Tanınmış bəstəkar, Xalq artisti, professor Azər Dadaşov dahi bəstəkar, geniş tələbə nəsli yetişdirən böyük pedaqoq Qara Qarayevin tələbəsi olub.

Onun musiqisinə rəngarənglik  və çoxşaxəli janr dairəsi xasdır. 15 simfoniya, müxtəlif səpkili simfonik, vokal-simfonik, musiqili-səhnə əsərləri, 20-dən çox filmə yazılmış musiqi, kamera-instrumental və kamera-vokal, fortepiano və müxtəlif alətlər, o cümlədən xalq çalğı alətləri orkestri üçün əsərlərin müəllifidir. Bəstəkarın musiqisi nüfuzlu orkestrlər tərəfindən ifa olunub.

Ötən ilin dekabrında Azər Dadaşovun 75 illik yubileyi ilə bağlı silsilə təbdirlər keçirildi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA), Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunan konsertlərdə bəstəkarın kamera-instrumental, vokal və xor əsərləri təqdim edildi. BMA-da keçirilən tədbirdə Azər Dadaşovun yeni nəşr olunmuş fortepiano üçün “Lirik pyeslər” silsiləsinin təqdimatı da oldu.

Bəstəkarın 75 illik və Ü.Hacıbəyli adına BMA-nın 100 illik yubileyləri çərçivəsində pianoçuların “Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı” V Beynəlxalq müsabiqəsi keçirildi.

Müsabiqənin altı ölkədən – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və İrandan iştirakçıları vardı. Qaliblərdən ikisi BMA-nın nəzdində məktəb-studiyanın məzunları idi: Nərgiz Kəngərli və Nuranə Zeynalova.

Azər Dadaşovun yubileyi münasibətilə daha bir tədbir 14 yanvarda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirildi. Tədbirdə əvvəlcə Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Hümbətov nazir Anar Kərimovun yubilyara təbrik məktubunu oxudu.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Mustafa Mehmandarov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) çıxış etdiyi konsertin solistləri beynəlxalq müsabiqələr laureatları, pianoçular Nuranə Zeynalova və Nərgiz Kəngərli, vokalçı Sübhan Rüstəmov idi. Qeyd edək ki, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının məzunu olan hər iki pianoçu ifaçılıqla yanaşı məktəb-studiyada pedaqoji fəaliyyət də göstərirlər.

Konsertin proqramına bəstəkarın yeni əsərləri daxil edilmişdi: 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər çələngi”, “Şuşa” simfoniyası, fortepiano və simfonik orkestr üçün ümummilli lider Heydər Əliyevə ithaf “Poema” (solist – Nuranə Zeynalova), 2 saylı fortepiano və orkestr üçün konsert (solist – Nərgiz Kəngərli).

Konsertdə Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor kapellasının ifasında qarışıq xor və böyük simfonik orkestr üçün “Vətənim Azərbaycan” 4 hissəli kantatası da təqdim olundu (xormeyster – Əməkdar artist Yulizana Kuxmazova, solist – Sübhan Rüstəmov).

İfa olunan əsərlərin əksəriyyəti Vətənə, Zəfərə, yurdumuza həsr olunmuşdu. Təntənəli, cəngi xarakterli musiqi, müharibədə itkilərimizin ifadəsi olan qüssəli ab-hava və lirik mövzular bir-birini əvəz edirdi. Göz önündə maraqlı obrazlar yaranırdı, milliliklə müasirliyin vəhdəti nəzərə çarpırdı.

Caz üslubunda yazılan fortepiano üçün 2 saylı konsert də maraqlı tapıntılarla zəngin idi. Burada caz üçün səciyyəvi olan ritm-intonasiyalar duyulurdu. Üçhissəli konsert texniki cəhətdən mürəkkəb əsərdir, lakin ifaçı onun öhdəsindən məharətlə gəldi.

İlk dəfə bu konsertdə səslənən “Şuşa” simfoniyasında qarşımızda Qarabağımız haqqında çoxhissəli sənət əsəri vərəqləndiyini gördük. Təbiət səhnələri, Cıdır düzündəki atların qaçışı, çobanların tütəklərinin səsi məharətlə musiqi dili ilə çatdırıldı.

Ulu öndərə lirik-patriotik ithaf da özünəməxsus musiqi dili ilə fərqlənirdi. Milli çalarlarla zəngin incə melodiya getdikcə dramatikləşir, rəqsvarı elementlər üzərində qurulan mövzu ilə qarşılıqlı inkişaf edir və əsər təntənəli surətdə tamamlanır.

“Vətənim Azərbaycan” kantatası bayram ab-havalı yubiley konsertini təntənəli, yüksək əhval-ruhiyyədə bitirdi.

Təqdim olunan bütün əsərlər həm janr, həm də obraz baxımından rəngarəng idi, ifaçılar isə öz növbəsində professional şəkildə onları təqdim edə bildilər.

Həmin axşam yenə Azər Dadaşovun musiqisinin işığına yığışmışdıq. Güman edirəm ki, bu işığı duyan hər kəs konsertdən zövq aldı...

Aytən İbrahimova
sənətşünaslıq üzrə fəlsəfə doktoru