72-ci “Berlinale”
Fevralın 10-dan 20-dək Almaniya paytaxtında 72-ci “Berlinale” Beynəlxalq Film Festivalı keçiriləcək. Festivalın əsas proqramına 27 tammetrajlı film (16 bədii, 11 sənədli), “Forum Special” proqramına isə daha 14 tammetrajlı və qısametrajlı film daxildir.
Təşkilatçıların bildirdiyinə görə, “Berlinale” Beynəlxalq Film Festivalı koronavirus məhdudiyyətləri nəzərə alınmaqla adi formatda keçiriləcək.
Kinofestivalın saytında məlumat verilir ki, pandemiya ilə əlaqədar “Berlinale” formatını və konsepsiyasını dəyişib. Festival fevralın 10-da “Berlinale Palas”da ənənəvi mərasimlə (qırmızı xalı üzərindən keçid) açılacaq. Açılış mərasimindən sonra fevralın 16-dək müsabiqə xarakterli filmlərin nümayişi keçiriləcək.
“Qızıl ayı” və “Gümüş ayı” mükafatları, həmçinin ən yaxşı tammetrajlı filmə görə GWFF mükafatı və “Berlinale”nin ən yaxşı sənədli film mükafatlarının təqdimetmə mərasimi fevralın 16-da olacaq.
Bundan sonra isə fevralın 20-dək bütün “Berlinale” kinoteatrlarında festivalın filmlərinin təkrar nümayişi təşkil olunacaq. Pandemiya şərtlərinə görə “Berlinale” kinoteatrlarının tutumu kəskin şəkildə – 50 faizə qədər azaldılıb.