İstanbulda tamaşa

 

İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərə həsr olunan “Qızıl alma – Şuşanın oyanışı” tamaşası nümayiş etdirilib. Gültəpə Mədəniyyət Mərkəzində (İstanbulun Kağıthanə rayonu) təqdim olunan tamaşa “Umut oyunçuları” teatrı tərəfindən ərsəyə gəlib.

Səhnə əsəri barədə məlumat verən “Umut oyunçuları”nın koordinatoru Ayhan Ünlü iki il əvvəl İstanbulun Kağıthanə Bələdiyyəsinin dəstəyi ilə eyni səhnədə Xocalı soyqırımına həsr olunan tamaşanın nümayiş etdirildiyini xatırladıb: “Türkiyənin də mənəvi dəstəyi ilə Azərbaycanın Şuşanı işğaldan azad etməsini bir daha qeyd etmək üçün belə bir layihəyə imza atdıq. Səhnə əsərində yer alan aktyorlardan dördü Türkiyədə televiziya seriallarında rol alan və tamaşaçı tərəfindən tanınan şəxslərdir. Digərləri də teatrımızın aktyorlarıdır. Bu cür layihələrin bundan sonra da davamının gələcəyinə inanıram. Qismət olsa, tamaşamızı Azərbaycanda da nümayiş etdirməyi düşünürük”.

Səhnə əsərinin prodüseri Ayhan Ünlü, ssenari müəllifi Sevinc Mehrəliyeva, rejissorları Ümit Anaç və Şahin Deyirmenci, bədii rəssamı Ülkər Əbülfət, geyim rəssamı Taha Yasin Ünlüdür. “Oğuzlar üçün, hansı tərəfə gedərlərsə-getsinlər, Zəfər əldə edilmədən əvvəl Qızıl almadır” şüarı ilə baş tutan tamaşada Azərbaycan musiqilərindən istifadə olunub.

Rolları Ümit Anaç, Fatma Ayaz, Dilfuza Yorova, Emrehan Yavuz, Tülay Kurt, Sedat Ustaoğlu və Gökcan Yılmaz ifa ediblər.