları, kino obrazları fonunda fərdi bacarığını təsdiqləməyə, maraqlı, məzmunlu yaradıcılığı ilə qəlblərdə iz salmağa müvəffəq oldu, düşüncələrdə, qəlblərdə yaşadı. Həyatı bildiyi qədərilə sənətə gətirən, irili-xırdalı rollarda sənət meyarını, bilik və bacarığını sübut edən aktrisanın anadan olmasının 107-ci ildönümündə (1914-1999) ömür yoluna, sənət dünyasına nəzər salırıq.
Sənət sevgisinin qaynağı
Öz dövrünün müəyyən qadağalarına görə ailələrdə qızların sənətə gəlmələrinə icazə verilmədiyini nəzərə alaraq Nəcibə xanımı Behbudovlar ailəsində doğulduğu üçün xoşbəxt adlandırmaq olar. 1914-cü ilin 6 yanvar tarixində Tiflisdə dünyaya gələn, əslən qarabağlı olan Nəcibə Behbudovanın atası Məcid Behbudov məhşur xanəndə kimi tanınıb, anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub olub və müəllimə işləyib. Ailələrində 3 uşaq böyüyüb. Böyük övlad Ənvər Behbudov, ortancıl Nəcibə Behbudova, evin kiçiyi isə Rəşid Behbudov olub. Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun bacısı olduğunu, xanəndə ailəsində doğulduğunu bilmək kifayət edir ki, gələcəyin tanınmış aktrisasının sənət sevgisinin qaynağı bəlli olsun.
Altı yaşında Tiflisdəki əmək məktəbinə gedən Nəcibə Behbudova orta məktəbdə oxuduğu illərdə Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərində çıxış edib. Məktəbi bitirdikdən sonra (1931) Bakıya gəlib, burda Hidrologiya Texnikumuna daxil olub. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında peşəkar vokal sənətimizin banisi, professor Bülbülün sinfinə gedib, vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib, konsertlərdə müğənni kimi çıxış edib.
1933-cü ildə Tiflisə qayıdan Nəcibə xanım Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Dövlət Teatrının truppasına daxil olub, burada iki il fəaliyyət göstərib. Bir müddət Gürcüstanın Adıgün rayonundakı Kolxoz teatrında çalışıb, sonra yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdə teatrda aktrisa kimi çalışıb, həmçinin bir sıra mədəni-maarif müəssisələrində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində fəaliyyət göstərib. 1947-ci ildə Tiflis Azərbaycan Dövlət Teatrı bağlandığından Bakıya gəlib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib, ömrünün sonuna kimi burda çalışıb. Teatr sənətində göstərdiyi xidmətlərə görə 1974-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Kinoda sevilmək
Musiqili Komediya Teatrının bünövrəsini qoyanlardan Xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev və digər sənətkarlarla çiyin-çiyinə çalışan, teatrın aparıcı aktrisası kimi məşhurlaşan Nəcibə xanım “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan bir neçə filmdə oynadığı rolları ilə də sənətsevərlərin rəğbətini qazanıb. “Bəyin oğurlanması” kinokomediyasında Bibixanım, “Sahilsiz gecə” kinodramında Ağabacı, “Ulduz” kinokomediyasında Tamam və başqa rolları aktrisanın yaradıcılıq potensialını bir daha təsdiqlədi. Yaradıcılıq plastikası zəngin, fərqli dəst-xətti olan aktrisaya, təəssüflər olsun ki, kinoda irihəcmli rollar həvalə edilmədi. Bununla belə Nəcibə xanım özünəməxsus üslubda yaratdığı müxtəlif xarakterli ekran personajlarını kinosevərlərə tanıtmağa, yaradıcılığı fonunda filmlərin uğuruna təkan verməyə müvəffəq oldu. Aktrisanın tamaşaçılara doğmalaşdırdığı ekran rollarının, təvazökar yaradıcılığının uğuru, məslək sirri haqqında bilgiləri ətraflı şəkildə həmkarlarının xatirələrindən öyrənək.
Xatirələrdə yaşamaq
Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov: “Nəcibə xanımı bir aktrisa kimi yaxşı tanısam da, təəssüflər olsun ki, onu bir filmdə çəkmişəm. Mərhum rejissor, aktyor Ceyhun Mirzəyevin çəkdiyi “Fəryad” filmində erməni qadın rolunda. Filmin çəkilişləri zamanı onunla çox yaxşı münasibətlərimiz quruldu. Hərdən çəkilişdən əvvəl mənə lazım olan qeydlərimi edəndə Nəcibə xanımı nəzərə alırdım və düşünürdüm ki, yaşlı olduğu üçün onu çox incitməyim. O, bunu başa düşürdü və belə anlarda mənə yaxınlaşıb deyirdi ki, “Kənan oğlum, narahat olma, lazımdırsa mən çəkildiyim mizanı bir də təkrarlayım, həmin səhnəni bir də oynayım. Mənim üçün narahat olma. Əsas rolun yaxşı alınmasıdır...”.
İşə həmişə böyük məsuliyyətlə yanaşırdı. Əgər onun çəkiliş vaxtı saat 2-də olacaqdısa, çəkiliş meydançasına səhər tezdən gəlirdi, qrimlənirdi və çəkilməyini gözləyirdi.
Nəcibə xanımın öz plastikası vardı. Kamera qarşısında olduqca sərbəst idi. Personajın hərəkət və jestlərini dəqiq çatdırır, hiss edirdi ki, hansı məqamda hansı hərəkəti etməlidir. “Fəryad” filmində belə bir səhnə var ki, vəziyyətə uyğun olaraq evdəkilər hamısı zirzəmiyə qaçırlar. Həmin zirzəmi dekorasiya idi. Ora qalxıb enmək üçün uzun bir pilləkən qoyulmuşdu. Nəcibə xanım əvvəlcə pilləkəni çevik qalxıb-düşürdü. Filmin sonunda isə hiss olunur ki, artıq o, yorulub. Plastik nöqteyi-nəzərdən mizanı dəqiq göstərərək obrazın hadisələrə uyğun mövqeyini olduqca inandırıcı yaratmışdı. Mən hər dəfə sözügedən epizoda baxanda həmin məqamları xatırlayıram və Nəcibə xanımın rolu məhz bu tərzdə oynamasını bəyənirəm. Təəssüflər olsun ki, böyük istedadına rəğmən Azərbaycan kinosunda az çəkildi, filmlərdə baş və aparıcı rollar yaratmadı. Amma oynadığı az ekran personajları ilə belə istedadlı aktrisa kimi yaradıcılığını təsdiqlədi.
Onu da əlavə edim ki, Behbudovlar ailəsinin qayınatam tərəfdən qohumluqları çatırdı. Nəcibə xanım bir qohum kimi həmişə xeyirdə-şərdə iştirak edirdi, onlara gedib-gəlirdi. Mehriban, ünsiyyətcil xanım, gözəl insan, həm də peşəkar aktrisa idi...”.
Əməkdar mədəniyyət işçisi, film direktoru Nadir Əliyev: “Nəcibə xanımla “Bəyin oğurlanması” filmində işləmişik. Çox sadə, ünsiyyətcil qadın idi. Baxmayaraq ki, uzun illər Musiqili Komediya Teatrının aparıcı aktrisalarından olmuşdu, amma yenə də hər çəkilişdə həyəcanlanırdı. Çalışırdı ki, çəkildiyi hər epizodda özünü göstərsin. Bunu da zəngin plastikasına, sənət duyumuna əsasən bacarırdı. Bibixanım rolunu elə real oynayırdı elə bilirdin ki, sənin doğma xalandı, bibindi.
Çəkiliş zamanı bəzən fasilə olurdu, belə olan halda Nəcibə xanımla söhbət edirdik, hər dəfə sadəliyinin, səmimiliyinin şahidi olurdum. Özünü bir ana, xala qədər bizə o qədər istətmişdi ki, istər-istəməz onunla söhbət edəndə rahat olurduq. Sadəliyi qədər də məğrur bir qadın idi.
Nəcibə xanım sənət bilgisindən və rolunu dərindən duymasından irəli gələn səbəblərdən personajını ən incə ştrixlərlə yadda saxlamağı bacarırdı. Bu kimi xüsusiyyət özü sənət sevgisidir, yaradıcılığa, ümumilikdə filmə uğur qazandıran amildir. Onu da qeyd edim ki, Nəcibə xanımın oğlu Cəfər Behbudovun ifası da filmin uğuruna uğur qatıb. Filmdə səslənən “Axşamüstü” mahnısı tamaşaçılar tərəfindən sevilən, sonra isə fərdi repertuarlara köçən mahnılardandır.
Ümumiyyətlə, Emin Sabitoğlu film üçün çox gözəl mahnılar və musiqi parçaları yazmışdı. Yadımdadı, filmin musiqilərini “Mosfilm” Kinostudiyasının səsyazma studiyasında yazdırırdıq. Emin müəllimlə oturub səs yazılışlarını izləyirdik. Mən işimlə bağlı bir neçə dəqiqəlik dəhlizə çıxmalı oldum. Qayıdanda “Mosfilm”in işçilərinin studiyanın qapısının ağzına toplaşıb mahnıları dinlədiklərini gördüm. Bu səhnə mənə “Bəxtiyar” filmindəki məşhur kadrları xatırlatdı. Göründüyü kimi, filmin uğurunda Behbudovlar ailəsinin də rolu böyükdür”.
Əməkdar mədəniyyət işçisi, film direktoru Akif Rüstəmov: “Nəcibə xanımla “Təxribat” filmində çalışmışam. Həmin filmin ikinci rejissoru (Süleyman Əhmədovla birgə) kimi çalışırdım. Hazırlıq işlərinə baxırdım və çəkilişlərə nəzarət edirdim. Nəcibə xanım filmdə qonşu qadın roluna çəkilirdi. Çox ciddi xanım idi. Çəkilişə gələndə kənarda oturub roluna hazırlaşırdı, sonra da oturub gözləyirdi ki, onu nə vaxt çəkəcəklər. Çəkilib qurtarandan sonra da həmişə nigaran qalırdı. Rejissor Eldar Quliyevə deyirdi ki, istəyirsinizsə bir dubl da çəkin, birdən kadr xoşunuza gəlməz. Eldar müəllim həmişə ondan razı qalırdı.
Baxmayaraq ki, görkəmli sənətkar Rəşid Behbudovun bacısı idi. Heç vaxt onun şöhrətindən istifadə etmirdi. Deyəndə ki, Nəcibə xanım arxanızca maşın göndərək, razı olmurdu. Çox sadə, səmimi qadın idi. Hər çəkilişə gələndə konfet və yaxud şirniyyat gətirirdi, deyirdi, uşaqlara ver çayla içsinlər. Gözəl insan, təvazökar xanım idi. Onu həmişə dərin hörmətlə xatırlayıram. Allah ona rəhmət eləsin...”.
Şəhla Əmi̇rli̇
kinoşünas