70 yaş qocalığın gəncliyidir...

 

Həsən Xasiyev həssas qəlbə, kövrək ürəyə, romantik duyğuya, güclü müşahidə qabiliyyətinə malik istedadlı şair-publisistdir. Gözəllik, həqiqət, təbiilik və səmimiyyət onun üçün meyardır, həyat kredosudur. Müxtəlif auditoriyalarda, məclislərdə, mətbuat səhifələrində, efirdə hər zaman dəyərli sözləri, fikir-mükalimələri ilə diqqət çəkir. Dövr, zəmanə, mühit, həyatda baş verən “qabarma” və “çəkilmə”lər ona öz təsirini göstərə bilmir. Buna görə də cəsarətlə deyə bilərəm ki, Həsən müəllimin şəxsiyyətində nümunə ola biləcək xeyli gözəl xüsusiyyətlər cəmləşmişdir. Bunlar haradan qaynaqlanır?

Gözəlliyə vurğunluq, heyranlıq hissi onu qəzetdə müxbir, radioda redaktor, muzeydə elmi işçi işləyəndən, daha dəqiq desək, gənclik illərindən müşayiət edir. Gözəlliklə ülfət, ünsiyyət onu saflaşdırıb, nəcibləşdirib, zövqünü formalaşdırıb, gözəl düşünməyə və gözəl yazmağa sövq edib.

Müdrik bir deyim var: “İnsanın adı onun məzmununu ifadə edir”. Həsən adının mənası ərəbcə “gözəl”, “yaraşıqlı” deməkdir. Və o, bunu əməli işləri ilə sübut edən şəxslərdən birisidir. Həsən müəllim istedadlı qələm sahibi kimi gözəlliyə vurğun adamdır. Şairlərin gözəllik aşiqliyi hamıya gün kimi aydındır. Onların tanrısı gözəllikdir, sevgidir. Görürsən ki, gözəlliyə baxanda hər şeyi unudur, diqqəti yalnız onun seyrinə yönəlir, ətrafında baş verənlərə, ona dəyib toxunanlara əhəmiyyət vermir, çünki gözəlliklə üz-üzə, göz-gözədirlər...

Həsən müəllimin bu haqda maraqlı fikri var. Deyir ki, ulu Yaradan gözəlləri şairlər üçün yaradıb. Odur ki, mübarək qələmi ilə ilham pərilərinə olan borcundan çıxmağa çalışır. Axı, gözəlliyi görüb dəyərləndirmək Allah vergisidir.

Şair Həsən Xasiyev də təbiətin estetikasına, gözəllik fəlsəfəsinə dərindən bələd olduğundan, hikmətli sözü öz mənbəyini saflıqdan götürdüyündən dünyaya və insanlara da bu meyarla baxır. Onu çətin anlarda, dar məqamlarda Dostoyevskinin təbirincə desək, gözəllik xilas edib. Çexovun “insanın hər şeyi – üzü, sözü, geyimi gözəl olmalıdır” fikrinə istinad edərək yaşayır.

Həsən müəllim elinin, doğulduğu məkanın, ata ocağının, gözəl Qusar torpağının, Azərbaycanın vurğunudur. Başı Şahdağ kimi uca, qəlbi Samurtək coşqun, əli qələmli, ayağı oynaq “Ləzginka”lı yazardır. Mən həm də Həsəni, sözün həqiqi mənasında, ürəyi Vətənə sığmayan ziyalı adlandırardım. Bunun bünövrəsində yenə də Azərbaycan torpağına vurğunluq, heyranlıq hissi dayanır.

Doğulduğu Qusarın nəyi varsa əsrarəngizdir. Havası da, suyu da, təbiəti də, adamları da, qışı, yazı, yayı, payızı da. Burada möhtərəm Prezidentimiz İlham Əliyevin sözlərini xatırlamağın yeridir: “Qusarın çox gözəl, füsunkar təbiəti, çox gözəl iqlimi, gözəl insanları var...”.

Həsən Xasiyevin “Gözəlliklər məskəni”, “Gözəl insan”, “Yazar”, “Gördüm səni”, “Vuruldum” bu və başqa şeirlərini “Gözəlləmələr” adlandırmaq daha doğru olardı.

Qusar onun üçün təkcə yaşayış, yurd yeri deyil. Ruhuna, könlünə, hisslərinə yaxın məbədgahdır. Burda Həsən müəllim sanki özünü nağıllar, möcüzələr aləmində hiss edir, rahatlanır, duyğulanır, ilhamlanır. Və əsrlərin o tayındakı ulu əcdadların səsini eşidir, onlarla söhbətləşir, keçmişlə bu günün vəhdətini, sintezini, körpüsünü görür, sələflərdən xələflərə ötürülən şanlı estafetini qəbul edir, üzərinə düşən müqəddəs vəzifələri düşünür, daşınır.

Harada çalışmasından, hansı vəzifəni daşımasından asılı olmayaraq heç vaxt qələmindən ayrılmamış, sözə yaxın olmuşdur. Gördüklərini, müşahidə etdiklərini poeziya süzgəcindən keçirərək bədii həqiqətə çevirmişdir.

“Şair sözə dəyər verməlidir”, – deyir Həsən müəllim: “Bacarmırsa qələmini atmalıdır.

Əsl şair insanların ürəyindəkilərini, demədiklərini və ya deyə bilmədiklərini deyə bilməli,  qələmə almalıdır. Göydən enən sözə xəyanət Allaha xəyanətdir. Vətənə, xalqa dönüklük də burdan başlanır. Sözü urvatdan, şeiri şahlıqdan, kitabı taxtdan salanı, qardaşım olsa da, bağışlamaram. Özündə ziya ehtiva edən, nüvəsində işıq olan poeziya daim mənimlədir. Hətta bir vaxt dünyamı dəyişsəm belə, yer-göy arasında dolaşacaq ruhumu poeziyadan qoparmaq mümkün olmayacaq”.

Doğru da söyləyir. Axı o, Nuh əyyamından qalma ruh adamıdır, insanlığını qoruyub saxlamış köhnə kişilərdəndir. Zənnimcə, bu, maddiyyatla yox, mənəviyyatla yaşayan şairin səmimi ürək sözləridir.

Həsən Xasiyev poeziyasının özəlliyi nədədir?

Şeirləri ahəngdardır, cazibədardır, başa düşüləndir. Qətiyyətlə söyləyə bilərəm ki, illər keçsə də, dəyəri azalmayacaq, çünki əzəli, əbədi, milli və bəşəri mövzulara müraciət etdiyindən, təzə, orijinal deyimə, özünəməxsus yola, üsluba, dəst-xəttə malik olduğundan sağlığında yazdıqları çoxunun ürəyinə yol  tapıb ki, bu da hər yazara nəsib olan məsələ deyil.

Gah qalxdım dağlara, gah endim düzə,
Yetmiş yaş dayanıb indi göz-gözə.
İnşallah, çataram bir zaman yüzə,
Ümid də gözəldir, güman da gözəl.

Dəyərli sözlərdir. Arzumuz isə ad günlərinizdə, yubileylərinizdə sizi təbrik edib, təzə şeirlərinizi alqışlamaqdır, Həsən müəllim!

70 misralıq başqa gözəl bir şeiriniz də var: “Yaşadım”.

Sənət məbədini sözlə hörmüşəm,
Xiridar kəsləri razı görmüşəm.
Siz deyin, ömrümü necə sürmüşəm?
Xalqımdan öyrənə, bilə yaşadım,
Mən belə yaşadım, belə yaşadım.

Xalqın bir nümayəndəsi və şairi kimi sualınızı cavablandırım.

Siz iki əsrdə (XX-XXI), iki quruluşda (sosializm, kapitalizm), iki dövlətdə (SSRİ və Azərbaycan), iki rejimdə (partokratiya və demokratiya), iki dost və qardaş xalqlar arasında (Azərbaycan və ləzgi), bir amalla – Vətənə, dövlətə, ədəbiyyata sədaqətlə xidmət etməklə, şair-tərcüməçi, yazıçı-publisist kimi dünyanın ləzzətli çağlarında, köhnə, mərd kişilərin, gözəl insanların əhatəsində, zəngin, mənalı və sanballı bir ömür yaşamısınız.

70 yaşınız mübarək, Həsən müəllim! Fəxr edirik ki, başınız uca, üzünüz ağdır. Gördüyünüz xeyirxah işlərə görə ürəyimiz iftixar hissi ilə döyünür. Yaşamağa haqqınız var, çünki yaşamağı bacarırsınız. Çünki yaşadırsınız, yaradırsınız, çünki gözəl kitablarınızda həyat nəfəsi, yaşamaq həvəsi və əzmi var.

Deyirlər ki, 70 yaş qocalığın gəncliyidir. Sağ olun ki, siz ömrünüzün kamillik çağlarını yaşaya-yaşaya bu gün də əldə qələm gənclik eşqiylə, yorulmaq bilmədən çalışır və mənəvi dünyamızı gözəlləşdirirsiniz. Sizə cansağlığı, uğurlar və fərəhli günlər arzusuyla…

Cabir Albantürk
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist