20 Yanvarda şəhadət yoluna “Qarabağ!” deyə çıxanların ruhu şaddır
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Dilimizdə, dini-mənəvi dəyərlər sistemimizdə yüzilliklər öncədən olsa da, etiraf edək ki, şəhidliyin uca anlamı, torpaq, Vətən uğrunda şəhadətin dərin mənası bizim üçün ən yaxın tariximizdə, bugünkü orta və yaşlı nəslin gözü qarşısında baş verən 20 Yanvarda agah və ayin oldu. O gecə güllə yağışında torpağa düşənlər sayəsində torpağın necə Vətən olduğunu bəlkə də çoxumuz ilk dəfə yəqin etdik...
Xalq şairi Bəxtiyar Vahabzadənin həzin, duyğulu misralarında da vurğulandığı kimi, onlar şəhid olarkən, gözləri sabaha dikilmişdi. Gözləri arxada qalmışdı, bu ölkə, vətən – Azərbaycan necə olacaq deyə...
Həmin gecə Bakıda güllə yağışına tutulan xalq doğma torpağını, milli heysiyyətini, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qorumaq istəyirdi. “Azadlıq!” hayqıran xalq ondan iki il öncə “Qarabağ bizimdir – bizim olacaq!” şüarı ilə meydana çıxmışdı. Həmin iki ildə Qarabağ dərdinə əlac tapılmadığı üçün, yerli (respublika) və mərkəzi hakimiyyət Ermənistandakı dədə-baba yurdlarından qovulan, Qarabağdakı əzəli torpağına əl uzanan xalqın haqq çağırışına biganə qaldığı üçün bu xalqın yolu 20 Yanvara gəlib çıxdı...
1990-cı il yanvarın 20-nə keçən gecə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına etiraz edən, Azərbaycanın suveren hüquqlarının müdafiəsinə qalxan xalqımıza qarşı sovet hərb maşını qətliam törətdi. Bu qırğın Azərbaycan xalqını qorxutmaq, sındırmaq, onun milli oyanışını, Vətən torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. Amma xalqımız həmin faciənin ağırlığı altında sınmadı, milli qürurunu itirmədi. Bakı küçələrini boyamış şəhid qanları milli məfkurəmizin oyanan günəşinin al şəfəqinə çevrildi. 20 Yanvar Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin sübutu idi. Müstəqil Azərbaycan onun suverenliyi uğrunda canından keçənlərin xatirəsinə ən böyük abidə oldu...
1990-cı ilin o yanvar gecəsi qanına qəltan edilənlərin gözləri arxada qalmışdı. Bu şəhadət yoluna çıxarkən hayqırdıqları “Qarabağ” necə oldu deyə... Tam otuz il sürdü bu nigarançılıq. 2020-ci ilin 44 günü otuz ilin şəhid ruhlarının nigarançılığına da, Qarabağ həsrətinə də son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun gerçəyə çevirdiyi “Qarabağ Azərbaycandır” nidası, ərazi bütövlüyümüz ilə bərabər, otuz il öncəki yanvar gecəsinə aparan yolun şüarını da tamamladı...
20 Yanvar Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan tarix səhifəsidir. Bu günü ilk ildönümündən başlayaq hüzn və qürur günü kimi qeyd etmişik. Amma 2020-ci ilin tarixi Zəfərindən sonra bu sırada qürur hüzndən önə keçdi...
Artıq ikinci ildir bu günü Zəfər ruhunda qeyd edirik. Vətən torpağı şəhidləri ilə ucalır. Xalqımız qəhrəman övladlarının şəhidlik zirvəsinə baxıb başını dik tutsun. Çünki Vətənin uğrunda özünü fəda edən bütün övladlarının, 1990-cı ilin yanvar gecəsi torpağa düşənlərin də ruhu şaddır...
Vüqar Orxan