Yanvarın 15-də Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və “Cavad xan” Tarix-Mədəniyyət Fondunun təşkilatçılığı ilə Gəncədə Cavad xanın anım günü keçirilib. 1804-cü il yanvarın 4-nə keçən gecə çar Rusiyasının işğalçı qoşunları ilə döyüşdə həlak olan Cavad xan Ziyadoğlu 18 il Gəncə xanlığına rəhbərlik edib. Onun doğma yurd uğrunda şəhidliyi nəsillərə örnək bir tarixdir.
Mərasim iştirakçıları Cavad xanın məqbərəsini ziyarət ediblər. Cavad xanın ruhuna dualar oxunub.
Sonra Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin “Cavad xan” əsərinin tamaşasına baxış olub.
Nümayişdən öncə çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tamaşanın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşasına görə ölkə başçısına minnətdarlıq ifadə olunub.
Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, “Cavad xan” Tarix-Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov və başqaları çıxış edərək Cavad xanın qəhrəmanlığı, onun Gəncənin tarixindəki silinməz izindən söz açıblar.
Sonra tamaşa göstərilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Nişanə Qurbanovadır. Cavad xan rolunda Əməkdar artist Elxan Yunis çıxış edib.
Qeyd edək ki, böyük maraqla qarşılanan tamaşanın premyerası bu yaxınlarda keçiriləcək.